Ana səhifə / Siyasət / “Qara bazar” fəallaşıb: Dollar rəsmi məzənnədən daha baha satılır – FOTOLAR

“Qara bazar” fəallaşıb: Dollar rəsmi məzənnədən daha baha satılır – FOTOLAR

Yanvarın 13-dən etibarən Mərkəzi Bankın İdarə Heyətinin təsdiqlədiyi “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları” qüvvəyə minib. Bu qərardan sonra bütün bankların filial və şöbələrindən kənarda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrini bağlanıb. Qərarın tətbiqindən sonra “qara bazar” daha da fəallaşdı, dollar müəyyən olunan rəsmi məzənnədən daha baha qiymətə satılmağa başlandı. 
Musavat.com-un əməkdaşı valyuta bazarında son durumu öyrənmək üçün “28 May” metrostansiyası ətrafındakı “qara bazar”a baş çəkib. Dollar qıtlığından istifadə edən işbazlar şəhərin müxtəlif küçələrində, tinlərində, piştaxtalarda gizli şəkildə dollar satışını davam etdirirlər.
Müşahidə apardığımız zaman da şahidi olduq ki, işbazlar şübhə çəkməmək məqsədi ilə əllərində lotereya biletləri ilə gəzərək, gizli şəkildə prosesi həyata keçirməyə nail olurlar.
Əvvəllər “28 May” metrostansiyasının qarşısında toplaşan dollar alverçiləri indi gözə dəymirlər. Ətrafda olan şəxslərdən “qara bazar” işbazlarının metronun arxa tərəfinə yığışdıqlarını öyrəndik.
Burada 10 nəfərə yaxın alverçi və bir neçə müştəri ilə rastlaşırıq. “Qara bazar”da dollar alqı-satqısı ehtiyatlı və sakit şəkildə həyata keçirilir. İşbazlar hər yoldan keçən müştəriyə “dollar satıram” və ya “dollar alıram” deməkdə ehtiyat edirlər.
Bazarda apardığımız müşahidə zamanı dolların alış və satışının müxtəlif qiymətlərə təklif olunduğunu öyrəndik. Burada dolların satışı 1.66-1.72 arasında dəyişir.
Müştəri qismində yaxınlaşıb, dollar almaq istədiyimizi bildirdik. Rizvan adlı şəxs dolların alışının 1.63 AZN, satışının isə 1.66 AZN-ə olduğunu dedi.
Satıcı vəziyyəti belə izah etdi: “Mərkəzi Bank məzənnəni 1 dollar=1.57 AZN müəyyənləşdirib və “qara bazar”da 4 faiz əlavə edilərək, satılmağına qərar verib. Lakin 4 faizlə işləmək bizə sərf eləmir. Bu səbəbdən də riskə gedib, daha baha qiymətə satmağa məcbur oluruq. Banklarda dollar satılmır. Dollar satışında məhdudiyyətlər var. Bu səbəbdən də əhali “qara bazar”a üz tutur. Bu yaxınlarda dollar satışı ilə məşğul olan 4 nəfəri tutdular. Lakin bilmirlər ki, çörək pulumuzu bu yolla çıxarırıq. Mən razılaşıram ki, süni şəkildə dolları yüksək qiymətlərə satanlar cəzalandırılsın. Qanunla 1 dolları 1.64 manata satmalıyıq. Biz isə 1.66 AZN-ə təklif edirik. “Bahadır” deyənlərə 1.65 manatdan da satırıq ki, cəmi 3-4 qəpiyə görə bizi həbs etməsinlər”.
Xatırladaq ki, Mərkəzi Bank 18 yanvar üçün dolların məzənnəsini 1 dollar=1.587 AZN kimi müəyyənləşdirib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın