Cümə axşamı , Fevral 2 2023
Ana səhifə / Siyasət / “Pul müqabilində arayış istəyənlərdən biri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlinin qayınatası olub”

“Pul müqabilində arayış istəyənlərdən biri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlinin qayınatası olub”

“Qərbi Azərbaycan İcmasının yaradılması haqda Prezidentin təşəbbüsünü alqışlamaq gərəkdir. Çünki uzun illərdən bəri bu məsələ kölgədə qalmışdı. Heç kim rəsmi baxımdan Qərbi Azərbaycandan didərgin soydaşlarımızın öz dədə-baba yurdlarına qaytarılması problemi ilə maraqlanmırdı. Nəhayət, dövlət başçısının bu məsələni şəxsən qabartması və önə çəkməsi, bununla bağlı qərar qəbul etməsi, fikrimcə, bütün Qərbi Azərbaycanlıların ürəyincədir”.

 Bunu Moderator.az-a açıqlamasında Deportasiya Qurbanları Cəmiyyətinin təsisçilərindən və həmin qurumun idarə heyətinin üzvlərindən biri,  ədliyyə ordu  generalı, sabiq baş prokuror Əli Ömərov  söyləyib. 

 “Yaxşı yadımdadır ki, 1988-ci ildən bəri Qərbi azərbaycanlılar öz doğma yurdlarından didərgin düşəndən sonra hansı zülmləri çəkirdilər.  Hətta onların Azərbaycanda qeydiyyata alınması işi də olduqca müşkül məsələyə çevrilmişdi. O vaxtkı Qaçqınlar Komitəsində bunun üçün, bir arayış üçün qərbi azərbaycanlılardan pul istəyirdilər. Yadımdadır ki, mən baş prokuror işləyərkən bir qrup qaçqın soydaşımız bununla bağlı yanıma şikayətə gəldilər. Onlardan soruşdum ki, konkret olaraq kimlərin sizdən arayış üçün pul istədiyini deyə bilərsinizmi. Onlar bir neçə adamın adını çəkdilər, amma yazılı qaydada vermədiklərinə görə mən o adamların adını çəkmək istəmirəm. Çünki əlimdə  yazılı əsasım yoxdur. Ancaq indi  mən müəyyən etmişəm ki, həmin arayış istəyənlərdən biri hazırkı Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlinin qayınatası olub”- davamında bunları söyləyən  sabiq baş prokuror  sözügedən qurumun idarə heyəti üzvlərinin əksəriyyətinin orada təmsil olunmağa layiq olmadıqlarını düşünür. 

 “Hesab edirəm ki, həmin icmanın idarə heyətinin üzvləri barədə Prezidentə düzgün məlumat verməyiblər. O rəhbər qurumda təmsil olunanların çoxu Qərbi azərbaycanlıları təmsil edə bilməz, onların adından danışa bilməz. Məsələn, Əziz Ələkbərlinin özü kimdir ki, Qərbi Azərbaycandan olan soydaşlarımızı təmsil edir. Başa düşə bilmirəm, bu adam indiyədək Qərbi azərbaycanlılar üçün nə iş görüb ki, onlara hansı dəstəyi, köməkliyi göstərib ki? O, hansı xidmətlərinə görə indi İdarə Heyətinin rəhbəridir? Əksinə, Əziz Ələkbərli Heydər Əliyevin dövründə yazdığı kitablarda Prezidentliyə namizəd kimi başqalarını təbliğ edib. Odur ki, hesab edirəm ki, o, Qərbi Azərbaycan İcmasının sədrliyinə layiq şəxs deyil. Bundan əlavə, İdarə heyətində təmsil olunanlar arasında vaxtilə dəmiryol vağzalında kvas satanlar var, səviyyəsiz ticarət adamları var. Görünür, kimlərsə belələrini nəyinsə müqabilində İdarə Heyətinə salıb ki, Prezidentin yanında görünsünlər, onunla şəkil çəkdirsinlər… 

