Bazar , Sentyabr 22 2019
Ana səhifə / Siyasət / Qabil Hüseynli: “Azərbaycanın xarici siyasət oriyentasiyasını dəyişəcəyindən ehtiyatlanırlar”

Qabil Hüseynli: “Azərbaycanın xarici siyasət oriyentasiyasını dəyişəcəyindən ehtiyatlanırlar”

“Rusiya bu istiqamətdə daha fəaldır və praktik addımlar atmağa çalışır”

Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması hərtərəfli nizamlanmanın elementlərindən biri olmalıdır. Bu barədə İrəvanda səfərdə olan Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik keçirdiyi mətbuat konfransında bildirib.
Amerikalı həmsədr qeyd edib ki, hərtərəfli nizamlanmanın elementlərindən biri Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması olmalıdır: “Bu, danışıqların bir bəndi, elementidir”, – deyə Uorlik bildirib. Onun sözlərinə görə, hərtərəfli nizamlanma Dağlıq Qarabağın statusu məsələsini əhatə etməlidir.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bir neçə gün əvvəl “Vedomosti”yə müsahibəsində bildirib ki, təhlükəsizlik təminatı Qarabağ nizamlanmasının elementi olmalıdır. Həmsədr qeyd edib ki, buraya beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsi məsələsi daxildir: “Torpaqlar qaytarılarsa, Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək üçün bölgəyə beynəlxalq sülhməramlı qüvvələri yeritmək lazım olacaq”.
Hələlik sülhməramlı qüvvələrin formalaşdırılması mərhələsinə gəlinmədiyini deyən həmsədr sülhməramlı kontingentin ATƏT, yaxud BMT himayəsi altında olacağını münaqişə tərəflərinin müəyyənləşdirəcəyini və bunun müzakirə predmeti olacağını bildirib.
Nizamlanma prosesinin prinsip və elementlərinə gəldikdə isə, C.Uorlik bildirib ki, onların əksəriyyəti danışıqların Rusiyanın sabiq prezidenti Dmitri Medvedyevin himayəsi altında aparıldığı dönəmdə müəyyən edilib: “Söhbət o vaxt görülən işin davamından gedir. Biz yeni məsələləri və yeni yanaşmaları icad etməyə çalışmırıq. Diskussiyanı o vaxt əldə olunanların əsasında davam etdirməyə çalışırıq. Bura bir sıra vacib məsələlər daxildir. Onların arasında Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması, Dağlıq Qarabağın statusu, qaçqınlarla bağlı durum və təhlükəsizlik təminatı kimi məsələlər var. Biz bu məsələləri kompleks şəkildə nəzərdən keçiririk”.
Politoloq Qabil Hüseynli açıqlamasında bildirdi ki, bütün bu bəyanatlar Azərbaycanla bağlı yaşanan narahatlıqla bağlıdır: “Bütün proseslər ABŞ tərəfindən idarə olunur. Artıq Qərb və ABŞ Dağlıq Qarabağla bağlı tutduqları loyal mövqedəki yanlışlıqları anlamağa başlayıblar. Bunun da fonunda Azərbaycanın xarici siyasət oriyentasiyasını dəyişəcəyindən ehtiyatlanırlar. Çünki son dövrlər Rusiya politoloqlarının və rəsmilərinin Dağlıq Qarabağla bağlı verdikləri bəyanatlar daha sərt və açıq mətnlidir.
Ermənistandan konkret olaraq işğal edilmiş ərazilərdən geri çəkilməsi tələb edilir. Bunu anlayan Qərb Dağlıq Qarabağla bağlı yeni siyasətə başlayıb. Almaniya Bundestaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul etdi.
Əvvəl isə bizim torpaqlarımızın işğal altında olması heç etiraf olunmurdu. Zənnimcə, ABŞ-ın siyasi mövqeyini ifadə edən Uorlik çox açıq bəyanat verib. İndi ümid edək ki, ABŞ bu istiqamətdə hərəkətə keçəcək. Zənnimcə, Rusiya bu istiqamətdə daha fəaldır və praktik addımlar atmağa çalışır. Lavrovla Məmmədyarov arasında baş tutan son görüşü də bu qəbildən saymaq olar”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Ermənistan XİN:”Dilqəm və Şahbaz girovluqdan azad edilə bilər”

Ermənistanın xarici işlər naziri Zöhrab Mnasaknyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi məsələsində ölkəsinin müdafiə naziri …

Bir cavab yazın