Şənbə , Dekabr 4 2021
Ana səhifə / Siyasət / Putin-Paşinyan görüşünün arxasında nə dayanır?

Putin-Paşinyan görüşünün arxasında nə dayanır?

Dünən Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfər edib. O, Moskvada Rusiya prezidenti Vladimir Putinlə  görüşüb.

Görüşdə Rusiya-Ermənistan strateji əməkdaşlığa dair məsələlər, 2020-ci il noyabrın 10-da və 2021-ci ilin yanvarın 11-də imzalanan üçtərəfli bəyanatların icrası vəziyyəti müzakirə olunub. 

Paşinyan-Putin görüşündən sonra regionda hansı dəyişikliklər baş verə bilər? Bu görüşün Azərbaycan üçün hansı əhəmiyyəti var?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Turana bildirib ki, Paşinyan-Putin görüşü Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən sonra baş verir və bu baxımından bəzi nəticələrə gəlmək mümkündür. «Bu görüşdə ilk növbədə regiondakı vəziyyət və postmüharibə dövrünün reallıqları ilə bağlı məsələlər müzakirə oluna bilər. Xüsusilə də 2020-ci il noyabrın 10-da imzalanan məlum bəyanatının icrası əsasında fikir mübadiləsinin aparılacağı istisna deyil».

Komitə üzvünün fikrincə söhbət ilk növbədə 10 noyabr və 11 yanvar bəyanatların icrasından gedir. «Burada söhbət Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının bərpasından gedir. Ermənistanda seçkilər öncəsi revanşist ritorikası xeyli dərəcədə kəskinləşmişdi. Bu fonunda da birgə üçtərəfli komissiyanın (Azərbaycan-Rusiya-Ermənistan) fəaliyyəti iflic vəziyyətinə düşmüşdü. Amma indi həmin üçtərəfli komissiyanın fəaliyyəti gücləndirilməsi məsələsi gündəmdə olacaq».

E.Nəsirov hesab edir ki, bütövlükdə əməkdaşlıq mühiti ilə bağlı məsələlərin müzakirə ediləcəyi istisna deyil. «Yəqin ki, burada Zəngəzur dəhlizi ilə bağlı məsələsi müzakirə olunacağı proqnozlaşdırılır. Çünki Ermənistanla Azərbaycan arasında hansı əməkdaşlıqdan söhbət gedə bilər ki, əgər Zəngəzur dəhlizi fəaliyyət göstərməsə? Dəhliz fəaliyyət göstərməsə deməli Ermənistanın blokadası qorunub saxlanılacaq».

O, qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədlərin demarkasiyası və delimitasiyası məsələsi də müzakirə predmeti ola bilər. «Çünki sərhəddə tez-tez insidentlər baş verir. Ermənistan sərhəddə təxribatlar törədir və ona görə də delimitasiya və demarkasiya məsələləri də müzakirənin predmeti ola bilər».

Politoloq Ərəstun Oruclu isə  bildirib ki, Putin-Paşinyan görüşündə iki əsas məsələnin müzakirəsi gözlənilir.

O, hesab edir ki, bunlardan biri Azərbaycanın və digər ölkələrin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tərəfdaş statusunda qəbul olunması haqqında olacaq. «Çünki Rusiya Dövlət Dumasının sədrinin Bişkekdə KTMT-ya üzv olan dövlətlərinin görüşündə bununla bağlı müəyyən açıqlamalar verib. Açıqlamanın mahiyyəti ondan ibarətdir ki, Rusiya tərəfdaşlıq ststusunun təsis etməsini təklif edir və təşkilata maraq göstərən iki ölkənin adı çəkilib. Bunlardan biri Azərbaycan, digəri isə Pakistandır. Hazırda isə Rusiya çalışır Ermənistanı dilə tutsun ki, bu məsələdə müqavimət göstərməsin».

Ekspertin fikrincə görüşdə müzakirə olunacaq digər məsələ Qarabağ müharibəsindən sonra yaranmış vəziyyət və Ermənistanın ümumi və hərbi vəziyyətidir. «Ermənistan ordusu darmadağın olunub və indi Rusiyaya onu dirçəltmək lazımdır. Amma eyni zamanda Rusiya Paşinyandan siyasi təminat almalıdır, çünki o, daha çox Qərb meyli siyasətçidir və nə zamansa hətta Rusiyanın hərbi bazasını çıxarmağa cəhd edə bilər».

Ə.Oruclu hesab edir ki, buna görə də istər Ağdam istiqamətində, istər sərhəd boyu gərginliklərin Ermənistan tərəfindən yaradılması təsadüfi deyil. «Ermənistan bununla Rusiyaya mesaj verir ki, o, Rusiyanın gözlədiyi xidmətləri göstərməyə hazırdır. Bunun müqabilində də Rusiyadan nəsə istəyəcək. Bu yaxınlarda Avropa Birliyi Ermənistana 1,5 milyard avro pul ayırıb. Bu da Rusiyanı narahat edir. Əlbəttə, Rusiyanın Ermənistana verəcəyi bu qədər pulu olmasa da, o, Ermənistana həmin məbləğə silah verə bilər»

Həmçinin oxuyun

“Sizə kim status söz verib?” – Babayana CAVAB

“Saxtakar tanınmamış “xarici işlər naziri” qırıq val kimi yorulmadan təkrar edir: “”Arsax” xalqı və hakimiyəti …