Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / Qalib idmançılar jurnalistlər qarşısına deputat və nazirlərlə birgə çıxdılar

Qalib idmançılar jurnalistlər qarşısına deputat və nazirlərlə birgə çıxdılar

Özünü legioner kimi hiss etməyən idmançılarımız Azərbaycan barədə nə dedi?

Dünən saat 13:00-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirildi. Qeyd edək ki, bu formatda görüş Oyunlar başlandığı gündən keçirilir. Azərbaycan millisində təmsil olunan idmançılar güclü nəticə göstərərək hər gün medal qazandıqları üçün format ənənəyə çevrilib.
Görüşdə iştirak edən rəsmilərin və idmançıların optimist əhval-ruhiyyəsi MOK-da hər gün belə görüşün keçiriləcəyinə dair böyük inam yaratmış olur. Eyni zamanda müşahidələr də göstərir ki, Azərbaycan idmançılarının medal qazanma statistikası artan dinamika ilə davam edir.
Qeyd edək ki, tədbirin başlanmasına bir neçə dəqiqə qalmasına baxmayaraq, MOK-un binasında böyük yerli və xarici jurnalistlərin qələbəliyi hiss edilirdi.
Hər gün keçirilən və “Zəfər günləri” adlanan tədbir “Lider” TV vasitəsilə canlı yayımlanırdı.
Qalib idmançılar görünməyə başladı. Bu gün onların sayı 3 idi. Anjela Doroqan (qadın güləşi, 53 kq), gümüş medalçı Valentin Demyanenko (200 metr məsafəyə kanoe yarışları) və bürünc mükafat qazanan Patimat Abakarova (taekvondo, 49 kq).
Binaya girib təqdimata hazırlaşmaq üçün başqa otağa keçmələri səbəbindən idmançılar eksklüziv müsahibə üçün vaxtlarının olmadığını bildirdilər. Ancaq biz qalib idmançılardan qəzetimiz üçün eksklüziv müsahibə götürə bildik. Patimat Abakarova qələbəsindən çox sevindiyini dedi: “Mən legionerliyimi hiss etmirəm. Bura mənim vətənimdir. Çox böyük dəstək hiss edirəm. İstər təşkilatçılardan, istərsə də azarkeşlərdən. Mən Azərbaycanı çox sevirəm. Bu Oyunlarda medal qazanmağım mənə daha böyük yarışlarda iştirak üçün lisenziya vermiş oldu. Daha yüksək nəticə əldə etmək istəyirdim. Təsadüfən başımdan aldığım bir zərbə mənim nəticəmi bir qədər zəiflətdi. Mən ali məktəb tələbəsiyəm. İdmanla yanaşı təhsilimə də fikir verirəm. Hələ uzun müddət Azərbaycanda qalacağımı düşünürəm. Nə bilmək olar, bəlkə gələcək həyatım da sırf bura ilə bağlı oldu”.
Digər mükafatçı Valentin Demyanenko da qəzetimizə bildirdi ki, idmanda qazanılan istənilən yüksək nəticənin arxasında böyük zəhmət durur: “Mən çox sevinirəm ki, təmsil olunduğum komandanın aktivinə medal yazdıra bildim. Eyni zamanda, bizə dəstək olan bütün tamaşaçılara dərin minnətdarlığımı bildirirəm. Məşq şəraitimdən, göstərilən qayğıdan çox razıyam. Azərbaycanın mətbəxini, havasını çox bəyənirəm. Xüsusilə də Bakının gözəlliyinə heyranam. Çalışacam bundan sonrakı yarışlarda da Azərbaycanın bayrağını yüksəklərə qaldırım”.
Sonra tədbirin rəsmi hissəsi başladı. Gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Ağacan Abıyev və təhsil naziri Mikayıl Cabbarov kameraların qarşısına keçdilər. Açılışı edən şəxs bildirdi ki, görüşə yarışın V günündə, bir gün əvvəl fəxri kürsüyə qalxan idmançılar qatılıb. Öncə çıxış edən Çingiz Hüseynzadə mükafatçıları təbrik etdi”: Çox sevindirici haldır ki, biz hər gün burda görüşə bilirik. Bunun üçün yüksək nəticələr əldə edən idmançılarımıza minnətdar olmalıyıq. Artıq qızıl medallarımızın sayı 8-ə çatıb. İndicə məlumat aldıq ki, bir neçə idmançımız da medallar uğrunda mübarizəyə qoşulub. Bu o anlama gəlir ki, sabah da burda bayramdı. Biz yeni zəfərləri qeyd edəcəyik”.
MOK sədrinin çıxışından sonra tanınmış müğənni Ədalət Şükürov iştirakçıların zövqünü oxşayan mahnılar oxudu.
Sonra söz Azad Rəhimova verildi: Nazir açıqlamasında Azərbaycan idmançılarının indiyə qədərki nəticələrindən məmnun qaldığını bildirdi: “Bundan öncə iştirak etdiyim tədbirdə fikirlərimi bildirmişdim. Amma sözlərimi yenə də qürur hissi ilə təkrarlamaq istəyirəm. Dünən daha 3 idmançımız medal qazanıb və ümumi medal sayımız 19-dur. Bu baxımdan da hazırda ikinci pillədəyik. İdmançılarımıza sona qədər azarkeşlik etməkdə davam edəcəyik”.
Nazir daha sonra bildirdi ki, bu gün 3 mühüm hadisəni də qeyd etmək olar: “Birincisi, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu gün 70 yaşının tamam olması münasibətilə ölkə Prezidenti İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilib. Qeyd etmək istərdim ki, P.Hikki Azərbaycanda Olimpiya Oyunlarının keçirilməsinə böyük dəstək verib.
İkincisi, bu gün səhiyyə işçilərinin peşə bayramıdır. Onların da Avropa Oyunlarında böyük əməyi var. Bütün yarışlarda biz səhiyyə işçilərinin neçə gərgin işlədiyini görürük. Ücüncü əlamətdar hadisə isə bizim təhsil nazirimiz, hörmətli Mikayıl Cabbarovun Azərbaycan Badminton Federasiyasının sədri seçilməsidir. Mən bu münasibətlə cənab naziri təbrik edirəm. O burda həm də idman federasiyasının prezidenti kimi iştirak edir”.
Sonra söz Mikayıl Cabbarova verildi.
Təhsil naziri də çıxış edərək, Bakı-2015-in böyük yarış olduğunu söylədi və qazanılan qələbələrdən məmnunluğunu ifadə etdi: “Azərbaycan idman tarixində ən yaddaqalan günlərini yaşayır. Təbii ki, qazanılan uğurlar hər birimizi sevindirir. Mənim Olimpiya ailəsinə qoşulmağım üçün yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Bununla yanaşı, mən təhsil naziri olaraq Oyunlarda iştirak edən və bizim nazirliyi təmsil edən könüllülərin fəaliyyətini xüsusi vurğulamaq istərdim. Onların böyük hissəsi tələbələrdir. Onların bu fəallığından məmnun qalmamaq olmur”.
Daha sonra medalçılar xüsusi şərəf lövhəsinə dəvət edildilər. Onlar şərəf lövhəsinə imza atdıqdan sonra rəsmilər tərəfindən təqdim olunan hədiyyələri aldılar.
Tədbirin gedişi zamanı güləşçimiz Yaşar Əliyevin uğurundan danışıldı. Onun da burada bizimlə görüşəcəyi qeyd olundu : “Avropa çempionatının bürünc medalçısı ilk qarşılaşmasında fransalı Zoheir El Ouarraqe ilə münasibətinə aydınlıq gətirib. Həmyerlimiz rəqibini asanlıqla məğlub edib – 9:4. Əliyev üçün 1/4 final qarşılaşması prinsipial əhəmiyyət daşıyıb. Erməni Qarik Barsekyanı sınağa çəkən Yaşar rəqibinin zəif olduğunu sübuta yetirib – 10:6”.
MOK-un inzibati binasında medal qazanan idmançılarımızın mükafatlandırılmasından sonra həmin qurumun rəsmisi Ç.Hüseynzadə jurnalistlərin suallarını cavablandırdı. O bildirdi ki, Milli Olimpiya Komitəsi “zəfər günü” layihəsinə başlayanda biz inanırdıq ki, hər gün öz idmançılarımızın qələbələrini qeyd edəcəyik: ” Çoxları buna inanmırdı. Düşünürdülər ki, ola bilsin, hər gün medalımız olmasın. Amma bizim buna çox böyük ümidimiz var idi”.
O, bu gün yarışa başlayan sərbəst güləşçilərimizdən medallar gözlədiyini bildirdi: “Gördüyünüz kimi, Avropa Oyunları başlayandan hər gün qələbələri qeyd edirik. Bundan sonra da inanıram ki, idmançılarımız gözəl nəticələr göstərəcək. Sərbəst güləşçilərimiz bu gün yarışlara qoşulublar. Sabah da onların yarışı davam edəcək. Biz sərbəst güləşçilərimizdən də medallar gözləyirik. Daha sonra samboçularımız, cüdoçularımız və boksçularımız mübarizəyə qatılacaq. Başqa idman növlərini də qeyd etməliyəm. Bilirsiz ki, voleybol komandamız hər 2 oyununu qələbə ilə başa çatdırıb. Çimərlik voleybolunda da qızlarımız yaxşı oyun nümayiş etdirirlər. Basketboldan da böyük nəticələr gözləyirik”.
Tədbir incəsənət nümayəndələrinin bir neçə ifasından sonra başa çatdı.
Məhəmmədəli QƏRİBLİ
Xüsusi olaraq
“Bakı-Xəbər” üçün

Həmçinin oxuyun

Putin:“Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur”

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra …

Bir cavab yazın