Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Qədr gecəsi – qarşıdakı ildə taleyin müəyyən olunduğu gecədir

Qədr gecəsi – qarşıdakı ildə taleyin müəyyən olunduğu gecədir

Bismilləhir-Rahmənir-Rahim!

Bir neçə günə Qədr gecəsinin birinci əhyasına qədəm qoyacağıq. Əslində, çox önəmli bir gecəyə yaxınlaşırıq. Çox təəssüf ki, insanlar arasında hələ də Qədr gecələri ilə bağlı lazımi maariflənmə işləri getməyib. Bunun səbəblərindən biri də öz yanaşmamızdır. İnsan özü üçün hər bir şeyi adiləşdirə bilən bir varlıqdır. Bəzən avtomatik olaraq, o qədər Qədr gecələri kimi nemətlərin içində oluruq ki, tam surətdə bu gecələrin, saatların, dəqiqələrin dəyərini dərk etmirik. Gözümüzü açandan bu nemətlərin içində olduğumuz üçün, bizim üçün adiləşdiyi üçün tam surətdə bu gecələrin, bu günlərin, bu saatların nə olmasını unuduruq.
İlk dəfə eşitdiyimiz zaman, ilk dəfə yaşadığımız zaman qəlbimizdə olan o həyəcan indi olmur. İllər keçdikcə həm Ramazan ayının, həm də Qədr gecələrinın formaca zənginləşməsinə baxmayaraq, məzmunca bir azalma, daralma baş verir. Biz bu gecələrə xüsusi önəm versək də, onu keçirtsək də, gecə əhya saxlasaq da, onun tam mahiyyətini, dəyərini verə bilmirik. Toplumda da Qədr gecəsinin mahiyyəti, dəyəri ilə bağlı bilgi zəifdir.
Qədr gecəsi ilə bağlı ən mühüm sözü Allah Özü deyir
Varlıq aləmində müxtəlif hadisələrin, müxtəlif baş verənlərin ayrı-ayrılıqda çəkisi və dəyəri var. Qədr gecələri ilə bağlı vəziyyət o qədər ciddidir ki, bu gecədə baş verənlər o qədər önəmlidir ki, bu gecədə olacaqlar Allah qatında o qədər fövqəladədir ki, Allah Təala Özü bu barədə insana xəbər verir. Bəzən bu sözləri, mövzuları o qədər eşitmişik, o qədər oxumuşuq ki, bizim üçün adiləşib, öyrəşmişik, məna, mövzu özü bir qıraqda qalıb, mətn özü kənarda qalıb, amma biz onun təfərrüatlarında dolaşırıq. Onun əhəmiyyətinə diqqət etmirik. Qədr gecəsi ilə bağlı ən mühüm sözü Rəbbimiz özü deyir: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik (Quran bütünlüklə, bir dəfəyə, feyz mənbəyindən birinci səmaya, yaxud Peyğəmbərin (s) mübarək qəlbinə Qədr gecəsində nazil oldu. Sonra isə tədriclə birinci Peyğəmbərin mübarək qəlbinə və Peyğəmbərin (s) mübarək qəlbindən də ümmətə çatdırıldı). Sən nə bilirsən ki, Qədr gecəsi nədir?” Göründüyü kimi, Rəbbimiz insan hidayəti üçün bənzəri olmayan, alternativi olmayan bir hidayət kitabı haqqında məlumat verir. Qurani-Kərimə etiqadı olan biri üçün bu, çox önəmlidir ki, Allah Təala Qurani-Kərimi məhz bu gecə nazil etdiyini bildirir.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın