Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Siyasət / Qərbi Azərbaycana qayıdış planı: “Ermənilərə bizimlə birgə yaşamaq şansı verəcəyik”

Qərbi Azərbaycana qayıdış planı: “Ermənilərə bizimlə birgə yaşamaq şansı verəcəyik”

“Ermənistandakı kəndlərimizə qayıtdıqdan sonra oradakı ermənilərə Azərbaycan ərazisində olduğu kimi “Ermənistan” ərazisində də bizimlə yanaşı yaşamaq şansı verəcəyik”.

Bu sözləri Modern.az-a açıqlamasında “Qərbi Azərbaycan İcması”nın sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib. 

O bildirib ki, 70 illik sovet rejimi son iki əsrdə xalqımıza qarşı törədilmiş cinayətlərə hərtərəfli və obyektiv baxılmasına imkan verməyib və hətta qadağan edib. Bu da məlum məsələdir, çünki həmin rejimin özü də bu cinayətlərin müəlliflərindən biri idi:

“Amma yenə də ziyalılarımız, yazıçılarımız, alimlərimiz tarixi həqiqətlərn müəyyən epizodlarını müxtəlif vasitələrlə ictimai rəyə sızdırmağa çalışıblar. 1990-cı illərin əvvəlində Azərbaycan müstəqilliyini bərpa edəndən sonra artıq bu istiqamətdə müəyyən canlanma başlanmışdır. Lakin təbii ki, bunlar yetərli deyil, ermənilərin son iki yüz ildə xalqımıza qarşı törətdiyi cinayətləri saymaqla qurtarmaz və bunların hamısı bütün detalları ilə açılıb ortaya qoyulmalıdır. Xüsusilə dünya ictimaiyyəti bu cinayətlərdən, demək olar ki, xəbərsizdir. Xəbəri olanlar isə həmişə susmağa üstünlük verib. Ona görə də Qərbi Azərbaycan İcması olaraq bizim üçün indiki Ermənistan ərazisindən zaman-zaman deportasiya olunmuş, hüquq və azadlıqları tapdalanmış, zorakılığa və məhrumiyyətlərə məruz qalmış azərbaycanlıların və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası prioritet məsələdir”.

Əziz Ələkbərli vurğulayıb ki, indiki Ermənistan ərazisində etnik azərbaycanlılara qarşı törədilən tarixi cinayətlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətləri törətmiş erməni millətçilərinin və Ermənistan SSR-in indiki varisi olan Ermənistan Respublikasının beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsinə nail olunması bizim əsas məqsədlərimiz sırasındadır:

“İndi xaricdə çoxlu azərbaycanlılar yaşayır və işləyir. Onların arasında xeyli sayda Qərbi Azərbaycan əsilli insanlar da var. Xaricdə təhsil alan çoxlu tələbələrimiz var. Qərbi Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin xalqlarına çatdırmaq üçün onların imkanlarından istifadə etmək lazımdır. Qərbi Azərbaycan İcması bütün bu işləri təşkil və koordinasiya edəcək. Artıq bir neçə ildir ki, bizim bir sıra xarici ölkələrdə, məsələn, Almaniyada, Niderlandda, Türkiyədə və digər ölkələrdə təmsilçilərimiz var, onlar çox səmərəli fəaliyyət göstərir. Nəzərdə tutmuşuq ki, bütün xarici ölkələrdə təmsilçilərimiz və ofislərimiz olsun. Buna görə də Qərbi Azərbaycan İcmasının strukturunda ştat vahidlərindən biri məhz beynəlxalq əlaqələr üçün ayrılıb. Qərbi Azərbaycan İcması sədrinin iki müavinindən biri məhz bu sahə ilə məşğul olacaq.

Biz deportasiya olunmuş azərbaycanlıların hüquqlarının kütləvi şəkildə pozulması faktının beynəlxalq ictimaiyyətə çatdırılması, onlara qarşı törədilmiş kütləvi terrora və cinayətlərə siyasi və hüquqi qiymət veril­mə­si, qaçqınların statusundan irəli gələn hüquqlarının təmin olunması və s. ilə bağlı beynəlxalq qurumlar qarşısında məsələlər qaldıracaq, tələblər irəli sürəcəyik. Bunun üçün bütün sivil, qanuni vasitələrdən istifadə edəcək, fərdlərlə, vətəndaş cəmiyyətləri və dövlət qurumları ilə əməkdaşlığa üstünlük verəcəyik”.

Deputat xatırladıb ki, Qərbi Azərbaycan ərazisində bizim minlərlə tarixi, mədəni və dini abidələrimiz var, onların bir hissəsi məhv edilib, bir hissəsi erməniləşdirilib.

“Biz onların hamısı barədə məlumat bazası yaradacaq, onların UNESCO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil edilməsinə çalışacağıq.

Xaricdə təhsil alan azərbaycanlı tələbələr arasında deportasiya olunmuş azərbaycanlılar barədə məlumatların beynəlxalq auditoriyaya çatdırılması üçün dərnəklər, cəmiyyətlər yaratmağı da planlaşdırırıq.

Qərbi Azərbaycan İcması yaradıldıqdan sonra “Ermənistanda” müəyyən vahimə yarandığının fərqindəyik. Lakin ermənilərin təşvişə düşməyinə ehtiyac görmürəm. Doğrudur, bizim son hədəfimiz insanlarımızın indiki “Ermənistan” ərazisindəki ata-baba yurdlarına qayıdışıdır və hər kəs, o cümlədən ermənilər əmin olsunlar ki, biz öz ata-baba yurdlarımıza mütləq qayıdacağıq. Bununla belə, ermənilər elə hesab etməsinlər ki, doğma yurdlarımıza – Zəngəzurdakı, Dərələyəzdəki, Göyçədəki, İrəvandakı və digər tarixi mahallarımızdakı kəndlərimizə, evlərimizə qayıtdıqdan sonra oradakı erməniləri qovub çıxaracağıq. Qətiyyən, biz onlara, Azərbaycan ərazisində olduğu kimi, “Ermənistan” ərazisində də bizimlə yanaşı və bizimlə bərabər hüquqda yaşamaq şansı verəcəyik”, – deyə Qərbi Azərbaycan İcmasının rəhbəri vurğulayıb.

Həmçinin oxuyun

“Zəngəzur dəhlizi ətrafında mənfi geostrateji və əlverişsiz durum yaranır”

İkinci Qarabağ müharibəsinin 2 ili tamamlanır. Sabah ölkədə Anım Günü olacaq. Müharibədən sonrakı 2 ildə …