“2022-ci ilin dekabrın 24-də Prezident İlham Əliyevin iştirakı ilə Qərbi azərbaycanlılar cəmiyyəti yığıldı və orada qərar qəbul olundu”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Naftalanın sabiq icra hakimi Musa Musayev deyib.
Sabiq deputat Ermənistanın Baş naziri Nikol Paşinyanın ermənilərin Qarabağla yanaşı Goranboy və Göygölə geri qayıtması barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.
M. Musayevin fikrincə, Qərbi azərbaycanlıların hamısı hər zaman öz dədə-baba torpaqlarına qayıtmaq arzusu ilə yaşayıblar:
“Şəxsən mən özüm 2000-2005-ci illərdə deputat olanda dəfələrlə bu məsələni qaldırmışam. Doğma Nüvədi kəndim haqqımda isə onu deyə bilərəm ki, 1929-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan həmin ərazilərin Ermənistana verilməsi təşəbbüsünü qaldırıb. Beləliklə də Zəngilana məxsus Nüvədi, Toğud, Ernəzir kəndlərini Mehri rayonunun tərkibinə veriblər. Lakin bu qərar parlamentdə təsdiqini tapmayıb”.
Siyasətçi xatırladıb ki, 1969-cu ilin may ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin I katibi Vəli Axundov İrəvana doktorluq müdafiəsini etməyə gedəndə müvafiq qərar qəbul edib:
“Yəni qanuna görə, Zəngilanın 3 kəndi o zaman Ermənistana verilib. Bu kəndlər vaxtilə Gəncə quberniyasının Cəbrayıl qəzasına tabe olub. Bu gün Qərbi azərbaycanlılar bir yerə toplaşıb ayrıca icma yaradıb və özlərinə sədr təyin ediblər. O cümlədən Nüvədi icmasını da yaratmışıq biz. Bu istiqamətdə işlər gedir, müraciətlər olub. Bir neçə il bundan öncə Avropa Şurası parlamenti və BMT-yə müraciətlər olub ki, biz Nüvədiyə qayıtmaq istəyirik. Eyni zamanda Qərbi Azərbaycandan çıxan 250 mindən çox insanın hamısı vətənə qayıtmaq arzusu ilə yaşayırlar. Mənə elə gəlir ki, bu arzuları yaxın gələcəkdə çin olacaq”.
Onun sözlərinə görə, 1988-ci ildə Qərbi azərbaycanlıların çoxu öz dədə-baba torpaqlarını tərk etsə də, Nüvədi 3 il erməni daşnakları ilə vuruşub:
“Lakin 1991-ci ilin avqustun 8-də rus əsgərlərinin köməyi ilə ermənilər kəndin əhalisini çıxarıblar. Camaatın mal-heyvanı, hər şeyi də qalıb Nüvədidə. Onlar qonşuluqda yerləşən Vejnəliyə gəliblər. Camaatımız o arzu ilə yaşayırdı ki, nə vaxtsa öz doğma kəndlərinə qayıdarlar. 1993-cü ildə Zəngilan işğal olunanda Nüvədi camaatı da Araz çayını keçərək Bakı və Gəncəyə gedə biliblər”.
“O ki qaldı Nikol Paşinyanın ermənilərin Qarabağla yanaşı Goranboy və Göygölə də geri qayıtması haqqında söylədiyi fikirlərə, bu adam onsuz da hər gün fərqli-fərqli sözlər söyləyir. Bu adam özü-özünü idarə etmir. Onun haradan idarə olunduğu da bəllidir. Hamı bilir ki, Ermənistanda olan Dərələyəz, Zəngəzur, Göyçə və digər ərazilər bizim torpaqlarımızdır. Ermənilər 1918-ci ildən 1920-ci ilə qədər bu torpaqları ələ keçirə-keçirə özünə dövlət yaradıb.
Bu gün Qərbi azərbaycanlıların haqqıdır ki, onlar öz torpaqlarına qayıtsınlar, o cümlədən İrəvana. Vaxtilə İrəvanın əhalisinin 70%-ə yaxını azərbaycanlı olub. Lakin 1988-ci il hadisələrindən sonra sonuncu azərbaycanlıya qədər onlar şəhərdən çıxarılıb”, – o, fikirlərini tamamlayıb.