Cümə , Oktyabr 30 2020
Ana səhifə / Siyasət / Qabil Hüseynli: “Azərbaycanın hərbi-siyasi xəttində yenidən seçim etmək zərurəti yaranıb”

Qabil Hüseynli: “Azərbaycanın hərbi-siyasi xəttində yenidən seçim etmək zərurəti yaranıb”

Cənubi Qafqazın üç ölkəsindən Gürcüstan NATO-ya üzvlük yolunu seçib və bu istiqamətdə xeyli yol qət edib. Proqnozlara görə, yaxın gələcəkdə Gürcüstan NATO üzvü olacaq. Ermənistan hərbi-siyasi blok kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Azərbaycanın isə hazırda nə NATO-ya, nə də KTMT-yə üzv olmaq planının ortada olmadığı məlumdur. Bəs ölkəmiz bundan sonrakı dönəmdə hansı istiqaməti əsas götürə bilər?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan uzun müddətdir mərhum prezident Heydər Əliyevin dövründən balanslaşdırılmış xarici siyasət kursu həyata keçirir. Amma bütün bunlara baxmayaraq, həmin dövrdə də NATO ilə əməkdaşlığa geniş diqqət verilirdi. Azərbaycan NATO-nun Sülh naminə tərəfdaşlıq Proqramına qoşulan ilk ölkələrdən biri olmuşdu: “O zaman NATO ilə ciddi əməkdaşlıq sayəsində Azərbaycan ordusunun nizamnaməsi NATO ordusunun nizamnaməsinə yaxınlaşdırılmışdı. Geyim qaydaları, daxili intizam qaydaları, əsgəri törən, bu törən zamanı rəis heyəti ilə tabeçilikdə olan adamların bir-birinə müraciət qaydaları tamamilə NATO standartlarına uyğun qurulmuşdu. Bu həm də ölkədəki hərbi ali məktəblərə də təsir etmişdi. Yəni hərbi ali məktəblər daha çox NATO standartlarına yaxınlaşdırılmışdı. Daha sonra Sülh naminə tərəfdaşlıq Proqramı başa çatdıqdan sonra Azərbaycan NATO ilə ikitərəfli əməkdaşlıq haqqında saziş imzaladı. Bu əməkdaşlıq xətti ilə NATO ilə münasibətlər tənzimlənirdi”.

Politoloqun sözlərinə görə, indi biz inkişafımızın elə bir nöqtəsinə gəlib çatmışıq ki, Qoşulmayanlar Hərəkatının üzvü olsaq da bir sıra problemlər, xüsusilə Dağlıq Qarabağ problemi, Minsk Qrupu həmsədri olan ölkələrin iki standartlarla davranışı bizi yeni bir seçim etmək qarşısında qoyur: “Azərbaycanın iki hərbi siyasi blokdan birinə meyllənmək zərurəti yaranıb. Ya NATO ilə daha sıx əməkdaşlıq xətti götürülməli, ya da KTMT-də müşahidəçilik statusuna üz tutmağın yolunu axtarmalıdır. Çünki bölgədə, eləcə də dünyada elə münasibətlər formalaşdırılıb ki, tarazlaşdırılmış siyasi xətt bəzən Azərbaycanın strateji maraqlarına uyğun gəlmir. Bu nöqteyi-nəzərdən, məncə, Azərbaycan özünün hərbi-siyasi xəttində yenidən seçim etmək zərurətinin yarandığı bir dövrə gəlib çatıb. Bu barədə ciddi fikirləşmənin vaxtı çatdığını söyləmək mümkündür. Bu, NATO ilə daha yaxın əməkdaşlıq da ola bilər. Mən Gürcüstan timsalında NATO-ya üzv olmaq xəttini demirəm, amma NATO ilə əməkdaşlığın daha yaxın formalarını seçmək olar. Yaxud da başqa variantlar üzərində də düşünmək olar. Azərbaycanın strateji maraqlarının daha çox NATO ilə yaxınlaşmaq xəttini tələb etdiyi göz önündədir. Ona görə də, məncə, bu istiqamətə meyllənmək Azərbaycanın maraqlarına daha çox uyğun olardı. KTMT-də müşahidəçilik statusu isə Dağlıq Qarabağ probleminin ədalətli həllinə xeyir verəcəksə, bu istiqamətdə də fəaliyyət göstərmək olar. Amma ən əvvəl Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində müəyyən addımların atılmasını gözləmək lazım gələcək. Əlbəttə ki, strateji seçim çətin vəzifələrdən biridir. İnanıram ki, Azərbaycan hökuməti xalqımızın, dövlətimizin maraqlarına daha uyğun gələn seçimi edə biləcək”.

Həmçinin oxuyun

Ermənistan 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda …