Bazar , Avqust 18 2019
Ana səhifə / Siyasət / Prezidentin Cocuq Mərcanlının bərpası ilə bağlı sərəncamı – Umud Mirzəyev Brüsseldə müzakirəyə çıxarıb (FOTO)

Prezidentin Cocuq Mərcanlının bərpası ilə bağlı sərəncamı – Umud Mirzəyev Brüsseldə müzakirəyə çıxarıb (FOTO)

Belçikanın paytaxtı Brüssel şəhərində Qaçqın və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE) növbəti şura iclası keçirilib.
İclasda dünyanın müxtəlif ölkələrini təmsil edən bir çox təşkilatların nümayəndələri iştirak ediblər.
Bu barədə Mia.az-a BAMF-dan verilən məlumata görə, “Qaçqın və sığınacaq axtaran insanların hüquq və maraqları” mövzusunda təşkil edilmiş tədbirdə Azərbaycanı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev təmsil edib.
İclasda çıxış edən BAMF-ın sədri ECRE-nin Avropada baş verən miqrasiya və deportasiya məsələlərinə, eləcə də sığınacaq axtaranlarla bağlı qəbul edilən qərarlara təkcə Avropanın daxili məsələsi kimi baxmamağa çağırıb. O deyib ki, bu məsələ təkcə Avropanın daxili məsələsi deyil:
“Avropada bu kimi məsələlərə qapalı şəraitdə deyil, miqrasiyanın baş verdiyi ölkələr kontekstində də baxılmalıdır. Əvvəlcə miqrasiya məsələləri ciddi şəkildə öyrənilməlidir və qarşısının alınması üçün ən zəruri tədbirlər görülməlidir”.
Azərbaycanın və ümumilikdə, Qafqazın miqrasiya problemləri haqqında danışan U.Mirzəyev qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması ilə bağlı çətinliklər yaşadığını bildirib. O, ECRE-nin azərbaycanlı məcburi köçkünlərlə bağlı münasibət göstərməsinin zəruriliyini vurğulayıb.
“Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzaladı. Bu Sərəncam ölkə daxilindəki müxtəlif məkanlarda yaşayan kənd sakinlərinin öz yurd-yuvalarına qayıtması üçün böyük dəstəkdir. Əsas odur ki, Sərəncam insanların illər boyu doğma yerlərinə qayıda bilməmək kimi ümidsizliyinə son qoydu. ECRE bu kimi məsələlərə həssas yanaşmalı və ciddi münasibət bildirməli, beynəlxalq hüququn prinsiplərini daim öndə saxlamalı, sülhü, barışı və ədaləti tərənnüm etdirməlidir”, – deyə BAMF sədri qeyd edib.
U.Mirzəyev bildirib ki, ECRE beynəlxalq ictimaiyyətin qaçqınlarla bağlı məsələlərə daha böyük diqqət göstərməsinə nail olmaq üçün səylərini artırmalıdır.
Daha sonra çıxış edən ECRE-nin kommunikasiyalar üzrə baş əlaqələndiricisi Vollads Zahle təşkilatın direktorunun müavini Leonie Jegen, Hollandiya Qaçqınlar Şurasının həmsədri Annemiek Bots BAMF sədrinin fikirlərini dəstəklədiklərini bildiriblər. Onlar, həmçinin qaçqınlarla bağlı problemlərin geniş işıqlandırılması üçün medianın bu işdə yaxından iştirak etməsinin zəruriliyini vurğulayıblar.
Tədbirdə BAMF-ın təşəbbüsü ilə yaradılmış, beş dildə fəaliyyət göstərən “Eurasia Diary” informasiya portalının təqdimatı da keçirilib. Bildirilib ki, saytın strategiyasının əsas istiqamətlərindən biri qaçqınların problemlərini geniş oxucu kütləsinə çatdırmaqdır.

Həmçinin oxuyun

Əmək müqaviləsiz işçi işlədənlərə ciddi xəbərdarlıq

2019-cu il yanvarın 1-dən məcburi dövlət sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə funksiyalar Vergilər …

Bir cavab yazın