Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Siyasət /  Qalib idmançılarımıza Beynəlxalq Olimpiya Komitəsinin prezidentinin məktubu oxundu

 Qalib idmançılarımıza Beynəlxalq Olimpiya Komitəsinin prezidentinin məktubu oxundu

İyunun 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında «Bakı-2015» I Avropa Oyunlarında ölkəmizi təmsil edən və nəticə etibarilə son mükafat qazanan idmançılarla ənənəvi görüş keçirilib. Qeyd edək ki, ənənə halını alan bu formatda Azərbaycanı təmsil edən qalib idmançılara mükafatlar təqdim olunur, onlar fəxri kürsüdəki xüsusi lövhəyə imza atdıqdan sonra media mənsublarına təqdim edilir.
«Zəfər günləri» adlanan bu tədbir «Lider» televiziyası vasitəsilə canlı yayımlanır. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Ağacan Abıyev, həmçinin olimpiya çempionları Nazim Hüseynov, Namiq Abdullayev və Fərid Mansurovun iştirak etdiyi görüşə yarışın XI günündə medal qazanan idmançılar qatılıb. Tədbiri giriş sözü ilə açan aparıcı qeyd edib ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax iyunun 23-nün Olimpiya Günü olması səbəbindən MOK-lara təbrik məktubu ünvanlayıb. Məktubun mətni tədbir iştırakçılarının diqqətinə çatdırılıb. Sonra, ənənəyə uyğun olaraq, söz musiqiyə verilib. Tədbirə bu dəfə qonaq qismində qatılan incəsənət nümayəndələri gənc müğənnilər Sevinc və Sevil bacıları olub. Sonra MOK rəsmiləri sambo yarışlarında gümüş mükafat qazanan İslam Qasımov (57 kq), Amil Qasımov (74 kq), Vasif Səfərbəyov (+100) və Nəzakət Xəlilovanı (52 kq) mükafatlandırıb.
Tədbirdə çıxış edən Çingiz Hüseynzadə öncə samboçuların dünənki nəticələrı barədə danışıb: «Son gündə də mükafatçılarımız oldu. Samboçularımız 4 gümüş medal əldə etdilər. Bilirsiniz ki, sambo olimpiya idman növü sayılmır. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin səyi nəticəsində sambo Avropa Oyunları proqramına daxil edilib. İdmançılarımız da yaxşı nəticələr əldə etdilər. Oyunların sonuna cəmi 5 gün vaxt qalıb. İnanıram ki, qalan günlərdə də medallarımızın sayı artacaq».
MOK-un vitse-prezidenti Beynəlxalq Olimpiya Gününü xüsusi qeyd etməyəcəklərini də əlavə edib: «Biz adətən bu günü ayrıca qeyd edirdik, müxtəlif tədbirlər, marafonlar keçirirdik. Ancaq bu dəfə Avropa Oyunları ölkəmizdə keçirildiyindən, Beynəlxalq Olimpiya Gününü ayrıca qeyd etməyə lüzum qalmadı. Şadıq ki, Avropanın müxtəlif ölkələrinin idmançıları da bu günü bizimlə birlikdə qeyd edir».
Sonda xüsusi şərəf lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olunub və onların bizlərə yaşatdığı tarixi anlara birgə tamaşa edilib.
Biz gümüş medal qazanan hər 4 samboçu ilə qısa söhbət edə bildik. Onların qəzetimizə bölüşdükləri təəssüratları təqdim edirik. «Bakı-2015» Birinci Avropa Oyunlarında kişi samboçuların yarışlarında Azərbaycana gümüş medal qazandıran İslam Qasımov bildirdi ki, 22 ildir güləşir: «İdmanda belə şeylər olur. Bəzən qalib gəlirsən, olur ki, uduzursan. Mən dünya və Avropa çempionu olmuşam. İstərdim ki, Bakıda qızıl medal qazanım. Olmadı, deməli, bu gün qızıl medal qismət deyilmiş»
