Cümə axşamı , May 26 2022
Ana səhifə / Siyasət / Putin bu müharibədə qazanarsa və ya uduzarsa, bunun Azərbaycana təsiri nə olacaq?

Putin bu müharibədə qazanarsa və ya uduzarsa, bunun Azərbaycana təsiri nə olacaq?

İyirmi gündür davam edən Rusiya-Ukrayna müharibəsində Rusiya istədiyi nəticəni hələ də əldə edə bilməyib.

Müharibənin nə zaman və kimin xeyrinə başa çatacağını indidən demək mümkün deyil.
Ancaq nə olmasından asılı olmayaraq, bu müharibənin nəticələrinin Azərbaycana hansı təsirləri olacaq?

BBC News Azərbaycanca yerli və xarici təhlilçilərlə iki mümkün ssenari barədə danışıb.

Risk

ABŞ Dövlət Departamentinin keçmiş müşaviri Paul Goble BBC News Azərbaycancaya bildirib ki, Rusiya Ukraynaya qarşı başlatdığı müharibəni qazansa belə, bu “məğlubiyyətə bərabər qələbə” olacaq.

Onun fikrincə, Rusiyada müharibənin 2-3 günə yekunlaşacağı gözlənilsə də, bu baş vermədi. Paul Goble müharibənin uzanmasının Azərbaycan da daxil olmaqla, keçmiş sovet ölkələri, hətta Baltikyanı dövlətlər, Finlandiya, İsveç və Polşa üçün risk yaratdığını qeyd edib.

Amerikalı siyasətçi Ukraynaya qarşı müharibə başlatmaqla, Rusiyanın qonşu dövlətlərə, xüsusilə post-Sovet ölkələrinə mesaj verdiyini deyib:

“Rusiya Prezidenti işğala başlamazdan bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən zaman dedi ki, o, Ukrayna istisna olmaqla, digər qonşu ölkələrin hamısının suverenliyini qəbul edir. Putin Ukraynanı bu siyahıya salmamasını onunla izah etdi ki, Kiyev hökuməti Rusiyaya qarşı olan xarici qüvvələr tərəfdə yer alıb”, Paul Goble deyir.

Fevralın 27-də Bakıda Ukrayna səfirliyi qarşısında Kiyevə dəstək çağırışı ilə aksiya keçirilib

Onun fikrincə, Kreml rəhbərinin bu mesajı əslində Brejnev doktrinasının yenidən doğulması deməkdir. “Yəni periferik ölkələr Qərbin təsiri altına keçmək istisna olmaqla, istədiyi kimi hərəkət edə bilər. Rusiyanın “Qərb” anlayışına Türkiyə də daxildir. Bu isə o anlama gəlir ki, Azərbaycan da daxil olmaqla, adı çəkilən ölkələrin suverenliyi və ərazi bütövlüyü şərtidir”.

“Balanslı siyasətin” sonu?

Paul Goble Putinin Azərbaycan üçün təhdid yaradan digər açıqlamasına da diqqət çəkib. Onun sözlərinə görə, Kreml rəhbəri İlham Əliyevlə görüşdə açıq şəkildə bəyan etdi ki, rəsmi Moskva coğrafi baxımdan Rusiyaya yaxın olan ölkələrdə artıq Qərblə eyni dərəcədə rol almaq istəmir.

Onun fikrincə, Putinin bu açıqlaması, Azərbaycanın uzun müddətdir Rusiyanın mümkün aqressiyasından özünü qorumaq üçün yeritdiyi balanslı siyasətin sonu ola bilər.

Bunu əsas gətirən Paul Goble Rusiya-Ukrayna müharibəsinin necə yekunlaşmasından asılı olmayaraq, rəsmi Bakının mümkün təhlükələrə hazırlaşacağını düşünür.

“Mənə elə gəlir, növbəti aylarda Azərbaycan və Türkiyə arasında müdafiə sektorunda inteqrasiyanın dərinləşdirilməsi üçün əlavə razılaşmalar imzalana bilər. Bu tendensiya artıq Avropada başlayıb. Bu günə kimi heç bir hərbi alyansda yer almaq istəməyən İsveç və Finlandiya kimi ölkələr belə artıq Qərb ittifaqında iştiraka maraq göstərir.

Eyni vəziyyətin Azərbaycan və Türkiyə arasında da yaranacağı istisna deyil. Təbii ki, Azərbaycanın Türkiyəyə meyl etməsi Rusiyanın ciddi narazılığına səbəb olacaq. Ona görə də hesab edirəm, Türkiyə ilə daha da yaxınlaşma Azərbaycan üçün 1991-ci ildən bəri verilən ən mühüm və ciddi qərar ola bilər”, – Paul Goble deyib.

Regional hərbi alyans

Britaniyanın Oxford Universiteti və Robert Bosch Academy-nin siyasi məsələlər üzrə elmi tədqiqatçısı Leyla Əliyeva hesab edir ki, müharibənin necə başa çatmasından asılı olmayaraq, Rusiya Ukraynaya qarşı genişmiqyaslı hərbi işğala bağlamaqla “beynəlxalq imicini artıq itirdi”.

Bunu əsas gətirən siyasi təhlilçi Azərbaycan hökumətinin xarici siyasətdə korrektələr etməli olduğunu bildirib. Onun fikrincə, rəsmi Bakı Qərblə daha dərin müttəfiqlik əlaqələri yaratmalıdır.

Leyla Əliyeva Rusiyanın gələcək təhdidlərinə qarşı regional hərbi blokun yaradılması ideyasını da irəli sürür.

“Ukrayna böhranı bir məsələni açıq göstərdi ki, regional hərbi alyansa ehtiyac var. Təəssüf ki, bu illər ərzində GUAM ölkələri hərbi birliyə çevrilə bilmədi və hətta təşkilat kimi fəaliyyəti çox aşağı düşdü.

Əgər vaxtında GUAM hərbi gücə çevrilsəydi, Ukrayna bu gün tək qalmazdı. Səhv etmirəmsə, o vaxt belə bir ideya var idi, amma Avropa İttifaqı bunu müsbət qarşılamadı. Qərb hesab edirdi ki, bu, Moskvanı daha da qıcıqlandıra və nəticədə Rusiya daha da aqressivləşə bilər.

Amma indi Avropa və ABŞ Ukraynaya kömək etmək üçün yollar axtarır. O vaxt regional hərbi ittifaq olsaydı, indiki məqamda Ukraynaya dəstək olmaq daha asan olardı”, – Leyla Əliyeva əlavə edib.

İqtisadi təsirlər

Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiyanın əsas ölkələrdən biri olduğunu nəzərə alsaq, müharibənin nəticələrinin Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcəyi aydındır:

İqtisadçı Qubad İbadoğlu bildirib ki, Rusiya-Ukrayna müharibəsinin təsirləri Azərbaycanda müəyyən müddət sonra özünü daha qabarıq göstərəcək.

Onun fikrincə, müharibənin nəticəsindən asılı olmayaraq baş verənlər Azərbaycan iqtisadiyyatına həm mənfi, həm də müsbət təsir göstərəcək.

“Misal üçün Qərbin iqtisadi qadağalarından sonra Rusiya bu ilin sonuna kimi həmin ölkələrə meşə materialları, odun və digər bu cür xammalların ixracatına qadağa qoyub. Ona görə də növbəti aylarda tələbatın aşağı düşməsi ilə taxta və ya odun materiallarının qiymətində ucuzlaşma ola bilər. Bu isə Azərbaycan kimi Rusiya bazarından meşə materialları alan ölkələr üçün yeni imkanlar yaradacaq”, – iqtisadçı bildirib.

Lakin Qubad İbadoğlu ərzaqla bağlı məsələnin fərqli olduğunu deyib. İqtisadçı hesab edir ki, Azərbaycan günəbaxan, yem tədarükü üçün xammal və mineral gübrə sahəsində Rusiyadakı idxaldan asılıdır.

Onun sözlərinə görə, qeyri-neft məhsullarının ixracı baxımından da Azərbaycanın Rusiya bazarlarına ehtiyacı var.

“Azərbaycanda yetişdirilən pomidorun 99.3 faizini Rusiya bazarında satırıq. Alma və digər meyvələrin təxminən 80 faizi Rusiyaya ixrac edilir. Müttəfiqlik haqqında bəyannaməyə görə Rusiya və Azərbaycan arasında ticarət milli valyutalarla aparılmalıdır. Rublun ucuzlaşması fonunda, biz bu ölkəyə kənd təsərrüfatı məhsulları ixrac etsək belə, onun dəyəri olduqca aşağı düşəcək və bu, fermerlər üçün ciddi itkilərə gətirib çıxaracaq”.

Rusiyada işləyən azərbaycanlılar

İqtisadçı deyib ki, Azəbaycanın iqtisadi baxımdan Rusiyadan asılılığı yalnız ticarət əməkdaşlığı ilə məhdudlaşmır.

Rusiyada xeyli sayda azərbaycanlı əmək miqrantının olduğunu qeyd edən Qubad İbadoğlu, sanksiyalar nəticəsində onların gəlirlərinin azalacağını və hətta iş yerlərini itirəcəklərini bildirib.

İqtisadi təzyiqlər Rusiyanın maliyyə sistemini də hədəf aldığından, fəaliyyətlərini davam etdirən Azərbaycan vətəndaşları Azərbaycana pul göndərə bilməyəcəklər, təhlilçi bu fikirdədir.

Rusiya rublu martın 9-da kəskin şəkildə dəyərini itirib, belə hal sonuncu dəfə 2016-cı ilin əvvəlində müşahidə olunub

“Statistikaya görə, 2021-ci ildə xarici ölkələrdən Azərbaycana 1.3 milyard dollar pul köçürməsi olub ki, onun da 60 faizi Rusiyanın payına düşüb. Belə olan halda Azərbaycanda sosial sabitlik üçün əsas mənbə olan Rusiyadan da dəstəyi itirə bilərik. Nəticədə əmək miqrantları Azərbaycana qayıdacaqlar. Bu isə əmək bazarında gərginlik yaratmaqla yanaşı, ölkədə tələbatın artmasına və istehlak inflyasiyasının yüksəlməsinə gətirib çıxara bilər”, – təhlilçi bildirib.

O, həmçinin iki ölkə arasında investisiya layihələrinin də ciddi təsirə məruz qalacağını vurğulayıb.

Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin 0.6 faizinin rubl valyutasında olduğunu xatırladan Qubad İbadoğluya görə, Rusiyada şirkətlərin səhmləri ucuzlaşdığından bu ölkədəki “sərmayələr itirilib”.

İqtisadçı qeyd edib ki, Rusiya qalib gəlsə, Qərbin sanksiyaları daha da sərtləşəcək ki, bu da Azərbaycana təsir göstərəcək, ona görə də Azərbaycan hökuməti mövcud təhlükələri nəzərə alaraq, ilk növbədə ərzaq təhlükəsizliyi istiqamətində işlər görməlidir. “Bunun birinci şərti isə yerli istehsalın artırılmasıdır. Buna nail olmaq üçün yerli bazara daxil olmaq üçün qoyulan süni maneələr, inhisarçılıq, korrupsiya aradan qaldırılmalı, məhsul nomenklaturasına yenidən baxılmalı, Aqro Parklar siyasi elitalardan azad edilməlidir”.

Qarabağ


ABŞ Dövlət Departamentinin keçmiş müşaviri Paul Goble hesab edir ki, Ukrayna müharibəsinin başlaması ilə Qarabağda atəşkəsin tez-tez pozulması heç də təsadüfi deyil.

Onun sözlərinə görə, Moskvada bəziləri hesab edir ki, mövcud vəziyyətdən istifadə edib, Rusiya Qarabağın müstəqilliyini tanımalıdır:

“Digərləri isə düşünür ki, Rusiya atəşkəsin pozulmasından istifadə edib Ermənistan və Qarabağda hərbi gücünü daha da artırmalıdır. Lakin bu o demək deyil ki, Qarabağda növbəti həftələrdə və ya aylarda yenidən müharibə alovlana bilər”.

Siyasi tədqiqatçı Leyla Əliyeva Ukrayna müharibəsi fonunda Qarabağda atəşkəsin tez-tez pozulmasını Rusiyanın “ənənəvi oyunu” hesab edir.

Onun fikrincə, rəsmi Moskva Bakının Ukraynaya humanitar yardım göndərməsindən məmnun olmayıb və bu yolla Rusiya Azərbaycana təzyiq göstərməyə çalışır:

“Bu onu sübut edir ki, dondurulmuş münaqişələr olduqca təhlükəlidir və bir-biri ilə əlaqəlidir. Ona görə ki, Rusiya lokal münaqişələrdən alət kimi istifadə edir. Ola bilsin ki, Rusiya Ukrayna ilə müharibəni uduzduğu halda kompensasiya kimi Qarabağ müharibəsini yenidən alovlandıra bilər”.

Rusiya-Ukrayna müharibəsinin post-Sovet ölkələrində demokratikləşməyə təsirini şərh edən Paul Goble deyib ki, Kreml administrasiyası uzun illərdir MDB-ni “diktatorlar birliyi” ölkələri kimi görüb.

Onun fikrincə, Putin periferiyasında olan ölkələrdə də özü kimi avtoritar rejimlərin hakimiyyətdə olmasını istəyir.

“Çünki Putin Lukaşenko ilə necə davranacağını yaxşı bilir. Amma demokratik cəmiyyət qurmağa çalışan Zelenski ilə necə rəftar edəcəyini bilmir. Azərbaycandakı demokratikləşmə prosesinə gəldikdə isə, xatırlayıram, 25 il əvvəl Heydər Əliyevlə görüşən zaman o dedi ki, demokratik ölkə olmaq üçün, əvvəlcə [Rusiyadan azad] ölkə olmaq lazımdır”, – Paul Goble bildirib.

Azərbaycan Ukrayna müharibəsilə bağlı qətnamənin qəbul olunduğu BMT sessiyasında iştirak etməyib və bəyanatlarında Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləməyib. Ancaq eyni zamanda, Azərbaycan Ukraynaya humanitar yardımlar göndərib və SOCAR Ukraynada tibbi və yanğısöndürmə xidmətlərini pulsuz yanacaqla təmin edib.

Dünən ABŞ Dövlət Katibi Antoni Blinken Prezident Prezident İlham Əliyevə zəng edərək, Ukraynaya göstərdiyi dəstəyə görə ona təşəkkür edib.

Həmçinin oxuyun

Fərid Qayıbov Azad Rəhimovun qaynını işdən çıxardı – FOTO

Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov işdən çıxarılıb. Fərid Qayıbovun əmri ilə onun yerinə …