Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Qarabağ danışıqları dayandırıla bilər, müharibə riski qapıda

Qarabağ danışıqları dayandırıla bilər, müharibə riski qapıda

Görünür, cəbhə bölgəsində apreldəkindən də şiddətli toqquşmalar baş verməlidir ki, həmsədrlər Ermənistanı sülhə məcbur etsinlər

“Aprel müharibəsi”ndən sonra kifayət qədər fəallaşan ATƏT-in Minsk Qrupunun həmsədrləri və Qarabağ məsələsinin həllinə həmişəkindən diqqət ayırmağa başlayan aparıcı dünya dövlətləri son zamanlar yenə də kənara çəkiliblər. 
 
Bir ara prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərindən sonra sayca üçüncü görüşünün keçiriləcəyi yerlə bağlı da müzakirələr aparıldığı halda, son zamanlar» ümumiyyətlə, danışıqların növbəti raundu xatırlanmır ki, bu da suallar doğurur. Düzdür, cəbhədə ara-sıra atışmalar baş verir və ağır silahlar işə salınmayıb. Ancaq status-kvonun saxlanmasının təhlükəli olduğunu elə apreldəki gərgin döyüşlər də sübut etdi. Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi üçün işğalçıya zaman verilməsi qəbulolunan deyil. Üstəlik, son zamanlar münaqişənin həlli ilə bağlı yeni bir tezis də davamlı şəkildə vurğulanır ki, bu da Azərbaycanı razı sala bilməz.
 
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ideal həlli yolu qalib və məğlubun olmamasıdır. Bunu ”İnterfax”a müsahibəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. 
(“Report”).  Diplomat deyib ki, ABŞ üçün ideal həll yolu Rusiya və Fransa tərəfinin də hesab etdiyi ssenaridir. “Sülh yolu ilə nizamlanmaya gəlmə cəhdləri çox uzun çəkir və xeyli güc aparır. Münaqişə olduqca uzun vaxtdır ki, davam edir, 20 il ərzində həddindən artıq insan həlak olub. Amma bu münaqişə nizamlana bilər. Bizdə nizamlanmanın şərtləri var, onlar hamıya məlumdur, biz onları müzakirə etmişik.
Image result for Danışıqlar
Bizim üçün ideal həll (ssenarisi – red.) qalib və məğlubu nəzərdə tutmur, o hər iki tərəf üçün sərfəli olmalıdır”-Uorlik deyib.  Daha sonra davam edib: “Başqa məsələlərlə bağlı uzun illər danışıqlar aparmış bir şəxs kimi deyə bilərəm ki, tərəflərdən biri güzəştə getməli və qurban verməli olduğu təqdirdə, danışıqlar uğurlu olmur. Danışıqlar o zaman uğurlu olur ki, hər iki tərəf – Ermənistan və Azərbaycan sakinləri qalib gəlir, bütün region sülh və təhlükəsizlik şəraitində yaşamağa layiqdir”. Əslində Uorlikin dediyi kimi, erməni və azərbaycanlılar uzun müddət qonşu yaşayıb və bu vəziyyət əbədi davam edə bilməz. Ancaq həmsədr düşmənçilik toxumunu səpən, əraziləri işğal edən, günahsız insanları öldürənlərin azərbaycanlılar olmadığını bilsə də, bu barədə susub. Anlaşılandır ki, həmsədr balanslı mövqe sərgiləməlidir. Ancaq beynəlxalq hüquq da tələb edir ki, Azərbaycanın işğalda saxlanılan əraziləri istənilən yolla azad edilsin.
Image result for Danışıqlar
Lakin diplomat tərəflər arasında bərabərlik işarəsi qoymaqla faktiki olaraq işğala bəraət qazandırır. “Kədərlidir, amma faktdır ki, yeni nəsil erməni və azərbaycanlılar bir-birilərini tanımadan böyüyüblər. Onlar bir-birilərini yalnız mətbuat və xəbərlərdən tanıyırlar. Bu kədərlidir. Biz insanlar arasında əlaqə görmək, həmçinin münaqişənin sülh yolu ilə həlli qismində erməni və azərbaycanlıların birlikdə yaşaya bilmələrini görmək istərdik. Mən inanıram ki, həm Ermənistanda, həm də Azərbaycanda buna hazır olan çoxsaylı insanlar var” deyə, davam edib Uorlik. Ancaq bunun ardınca deməli idi ki, Ermənistan işğal altında saxladığı əraziləri azad etsin və münasibətlərin bərpası istiqamətində addımlar atılsın. Zatən Azərbaycanın rəsmi mövqeyi əlaqələrin bərpasını istisna etmir, hətta bunun üçün davamlı təşəbbüslər göstərib.
 
Bu arada Azərbaycandakı Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete də Roma papasının Bakı səfəri ərəfəsində Uorlikin mövqeyinə bənzər açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, Roma papasının regiona səfərinin şüarı “Hamımız qardaşıq” kimidir və papa qəti şəkildə münaqişənin hərbi yolla həllinə qarşıdır. 
“Tərəflər danışıqlar masasına əyləşib vəziyyətdən çıxış yolu axtarmalıdır” deyə, o vurğulayıb. V.Fekete çıxışı zamanı Roma papasının sözlərindən sitat gətirərək müharibə və zorakılığın daha böyük zorakılıq və müharibəyə səbəb olduğunu, ona görə də bu məsələnin yalnız diplomatiya yolu ilə həll edilməli olduğunu bildirib. Yenə də erməni təcavüzü barədə heç nə deyilmir. Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin də Qarabağ məsələsinin həlli yolundan danışarkən  “qalib və məğlub tərəf olmamalıdır” demişdi. Görünən budur ki, kimsə işğalçını cəzalandırmaqdan bəhs etmir, hətta onun özünü məğlub hiss etməməsi üçün çabalar göstərilir.
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında bu cür mövqelərə kəskin etirazını bildirdi: “Əgər torpaqlarının beşdə bir hissəsi işğal edilmiş ölkə, 1 milyondan artıq yurdundan didərgin edilmiş, ən azı 20 faizi vəfat etmiş insanlar varsa, bunların tərk etdiyi yurdlar tar-mar edilibsə, necə belə mövqe qoymaq olar? Yaxşı, deyək ki, sülh imzalandı, bəs sülhdən sonra nə olacaq? Yaraların sağaldılması prosesi getməlidir, Ermənistan bu yaraları sağaldan deyil. Sülhdən sonra insanların öz yurdlarına qaytarılması prosesi getməlidir, ona da Ermənistan və onun himayədarları yardım edən deyil. Hansı müharibədə qalib və yaxud məğlub olmayıb?”
Image result for Danışıqlar
Politoloq hesab edir ki, həmsədrlərin təcavüzə məruz qalanla təcavüzkar arasında bərabərlik işarəsi qoyması halında danışıqlara getməyin heç bir mənası qalmır: “Torpaqlar azad olunmalıdır. Biz 350 milyard dollarlıq itki vermişik . O itkiləri bizə heç kim ödəməyəcək, o cümlədən Roma papası. Dünya Bankı da bu əraziləri bərpa etmək üçün bizə yardım etməyəcək. Amerikalı həmsədr gah nala vurur, gah mıxa. Mən onun səmimiyyətinə inanmıram. Azərbaycanın 20 faiz torpağının işğalı ABŞ-ın əkiz qüllələrinin dağıdılmasından daha dəhşətli deyilmi? Orada 3 min adam öldü, Qarabağda isə 35 mindən çox adam müharibədə ölüb, mənim hesablamama görə, təxminən 3 mindən çox Qarabağ qaçqını qatarların altında, tələbə yataqxanalarında şəraitsizlikdən, normal qidalanmaması, lazımi tibbi yardım göstərilməməsi səbəbindən 35, 40, 50 yaşlarında dünyasını dəyişib. Ortada faktlar olduğu halda və bu faktları o adamların bəziləri bilirsə, nə üçün hər şeyin üstündən keçərək bizi ermənilərlə tərəzinin eyni gözünə qoyurlar? Özü də bu, ermənilərin son avantürası deyil. Rusiya Azərbaycanı ikiyə böləndən sonra 200 ildir ki, bənzər proseslər baş verir. 1905-1921-ci illərdə 2,5 milyondan çox azərbaycanlını qırıblar. 900 min erməninin yaşadığı halda necə demək olar ki, 1,5 milyon erməni öldürülüb? Onların da böyük bir hissəsi Fransa və Amerikaya köçüb. Nə qədər hadisələri çalpaşıq, həqiqəti əks etdirməyən meyarlarla təqdim etməyə çalışacaqlarsa, diqqəti həqiqətlərdən yayındıracaqlar”.
 
Image result for Roma Papası
 
 Siyasi şərhçi Roma papasının mövqeyini də kəskin tənqid etdi: “Qondarma erməni soyqırımı haqqında bir şey bilmədiyi halda, ”erməni soyqırımı”nı tanıyan, erməniləri “dünyanın birinci xristian xalqı” və “dünyada xristian mədəniyyətinin yaradıcısı” elan edirsə, onu dünya sivilizasiyasının başına çıxarır. Bizə hücum etmiş, körpələrimizi borulara doldurub qaynaq eləmiş, minlərlə insanın başını kəsmiş, bizə qarşı soyqırımlar törətmiş bir xalqı necə bu şəkildə yüksək qiymətləndirmək olar? Bundan sonra necə demək olar ki, məsələ ancaq sülh yolu ilə həll olunmalıdır, yaxud bu məsələdə qalib, yaxud məğlub olmamalıdır? Buna normal yox, dərə təfəkkürü, daş dövrünün təfəkkürü demək olar”.
 Q.Hüseynli hesab edir ki, Azərbaycan XİN-in həmsədrlərin bu kimi mövqeyinə operativ reaksiyası, etirazı olmalıdır: “Ermənini gətirib ”Rus NATO”sunun başına qoyurlar. Ermənilərlə ruslar birləşmiş hərbi dəstələr yaradır. Bölgədə nə proseslər gedir? Nəyə görə bu prosesə BMT, Amerika, Avropa reaksiya vermir? Gözümüzün qabağında təcavüzkarı yenidən silahlandırırlar, bizə qorxu gəlirlər. Sərkisyan gəlib bizim torpağımızda, Xankəndində deyir ki, bir qarış torpaq da verməyəcəyik. Yaxud Ermənistanda “ölərik, torpaqları geri qaytarmarıq” şüarı ilə mitinq keçirirlər.  Bu, nə deməkdir, nə həll variantıdır?” Ekspert bu mərhələdə vasitəçiliyi üzərinə götürmüş və faktiki olaraq təşəbbüsü təkbaşına ələ almış Moskvanın tutduğu mövqeyə də tənqidi yanaşdı: “Rusiya bir zaman bəlağətli mövqe sərgilədi, sonra isə qınına çəkilib yerində oturdu. İndi isə heç tükü də tərpənmir və əks tərəfi gücləndirməklə məşğuldur. ABŞ-ın özü də bir ara fəallaşmışdı, amma yenə də diplomatik proseslərdə tormozlanmanın şahidiyik. Nə baş verir? Xarici işlər nazirləri bugünlərdə görüşməliydi, niyə görüşmədilər? Onların ardınca prezidentlər bir araya gəlməli idi, sentyabrda 5 rayonun taleyi həll olunmalı idi, niyə bu məsələlər unuduldu?”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da səslənən fikirləri qəbulolunmaz sayır: “ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik faktiki Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə  bağlı ”nə qalib olsun, nə də məğlub” məşhur fikrini təkrarlayıb. Ancaq Rusiya prezidentindən fərqli olaraq Ceyms Uorlik son müsahibəsində bəzi detallara da toxunub. “Ermənistanın bir neçə rayonu qaytarması əvəzinə, Azərbaycan Dağlıq Qarabağın statusunu müəyyənləşdirən referenduma razılaşmalıdır” fikri yeni deyil. Ancaq burda da konkretlik azdır. Ermənistan neçə rayonu azad etməlidir? Bunun içində Şuşa, Laçın və Kəlbəcər də varmı? Və ya Azərbaycan hansı müddətdə Dağlıq Qarabağda referenduma razılaşmalıdır? Bu suallara aydın cavab yoxdur”. E.Şahinoğlu qeyd etdi ki, həmsədrlər yeni heç nə təklif edə bilmirlər: “İllərdir masa üzərində olan təklifləri saf-çürük edirlər, ancaq bundan da bir şey çıxmır. Aprel döyüşləri həmsədrləri fəal olmağa sövq etmədi. Görünür, cəbhə bölgəsində apreldəkindən də şiddətli toqquşmalar baş verməlidir ki, həmsədrlər Ermənistanı sülhə məcbur etsinlər. Ermənistanda hazırda qarışıqlıqdır, hakimiyyət Dağlıq Qarabağı müzakirə edəcək durumda deyil. İrəvan apreldən əvvəl hansı mövqedə idisə, indi də eyni mövqedən çıxış edir. Bu cür durumda prezidentlərin növbəti görüşünü keçirmək də mənasızdır”.

Bəs həmsədrlərin faktiki olaraq anti-Azərbaycan mövqeyinə rəsmi Bakının münasibəti necədir? 
Uorlikin mövqeyi Bakıya sərf edir deyə, şərh verilməyib, yoxsa qeyri-iş günlərinə təsadüf etdiyi üçün onun dediklərinə reaksiya verilməyib? Bu suala XİN-dən cavab almaq istəyimiz nəticə vermədi. Ancaq şübhə yoxdur ki, rəsmi Bakı əvvəlki dövrlərdə olduğu kimi, həmsədrlərlə birbaşa görüş zamanı mövqeyini bir daha çatdıracaq. Yeri gəlmişkən, bugünlərdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov “torpaqları qısa müddətdə azad etməliyik” deyə, bəyan edib. Görünür, həmsədrlər də ermənilərin vaxtı süni şəkildə uzatdığı şəraitdə Azərbaycan ordusunun hərəkət edib ərazilərini azad edəcəyindən və müharibənin alovlana biləcəyindən ehtiyatlandığı üçün sülh nağıllarına yenidən start veriblər…

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın