Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Siyasət / “Qərbdəki dairələrin bu məsələni süni şəkildə gündəmə gətirməsi yalnız ermənilərin maraqlarına hesablanıb”

“Qərbdəki dairələrin bu məsələni süni şəkildə gündəmə gətirməsi yalnız ermənilərin maraqlarına hesablanıb”

“Bizi nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın”.

Prezident İlham Əliyev bu barədə xalqa müraciətində Azərbaycanda bütün dinlərə məxsus abidələrə dövlət səviyyəsində göstərilən diqqətdən danışarkən bildirib.

Ölkə başçısı qeyd edib ki, Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir: “Biz bu kilsələri qoruyuruq. Mən bu kilsələrdə dəfələrlə olmuşam, Şəki şəhərində, Qəbələ rayonunda, Udi kilsəsində. Biz bu kilsələri öz mədəni sərvətimiz kimi qoruyuruq. Ona görə heç kim narahat olmasın. Bu kilsələr bundan sonra da dövlət tərəfindən qorunacaq”.

Prezident onu da qeyd edib ki, narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar: “Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə. O məscidlər ya dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb. Niyə bu, narahatlıq doğurmurdu? Otuz il bu barədə niyə heç kim məsələ qaldırmırdı, bizdən başqa?”.

Bu məsələni dəfələrlə beynəlxalq tribunalardan, beynəlxalq kürsülərdən, xarici həmkarları ilə təmaslar əsnasında qaldırdığını vurğulayan Prezident sual edib: “Nə üçün buna heç kim narahatlıq ifadə etmirdi? Nə üçün bu məsələ ilə bağlı heç kim beynəlxalq heyət göndərmək istəmirdi? Bu suallara cavab istəyir Azərbaycan xalqı. Biz bu cavabı bilirik. Ona görə bir daha demək istəyirəm, bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın”.

Göründüyü kimi, Prezident sözügedən arqumentləri ilə ermənilərin təəssübünü çəkən, Azərbaycanı şantaj etmək istəyən Qərb dairələrini susduraraq onları fakt qarşısında qoyub.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin sözlərinə görə, Qərbin bununla bağlı narahat olmasının heç bir əsası yoxdur: “Ona görə ki, Azərbaycanın multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünyanın gözü qabağındadır. Bununla bağlı çoxsaylı iş görülüb. Ölkəmiz tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verib. Əsrlərdir Azərbaycanda bütün dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Bununla bağlı çoxsaylı nümunə var. Belə olan halda, Qərbdəki dairələrin bu məsələni süni şəkildə gündəmə gətirməsi yalnız ermənilərin maraqlarına hesablanıb. Torpaqlarımızın hərb yolu ilə azad olunmasına mane ola bilmədilər, indi də din pərdəsi altında rola giriblər. Bu cür cəhətlərin əsası yoxdur. Çünki tarixi-mədəni, dini abidələrimiz necə qorunursa, digər dinlərə aid olan abidələr də o cür qorunur. Kiməsə belə bir haqq verilməyib ki, Azərbaycanı bununla bağlı təftiş etsin. Ermənilər 30 ilə yaxın müddətdə işğal altında saxladıqları Azərbaycan ərazilərində dini, tarixi-mədəni abidələrimizi, məscidlərimizi dağıdıblar. Gör, bunlar nə qədər vandaldırlar ki, məzarlarımızı belə dağıdıb təhqir ediblər. Bir dəfə də olsun Qərb ölkələri buna etiraz etməyiblər. Niyə? Çünki bunda maraqlı deyillər. Hansı ki, dəfələrlə müxtəlif səviyyələrdə bu məsələ Azərbaycan tərəfindən qaldırılıb. Nəinki işğal edilmiş ərazilərdə, o cümlədən, əzəli Azərbaycan əraziləri olan Göyçədə, Zəngəzurda, Zəngibasarda, İrəvanda Azərbaycan türklərinə aid mədəni-dini irsi ermənilər məhv ediblər. Ona görə də Prezident İlham Əliyev çox əsaslı arqumentlərlə ermənilərə himayədarlıq edənləri susdurdu”.

İAT sədrinin fikrincə, Azərbaycan informasiya müstəvisində erməni yalanlarının ifşası ilə bağlı səylərini artırmalıdır. (Bakı-Xəbər)

Həmçinin oxuyun

“Şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq” – Hikmət Hacıyev

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Zəfər savaşından sonra 20 …