Bazar ertəsi , Sentyabr 27 2021
Ana səhifə / Siyasət / Prezidentin Naxçıvan ismarıcları – Qənirə Paşayeva

Prezidentin Naxçıvan ismarıcları – Qənirə Paşayeva

Cənab İlham Əliyev dövlət başçısı olduğu illər içində Naxçıvana 15 dəfə səfər edib və bu səfərlər dövlət başçısının sadəcə yerli durumla yaxından tanışlığı məqsədi daşıyan bir protokol səfəri olmayıb, hər biri taleyüklü problemlərin həllinə xidmət xarakteri daşıyıb. Bu səfər də regionda maraqlı qüvvələrə xüsusi ismarıclar verildi.

Naxçıvanda durumlar necədir? 

-Naxçıvan sürətlə inkişaf edir;

-Naxçıvanın infrastruktur layihələri şaxələnir;

-Son 20 il içində ÜDM 10 dəfədən çox artıb;

-2000-ci illərin ikinci yarısından etibarən muxtar respublikanın büdcəsi Ermənistanın büdcəsi ilə müqayisə həddindədir;

-Naxçıvanda kənd təsərrüfatı ilə bağlı görülmüş işlər də öz nəticəsini verməkdədir; Naxçıvan özünü bir neçə əsas ərzaq məhsulu ilə təmin edir;

-Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir.

Muxtar respublikada bütün şəhərlər artıq magistral yollarla bir-birinə bağlanıb. Qazlaşdırma və elektrik enerjisi təchizatı səviyyəsi artıq 100 faizə çatıb. Bunu nəyə görə vurğulayırıq? – Baxın, vaxtilə Naxçıvanda işıq yox idi, enerji təchizatı yetərli deyildi. Azərbaycandan gələn xətlər Ermənistan tərəfindən kəsilmişdi; indi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan qaynaqdan istifadə edir. Bu, önəmli, hətta çox önəmli məsələdir.

İctimai xidmətlər sahəsində çox önəmli bir təsisat olan “ASAN xidmət” Mərkəzinin Naxçıvanda tikintisi davam edir.

Naxçıvanda böyük turizm potensialı mövcuddur.

Naxçıvan hava limanında yeni uçuş-enmə zolağının açılışı turistlərin Naxçıvana gəlməsini stimullaşdıracaq.

– Bu, qəbul görmüş bir gerçəklikdir. Yəqin ki pandemiyadan sonra Naxçıvana gəlmək istəyən xarici qonaqların sayı daha da artacaq. Ümummilli liderimizin sözlərini xatırlatmaq istərdim: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qədərdir”.

– Yəni Azərbaycan dövləti gücləndikcə onun hər bir bölgəsi çiçəklənir. İqtisadiyyatın inkişafı, demək olar, bütün digər sahələrin inkişafını da bərabərində gətirir. Bu planda ən öndə gələn əməli fəaliyyət sahələrinin başında hərbi güc gəlir. Çox şadıq ki respublikamızın Naxçıvandakı hərbi potensialı elə bir səviyyəyə çatıb ki, düşmənə gözdağı verir, dosta qürur bəxş edir.

Hərbi aerodromun və hərbi hospitalın açılışı muxtar respublikanın təhlükəsizliyinin təmin olunması işinin təşkilində xüsusi hadisədir.

Son illər içində Naxçıvanda bütün hərbi hissələr yenidən qurulub, eləcə də, daha öncələr mövcud olmayan bir çox hissələr yaradılıb.

Naxçıvandakı Ümumqoşun Əlahiddə Ordunun yüksək döyüş hazırlığı xüsusi hadisədir. Heç kəsə sirr deyil ki Əlahiddə Ordu “mehriban qonşu” Ermənistanın “ikinci cəbhə” açmaq həvəsini içindəcə boğmağa məcbur edib. Qardaş Türkiyə ordusu timsalında tam şəkildə NATO standarlarına keçmiş bu xüsusi statuslu hərbi vahidin döyüş qabiliyyəti günün tələbllərinə layiqli cavab verir. Azərbaycan Vətən Müharibəsində Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları və digər birləşmələrin hərbçiləri özünəxas qəhrəmanlıqlar göstərib. Ayrıca, 2018-ci ilin elə bu vaxtlarına təvafüq edən tarixi Günnüt əməliyyatı Ümumqoşun Əlahiddə Ordunun nəyə qadir olduğunu parlaq şəkildə göstərib. – Ən az itki ilə mümkün olan ən yüksək nəticə!

Azərbaycan Ordusunun Naxçıvandakı xüsusi hərbi vahidi ən çağaş silah və texnika ilə təchiz edilib. Naxçıvanda olan hərbi texnika hətta bəzi qabaqcıl ölkələrin ordusunın malik olduğu texnikadan üstündür. Bəli, respublikamızın digər bölgələri ilə hələlik birbaşa bağı olmayan Naxçıvana ən çağdaş, ən son texnologiyaya əsaslanmış texnika gətirilib (və gətirilir).

Əlbəttə, Naxçıvanda müşahidə olunan mənzərə ümumazərbaycan inkişafının tərkib hissəsidir. Yalnız onu deyək ki dünyada çox az ölkə tapılar ki ağır müharibədən çıxa, 30 illik işğalı aradan qaldıra, bununla belə heç bir sosial proqramı, əhaliyə ödənişləri dayandırmaya! Bəli, bu, iqtisadiyyatı güclü olan dövlət olmağımızdan irəli gəlir. Bu, iqtisadi siyasətlə yanaşı, siyasi iqtisadı gərəyincə mənimsəməyimizdən qaynaqlanır. Bu, İlham Əliyevin dünyadakı nüfuzunu ifadə edir. Cənab Prezidentin alovlu vətənpərvərliyinin təcallasıdır bu. Heç təsadüfi deyil ki, Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı Naxçıvan səfərində 44 günlük Vətən Müharibəsi, müharibədə əldə edilmiş tarixi zəfər, mövcud reallıqlar və qarşıda duran vəzifələrdən danışdı. Dövlət başçısının Ermənistan və onun havadarlarına açıq ismarıcları bu səfərin yaxın-uzaq coğrafiyalarda yaxından izlənilməsini şərtləndirdi. Prezidentin Naxçıvanda AzTV-yə verdiyi müsahibə, artıq mövcud olmayan ərazi vahidi – “Dağlıq Qarabağ” haqqında həqiqəti, Azərbaycan dövlətinin siyasi iradəsini, iqtisadi imkanlarımızı, hərbi potenisalımızı – bir sözlə, “Dəmir Yumruğ”u da sözbəsöz ifadə etdi. Yəni:

– “Dağlıq Qarabağ münaqişəsi həll olunub. Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında;

– Revanşist fikirlər Ermənistanı daha acınacaqlı vəziyyətə sala bilər. Əgər onlar hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar;

– Zəngəzur dəhlizinin açılışı məsələsi strateji əhəmiyyət daşıyır. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir və bu dəhliz mütləq açılacaqdır;

– Azərbaycan münaqişənin müqqədaratını müstəqil şəkildə həll etmək iqtidarındadır. Ölkəmizin milli maraqları toxunulmazdır. Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanın daxili işləri ilə bağlı ədalətsiz bəyanat verir. Bu cür hallar yolverilməzdir. Biz Fransa Xarici İşlər Nazirliyinin bəyanatını da rədd edirik;

-Bu gün bütün istiqamətlər üzrə əldə olunan uğurların təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.

…Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsi ilə əlaqəni itirmişdi. Ermənilər Naxçıvanı blokadaya almışdılar. Üç tərəfdən Naxçıvan Ermənistanla əhatə olunur. Belə bir vəziyyətdə Naxçıvanı qorumaq, müdafiə etmək və düşməni yerinə oturtmaq Ulu Öndərin müstəsna xidmətlərindən biridir. 1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Ulu Öndərin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulmuşdur”. – Cənab Prezidentin müsahibəsindən gətirdiyimiz bu sitatlar mənzərini çox dəqiq ifadə edir.

Sonda onu da vurğulayaq ki Azərbaycan Prezidentin Naxçıvan səfəri ilə eyni gündə Rusiyanın Xarici işlər nazirinin respublikamıza səfəri başlamışdı. Az öncə İrəvanda olmuş, sonra təkrar Moskvaya dönərək, oradan Bakıya səfər etmiş Sergey Lavrov, İrəvanda müəyyən açıqlamalarda bulunmuşdu. Lavrovun İrəvandakı bəzi açıqlamaları, yumşaq desək, adekvat sayıla bilməzdi. Artıq müxtəlif siyasi təhlilçilərin ortaq mövqeyi kimi sabitləşmiş fikirlə ifadə etsək, Prezident Lavrovu qəbul etməmişdən öncə Azərbaycanın qırmızı çizgilərini bir daha xatırlatmış oldu. O xatırlatmalar yalnız uzaq Kanada, qismən uzaq Fransa üçün deyildi, bütün maraqlı tərəflər üçündür. İki Üçtərəfli Bəyanatın bir tərəfi Rusiyadır.

Rusiya Zəngəzur Dəhlizi ilə bağlı işlərin ləngiməsi, “mina xəritələri”nin verilməməsi, Xankəndindəki erməni hərbi qruplaşmalarının tam və sürətli çıxarılmaması, Ermənistanda revanşistlərin qəbuledilməz çağırışları və s. mövzusunda daha təsirli işlər görmək imkanına malikdir. Və biz, sülhməramlıları bizim torpaqlarda olan, məlum iki Bəyanatın bir tərəfi olan ölkədən bu təsirli addımları atmasını tələb etmə haqqına sahibik.

DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva, MM-in mədəniyyət komirəsinin sədir

Həmçinin oxuyun

Moskva iki həftə sonra sülhməramlıların komandanını niyə dəyişdi? – TƏHLİL

Qarabağda Rusiya sülhməramlılarının komandanı dəyişdi: Muradovu əvəzləyən Mixail Kosobokov cəmi iki həftə sonra yerini Gennadi …