İ.Qasımov Azərbaycan sambçularının hamısının finalda məğlub olmasına da münasibət bildirdi: «Rəqiblərin heç biri güclü deyil. Sadəcə, alınmayanda alınmır.
Məsələn, finalda məğlub olduğum rəqiblə artıq üçüncü dəfədir güləşirdim. Bundan qabaq ona 2 dəfə qalib gəlmişəm».
Qeyd edək ki, o, qızıl medal uğrunda görüşdə Rusiya samboçusu Aymergen Atkulova məğlub olub.
Avropa Oyunlarında zədəli güləşməyilə yadda qalan gümüş medalçımız Amil Qasımov bildirdi ki, final görüşü öncəsi ayağından zədə alıb: «İstəmirdim rəqibim bunu bilsin. Nə qədər gizlətməyə çalışsam da, Popov məhz həmin ayağıma ağrıdoğurucu fənd tətbiq edərək qalib gəldi».
Qeyd edək ki, bu finalçımız da uduzduğu rəqibinə başqa yarışda qalib gəlibmiş: «2 ay öncə məhz Stanislav Popovu Dünya Kubokunda final görüşündə məğlub etdim. Mənə ən çox sualı rəqibin davranışı ilə bağlı verirlər. Bəli, o, görüşdən sonra məni çiyninə alaraq əlil arabasınadək apardı. Sağ olsun, mən də olsaydım belə edərdim».
Avropa Oyunlarında sambo yarışlarında Azərbaycana ən ağır çəkidə gümüş medal qazandıran Vasif Səfərbəyov isə bildirdi ki, finala kimi onun gücü tam tükənibmiş: «Dözümüm çatmadı, səhvə yol verdim, ona görə də finalda uduzdum. Bununla belə, medal qazandığım üçün fəxr edirəm. Mən gənclər arasında Avropa çempionu, iki dəfə isə Avropa üçüncüsü olmuşdum. Amma indi çox şükür ki, Birinci Avropa Oyunlarında gümüş medal qazanmışam. Bu tək mənim üçün deyil, bütün komandamız üçün böyük fəxrdir. Heç gözləmirdik ki, belə nəticə göstərək. Mənim uduzduğum rəqib çox güclü idmançıdır. Rusiyanı təmsil edən idmançı Artyom Osipenko üçqat dünya çempionudur».
Medal qazanan samboçularımız arasında zərif cinsin nümayəndəsi də var. Avropa Oyunlarında qadın samboçuların yarışında 52 kq-dək çəki dərəcəsində Azərbaycana gümüş medal qazandıran Nəzakət Xəlilova qəzetimizə bildirdi ki, yarış onun üçün yaxşı keçib, amma təəssüf edir ki, qızıl ala bilməyib: «Mən çempionluğa hazırlaşmışdım. Amma buna da şükür edirəm. Rəqibim təcrübəli idi. İkiqat dünya çempionudur və 30 yaşı var.
Ona görə də təcrübə baxımından çatışmazlığım oldu. Buna qədər onunla qarşılaşmamışdım. Bu ilk görüşümüz idi. Döyüşlərini izləmişdim, amma o daha təcrübəli idi deyə, bu dəfə məndə alınmadı.
Mən bu qələbəmi xalqıma, ailəmə və şəxsi sambo müəllimi Cabir İsmayılova həsr edirəm. Yaşım azdır. Məqsədim yeni uğurlara doğru getməkdir. Çalışacağam ki, daha yaxşı məşq edib yeni nailiyyətlər qazanım. Qarşıda İslam Həmrəylik Oyunları gəlir, bu yarışa hazırlaşacağam. Mən əvvəllər cüdo ilə məşğul olmuşam. Nəticələrim də olub. Müəllimimin təşəbbüsü ilə samboya keçdim».
Təltifetmədən sonra tədbir konsert proqramı ilə davam edib.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bundan sonra avropalı rəsmilər də eyni açıqlamaları verəcək (ŞƏRH)

“Amerika bir daha bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağın Azərbaycan ərazisində …

Bir cavab yazın