Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / Siyasət / Qərb oyuna qayıdır — TƏHLİL

Qərb oyuna qayıdır — TƏHLİL

Rusiyanın liderliyini gücləndirmiş 10 noyabr Bəyanatından bəri ilk dəfədir ki, Qərb Azərbaycan və Ermənistan arasındakı problemin çözümündə ciddi həmlə edir 

Diqqətlərin Avrupa futbol çempionatına və bu çərçivədə Bakıda keçirilən ilk oyuna yönəldiyi bir şənbə günündə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlaması gündəmi bir anda dəyişdi. Rəsmi açıqlamadan öyrəndik ki, bu gün Ermənistan tərəfinin Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində ölkəmizdə saxlanılan 15 nəfər erməni əsgəri Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib. Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstan hökuməti və baş nazir İrakli Qaribaşvili mühüm rol oynayıb. Proses Qərbin fəal iştirakı ilə baş tutub. Belə ki, Azərbaycan XİN-in açıqlamasında ABŞ dövlət katibi Antoni Blinkenin, onun Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolu xüsusi qeyd edilir.

Əvvəlcə onu qeyd edək ki, “Press Klub” Azərbaycanın əlindəki erməni əsir və diversantları Ermənistana təhvil verməyin əvəzində minalanmış xəritələrin işğalçı ölkədən alınması barədə təklifi ilk gündəmə gətirənlərdən biri olub. Arif Əliyevin “Minaların xəritələrini verin, diversantlarınızı geri alın!” başlığı ilə 18 mart 2021-ci il tarixində dərc olunmuş yazısında bu təklif irəli sürülmüşdü. 

Minalardan təmizlənmə postkonflikt dövrlərində dünyanın istənilən nöqtəsində ən problemli məsələlərdən biri olub. Bu proses illərlə, hətta onillərlə davam edir və həmin müddətdə mina partlayışları çoxlu sayda insanın həyatına son qoyur, partlamamış və yeri bəlli olmayan minalar qorxu yaradır, həmin ərazilərdə tikinti, təsərrüfat işlərinə ciddi əngəllər törədir. Təsəvvür edin, təkcə Ağdamda 97 min mina basdırılıbmış! İşğaldan qurtarılmış digər rayonlarda da on minlərlə mina döşənmiş ola biləcəyini nəzərə alsaq, deməli, yüz minlərlə mina var. Bu qədər mina nə qədər müddətə tapılıb, zərərsizləşdirilə bilər(di)? Bunun üçün uzun zaman, ağır əmək və böyük maliyyə lazımdır.    

Azərbaycan hazırda işğaldan azad olunan ərazilərdə tikinti-quruculuq işlərinə başlayıb, bu baxımdan mina təmizliyinin mümkün qədər sürətli aparılması çox zəruridir. Bu təmizlik xarici şirkətlərin və investisiyanın həyata keçirilən layihələrə cəlb olunması baxımından da önəmlidir, çünki əcnəbilər ilk növbədə ərazidəki təhlükəsizlik şərtləri ilə maraqlanır, haqlı olaraq heç kim risk almaq istəmir. Ən vacib məsələ isə şübhəsiz ki, ilk növbədə Azərbaycan vətəndaşlarının həyat və sağlamlığının qorunmasıdır. Bu baxımdan “əsir-diversantların əvəzində mina xəritələri” formulu hər iki tərəf üçün çox sərfəli çözüm sayıla bilər. Azərbaycan komandanlığının niyə sərhədi pozan və ya diversiya törədən erməni hərbçilərini yerindəcə zərərsizləşdirməyib, onları sağ ələ keçirməyə üstünlük verməsinin səbəbi indi daha yaxşı anlaşılır. (Əlbəttə, bilənlər bilirdi ki, bu taktika həmin əsir və diversantları bir müddət sonra “alver” predmeti kimi istifadə etməyə yönəlib.) Belə görünür ki, Azərbaycan tərəfi bu metoddan istifadə etməyə davam edəcək və digər ərazilərin də mina xəritələrini qarşı tərəfdən almağa çalışacaq. Bunun üçün beynəlxalq dəstək də var. 

İndi məsələnin geosiyasi tərəfinə nəzər salaq. Bu istiqamətdə prinsipial bir yenilik gözə çarpır: 10 noyabr 2020-ci ildən bəri Qərb ilk dəfə olaraq oyuna daxil olur. Həmin tarixdə, gecəyarısı imzalanmış bəyanatla Rusiya Minsk Qrupunun digər həmsədrlərini – ABŞ və Fransanı faktiki olaraq, oyundankənar vəziyyətə salmışdı. O tarixdən bəri bölgədə sülh və əməkdaşlığın qurulması (o cümlədən, 11 yanvar 2021-ci il tarixli Moskva razılaşması əsasında) tamamilə Moskvanın liderliyində gedirdi. 12 may tarixindən bəri başlamış sərhəd ixtilafında da Moskva “10 noyabr ruhu”na uyğun olaraq, tərəf tutmadan, arbitr qismində çıxış etməyə çalışır, bir növ, idarəolunan gərginlik yaratmaq və ya bu cür gərginliklərin yaranmasına göz yummaqla prosesin tək moderatoru rolunu və hər iki ölkə üzərində təsir imkanlarını artırır. Lakin Azərbaycan XİN-in açıqlamasında ABŞ-ın, Avropa Birliyinin və onların Cənubi Qafqazdakı əsas tərəfdaşı Gürcüstanın adı çəkilsə də, Rusiyadan bəhs olunmur. “Sputnik-Armenia” agentliyi sülhməramlıların komandanı Rüstəm Muradovun prosesdə “həlledici rol” oynadığından dəm vursa da, bunun şişirtmə olduğu aydındır. Ola bilsin, general Muradovun sövdələşmədə həqiqətən hansısa iştirakı olub, amma “həlledici” olmuş olsaydı, Azərbaycan XİN öz açıqlamasında qeyd edərdi. 

Beləliklə, hansı nəticəyə gəlirik? 

ABŞ və Fransa 10 noyabr 2020 – 11 yanvar 2021-ci il anlaşmalarından sonrakı çaşqınlığı üzərlərindən ataraq Ermənistan və Azərbaycan arasındakı sülh prosesində iştiraka qayıtmış oldular, göstərdilər ki, bölgəni tamamilə Rusiyanın öhdəsinə buraxıb, onun regional hegemoniyasını kənardan izləməklə kifayətlənmək niyyətində deyillər. Əlbəttə, bu, o demək deyil ki, Qərb Rusiyanı tezliklə bölgədən sıxışdırıb çıxaracaq və sülh prosesini öz nəzarətinə alacaq. Bu, mümkün deyil, çünki Rusiya Tramp dövründə Qərbdəki xaos və başıpozuqluqdan faydalanaraq çox çevik siyasətlə Cənubi Qafqazda daha da möhkəmləndi. Əgər Moskva əvvəllər Qarabağ münaqişəsini dondurulmuş halda Azərbaycan və Ermənistan üzərində güclü təsir aləti kimi əlində saxlayırdısa, son illər bunun riskli olduğunu dərk edərək paradiqma dəyişikliyinə getdi: o, münaqişənin həllinə öncülük etməklə regionda öz maraqlarına uyğun yeni əməkdaşlıq konfiqurasiyası qurmağı seçdi. İndi Qərbin formalaşma mərhələsində olan bu konfiqurasiyanı dağıdacağını gözləmək gerçəkçi olmaz, onların belə bir niyyətinin olması da şübhəlidir. Ən azı, ona görə ki, Qərb hazırkı mərhələdə Qarabağ erməniləri üçün yeganə təhlükəsizlik təminatı kimi məhz Rusiyanı, onun ərazidəki sülhməramlılarını görür. Elə Ermənistanın təhlükəsizliyi üçün də. Hələ ki Azərbaycan-Türkiyə-Ermənistan arasında qarşılıqlı etimad mühiti yaranmayıb. Amma 12 iyun 2021-ci il anlaşmasında bu istiqamətdə yeni bir həmlə var: Qərb Cənubi Qafqazda Gürcüstanı aktivləşdirməklə onu Azərbaycan və Ermənistan arasında alternativ vasitəçi kimi irəli verir. 

Bu rolu Türkiyə də oynaya bilərdi, amma Ankara Azərbaycanın müttəfiqi olduğu üçün Ermənistanda təbii olaraq bu ölkəyə inam yoxdur. Digər tərəfdən, ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər olduğundan, Vaşinqton və Ankara arasında da qarşılıqlı etimad yoxdur. (14 iyunda keçiriləcək Bayden-Ərdoğan görüşü bu baxımdan çox önəmli olacaq.) Filip Riker bölgə turnesinə Gürcüstandan başladı, sonra Azərbaycan və Ermənistanı ziyarət edərək yenidən Gürcüstana qayıtdı. O, Tiflisdəki mətbuat konfransında bəyan etdi ki, Gürcüstan ABŞ-ın və Bayden-Harris administrasyasının Cənubi Qafqazda və Qara dəniz regionunda başlıca tərəfdaşıdır. Şübhə doğurmur ki, Riker “əsir – mina xəritəsi” mübadiləsini həm Bakıda, həm də İrəvanda müzakirə edib və yeni regional münasibətlər sisteminin qurulmasında Gürcüstanın rolunu İlham Əliyev və Nikol Paşinyanla razılaşdırıb. Həm Azərbaycanda, həm də Ermənistanda Gürcüstana etimad var. Rusiyaya Azərbaycanda etimad azdır, Ermənistan ictimai rəyində isə Moskvanın reputasiyası ciddi zədə alıb və almaqda davam edir. Sadəcə olaraq, tərəflər bu gün Moskvanın gücü və hələlik bölgədə əsas oyunçu olması gerçəyi ilə hesablaşmaq zorundadır.  

Qərbin bu mərhələdə məsələyə müdaxiləsinin başqa bir səbəbi Ermənistandakı seçkiqabağı situasiya ilə bağlıdır. Son rəy sorğularına inansaq, hakim partiyanın reytinqi ciddi şəkildə aşağı düşüb. Hətta Robert Koçaryanın blokunun önə keçdiyini iddia edən sosioloji mərkəzlər var. Qarabağ məğlubiyyəti Paşinyanın nüfuzuna çox da sarsıdıcı zərbə vurmamışdı, bu səbəbdən məğlubiyyətdən sonra revanşist qüvvələrin etirazları, hətta hökuməti devirmək cəhdləri xalqdan dəstək ala bilmədi. Lakin 12 mayda sərhəddə başlayan insidentlər, Azərbaycan ordusunun Ermənistanın içərilərinə doğru irəlilədiyi barədə xəbərlər Paşinyanı çox çətin vəziyyətə saldı. Müxalifət xalqa anlatmağa başladı ki, baş nazir heç ölkənin sərhədlərini mühafizə edə bilmir, bu adamın hakimiyyətdə qalması Ermənistan dövlətinin yox olması ilə nəticələnəcək. Bu təbliğat müəyyən nəticə vermiş kimi görünür. (Sərhəd hadisələrinin ictimai rəyə hansı yöndə təsir etdiyini 20 iyunda daha dəqiq görəcəyik.) Əlbəttə, burada maraqlı və önəmli suallardan biri də budur ki, Azərbaycan rəhbərliyi sərhəddəki ixtilafın Paşinyana zərər vura biləcəyini anladığı halda, niyə bu gərginliyə rəvac verdi və 20 iyuna qədər gözləmədi? Bu məqam başqa bir yazının mövzusudur. 

İndi Qərb Azərbaycanın əlindəki erməni əsgərlərinin bir qisminin buraxılmasını təşkil etməklə suda boğulmaqda olan Paşinyana xilasedici dairə atmış oldu. Təsadüfi deyil ki, Paşinyan Azərbaycan XİN-in açıqlamasından dəqiqələr sonra 15 əsgərin azad olunduğunu və vətənə doğru yola çıxdığını seçkiqabağı mitinqində elan etdi…

Yekun kimi bugünkü hadisə və ondan doğan siyasi nəticələrin rezümesini bu cür verə bilərik: 

– Baydenin sözü ilə desək, ABŞ qlobal çapda olduğu kimi, bizim bölgədə də böyük oyuna qayıdır, ən azından Rusiyaya “mən də varam” mesajını verir;

– Qərb Gürcüstanı həm alternativ vasitəçi qismində önə çıxarmağa, həm də regional nəqliyyat-tranzit habı kimi Gürcüstanın rolunu məhdudlaşdırmaq istiqamətində Moskvanın səylərini neytrallaşdırmağa çalışır;  

– Qərb Rusiya tərəfindən boğazı sıxılan Nikol Paşinyana nəfəs verir və seçkiyə 8 gün qalmış onun reytinqini xilas etməyə çalışır; 

– Ermənistanın indiki hökuməti Qərbin fəallaşmasından məmnundur, Azərbaycan prezidenti də buna tərəfdar olduğunu gizlətmir və öz çıxışlarında qeyd edir;   

 – Ərdoğan-Bayden görüşündə bu mövzu müzakirə olunacaq və iki ölkə arasındakı son təmaslar işığında deyə bilərik ki, ABŞ prezidenti Türkiyədən Qafqaz siyasətini (təbii ki, başqa regionlarda da) Qərblə koordinasiya etməsini istəyəcək; 

– Lakin bugünkü hadisədən çox dərinə gedən nəticələr çıxarmaq tezdir. Bütün bunlar hələ ki Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılacağı anlamına gəlmir. Qərb Moskvanın Qarabağ savaşını dayandırmasından və ermənilərin təhlükəsizliyini təmin etməsindən narazı deyil. Qərb üçün Cənubi Qafqazda 1 saylı tərəfdaş Gürcüstandır. Gürcüstanın məsələsi həll olunmadan heç kim Azərbaycan və Ermənistan uğrunda Rusiya ilə mübarizəyə başlamayacaq. 

Şahin Cəfərli

Həmçinin oxuyun

Rusiyadakı diaspor təşkilatlarımız Jirinovskinin hədələrinə niyə reaksiya vermədi?

“Qorxu, xof səbəbindən, bir tikə çörək dalınca qaçmaları, qurduqları bizneslərinin dağılmaması və hədəfə tuş gəlməmək …