Düzdü, Qərbi Azərbaycan İcmasının İdarə Heyətində layiqli şəxslər də var. Məsələn Misir Mərdanov, Əhliman Əmiraslanov, Vahid Əziz, Hikmət Babaoğlu. Bunları həmin quruma rəhbərlik etməyə layiq hesab edirəm.  Ancaq digərləri Qərbi Azərbaycan toplumu tərəfindən tanınmayan, sayılıb-seçilməyən adamlardır. Zənnimcə, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinə elə şəxslər seçilməlidir ki, onlar həm Qərbi Azərbaycan camaatı arasında böyük hörmətə malik olsunlar, həm də bizim hazırda “Ermənistan” adlandırılan torpaqlarımızın keçmiş tarixində də tanınan müdrik, əsil ağsaqqal adamlar olsun. Sadaladığım 4-5 nəfərdən savayı həmin qurumdakı şəxslər deyilən keyfiyyətlərə, kriteriyalara malik deyil. Bu baxımdan Deportasiya Qurbanları Cəmiyyəti adından hesab edirəm ki, Qərbi Azərbaycan İcmasının İdarə Heyətində bizim qurumun da əksər rəhbər üzvləri iştirak etməli idi.  Ona görə ki, bu Cəmiyyəti biz 20 ildir ki, yaratmışıq və  həmin müddətdə daim Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsinə qalxmışıq. Məsələn,  mən şəxsən mətbuata dəfələrlə bu mövzuda müsahibə vermişəm. Və bildirmişəm ki, Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımıza da Qarabağ köçkünlərinə verilən imtiyazlardan verilməlidir. Halbuki bu haqda həm mərhum Prezident Heydər Əliyevin, həm də hazırkı Prezident İlham Əliyevin fərmanları var. Amma vaxtı ilə Əli Həsənov kimilər Qaçqınkoma rəhbərlik edəndə Ramiz Mehdiyevin tapşırığıyla  Qərbi azərbaycanlılara nəinki imtiyaz verilməsini təmin edir, əksinə, onların hüquqlarını pozurdular. Hesab edirəm ki, bir sıra nüfuzlu Qərbi Azərbaycan ziyalılarının İcmanın İdarə Heyətinə salınmamasında, görünür, yenə də Ramiz Mehdiyevin barmağı var. Yəqin, həmin quruma da bəzi adamları onun sifarişi ilə salıblar. Bu ictimai  qurumdur və axı Prezident  onun rəhbər üzvlərinin hamısının kimliyi ilə tanış deyil. Çox güman ki, ölkə başçısı çoxunun kimliyini öyrənsə, onların rəhbərlikdən kənarlaşdırılmasına təsir göstərər və götür-qoy edər ki, Qərbi Azərbaycandan neçə-neçə sanballı şəxslər bu qurumdan kənarda qalıb. Çox güman ki, Deportasiya Qurbanları Cəmiyyəti bu yaxınlarda bu barədə ciddi bəyanat da verəcək və Prezidentə müraciət də edəcək” -deyə həmsöhbətimiz bildirib.  

“Bəs siz konkret olaraq kimləri qeyd edilən qurumda görmək istərdiniz?” sualını isə Əli Ömərov belə cavablandırıb:

 “Məsələn, sabiq deputat və professor Eldar Abbasovu, Paşa Qəlbinuru, Firudin Cəlilovu, Köçəri Nağıyevi və s. kimi tanınmış adamları təklif edərdim. Elə  Hafiz Hacıyevi götürək, neçə illərdir Qərbi Azərbaycandan ötrü fəallıq göstərir, çıxışlar edir…  Heç hələ özümü demirəm… Halbuki, Qərbi azərbaycanlıların hamısı məni yaxşı tanıyır. Əgər yadınızdadırsa, hələ 1992-ci ildə Xocalı faciəsindən sonra Qərbi Azərbaycandan qaçqın soydaşlarımız haqda müzakirələr gedirdi. Mən o vaxt üzümü rəhbərliyə tutub dedim ki,  1988-ci ildən Ermənistandan qaçqın düşən soydaşlarımızın hüquqları ilk günlərdən pozulub. O vaxtkı rəhbərlər Moskvanın göstərişi ilə onların Qarabağda, Şuşada, Xocalıda və s. yerləşməsinə imkan verməyiblər. Onları Şuşadan, Xocalıdan polis gücünə yük maşınlarına mindirib çıxarıb iqliminə  öyrəşmədikləri isti aran bölgələrə köçürürüdülər. Əgər o vaxt Qərbi azərbaycanlılar  kompakt şəkildə Şuşada, Xocalıda yerləşdirilsəydi, ermənilər Qarabağda başımıza bu qədər oyunlar aça, ərazilərimizi işğal edə bilməzdilər…”  Bəs  hazırkı Qərbi Azərbaycan İcmasının İdarə Heyətindəki bəzilərini çıxmaq şərti ilə digərlərindən hansı biri Qərbi Azərbaycan məsələsindən, oradan qaçqın düşmüş soydaşlarımızın problemlərindən danışıb?..”

Həmçinin oxuyun

Naxçıvanın sabiq prokuroru müavin postuna qanunsuz təyin olunub (DETALLAR)

Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş prokuroru Səbuhi Şahverdiyev ali məktəbi bitirdiyi il Muxtar Respublika prokurorunun …