Ana səhifə / Siyasət / Professor Brüsel görüşünü belə təhlil etdi: “Azərbaycanın diplomatik-siyasi uğuru kimi qiymətləndirilə bilər“

Professor Brüsel görüşünü belə təhlil etdi: “Azərbaycanın diplomatik-siyasi uğuru kimi qiymətləndirilə bilər“

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə  Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. Görüşün yekunları ilə bağlı qəbul edilən ümumi bəyanatın məzmunundan görünür ki, ümidverici məqamlar var.

Azərbaycan Xarici İşlər Nazirliyi də görüşdə əldə olunan razılaşmanı müsbət qiymətləndirən mövqe sərgiləyib. Brüssel görüşünün ümumi məzmunu və bunun gələcək üçün nələr vəd etdiyi barədə ekspertlər nə düşünür?

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Brüsseldə keçirilən görüş növbəti dəfə Azərbaycanın diplomatik-siyasi uğuru kimi qiymətləndirilə bilər: “İlk növbdə onu vurğulamaq lazımdır ki, çox normal siyasi atmosferdə  və səmimi ovqatda keçirilən görüşdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin nikbin və praqmatik təşəbbüskarlığı daha çox nəzərə çarpırdı. Xüsusilə də Şarl Mişellə Prezident İlham Əliyev arasında həddindən artıq səmimi şəxsi dialoq və xoşniyyətli nikbin təmaslar Azərbaycanın əsl güvənli tərəfdaş və söz sahibi olan ölkə statusundan xəbər verdi. Eləcə də, üçtərəfli görüşdə tədbirin əsas etibarilə Prezident  İlham Əliyev tərəfindən idarə edildiyi və funtamental qərarların qəbulunda onun diqtəsinin dominant olduğu aydın nəzərə çarpırdı.

Üçtərəfli görüşün nəticəsinə əsasən, AİŞ-nın birbaşa dəstəyi ilə Azərbaycan və Ermənistan arasında sülh mexanizm və formatının yaradılması nəzərdə tutulur. Bu onu təsqdiqləyir ki, Azərbaycanın təkidlə beynəlxalq birlik qarşısında irəli sürdüyü dayanıqlı sülh və möhkəm təhlükəsizlik, geniş regional əməkdaşlıq təşəbbüsləri Avropa Şurasının da qəbul etdiyi əsas prinsiplərlə tam üst-üstə düşür. Azərbaycan və Avropa İttifaqı Şurasının prinsipial olaraq eyni mənafeyə xidmət edən birgə baxışları bölgədə əməkdaşlıq mühiti formatının alternativsiz yeganə yol olduğunu nümayiş etdirir.

AİŞ-nın rəhbəri Şarl Mişelin üçtərəfli görüşün nəticələri barədə bəyanatı da onu deməyə əsas verir ki, Azərbaycanın irəli sürdüyü sülh layihəsi planı Avropa İttifaqı və Ermənistan tərəfndən qəbul olunur və ölkəmizin təklif etdiyi şərtlər əsasında müqavilə sənədi hazırlanacaq. Ermənistan bununla öz üzərinə öhdəlik götürdü və Xarici İşlər nazirliklərinə bununla bağlı təlimatlar veriləcəyi dəqiqləşdi. Beləliklə, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət sülh müqaviləsinin imzalanması üçün ilkin təməl qoyuldu”.

Professor hesab edir ki, 5 maddəlik çərçivə sənədinin fundamental ana prinsipi Azərbaycanın beynəlxalq miqyasda qəbul edilən ərazi bütövlüyü və suverenliyinin, sərhəd toxunulmazlığının Ermənistan tərəfindən qeyd-şərtsiz tanınmasıdır: “Sənəddə “Dağlıq Qarabağ”  ifadəsinə ümumiyyətlə yer verilməyib və bu o deməkdir ki, Cənab Prezidentin bəyan etdiyi kimi münaqişə artıq tarixdə qaldığından və Qarabağ problemi həll olunduğundan bu bölgədə yaşayan ermənilərin ictimai-siyasi statusu Azərbaycan Konstitusiyasından irəli gələn tələblərə əsasən müəyyənləşəcək. Bu reallığın Avropanın mötəbər masasında qəbul edilməsi isə Ermənistanın bu mövzuda məntiqsiz bəhanələrinə yer qoymur. Baza paketi əsasında ölkəmizin milli maraqlarını tamamilə ifadə edən digər bəndlər isə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hüquqi-texniki məsələlərin həlli üzrə birgə komissiyanın yaradılması, iki ölkə arasında normal etimad mühtinin və əməkdaşlığın yaradılması, iqtisadi-siyasi əlaqələri normallaşdırmaq üçün birgə addımların atılması, nəqliyyat-kommunikasiya xətlərinin yaradılması və regional nəqliyyat marşrutları şəbəkəsinin inteqrasiyası, regional əməkdaşlıqda maneəsiz və heç bir şərt olmadan kommunikasiyalardan birgə istifadənin təmin edilməsi ilə bağlıdır. Bu, həm də tarixi torpaqlarımızdan keçməklə Naxçıvanı Zəngilanla birləşdirən Zəngəzur dəhlizinin yaradılması deməkdir. Bu xüsusda bir məqama xüsusi diqqət yetirmək lazımdır. Bəziləri ötən ay Azərbaycan və İran arasında Araz çayından keçməklə Naxşıvanı birləşdirən yeni dəhlizin yaradılmasına daiz imzalanmış sazişdən sonra hesab edirdi ki, Zəngəzur dəhlizi gündəlikdən çıxdı. Brüssel danışıqlarında cənab İlham Əliyevin qəbul etdirdiyi şərtlər paketi təsdiq etdi ki, Azərbaycan Ermənistan ərazisindən keçəcək nəqliyyat-kommunikasiya marşrutlarının yaradılmasında israrlıdır və bu layihələr mütləq həyata keçiriləcək.

Beləliklə, Brüssel danışıqları bir daha onu təsdiq etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olan Ermənistanın bütün əsassız iddialarından əl çəkməklə bölgədə sülh mühitinin formalaşmasına qoşulmaqdan başqa çıxış yolu qalmır”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Parlamentin 8 spikeri – hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq …