Ana səhifə / Siyasət / Prezidentin çıxışında diqqət çəkən vacib mesaj: İlham Əliyev dəmir yumruğu niyə xatırlatdı?

Prezidentin çıxışında diqqət çəkən vacib mesaj: İlham Əliyev dəmir yumruğu niyə xatırlatdı?

“Yeni təqvim ilinin başlanması münasibətilə dövlət və hökumət başçılarının xalqa müraciəti dünyada, o cümlədən də Azərbaycanda uzun illərdir ki, siyasi ənənədir. Lakin Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa budəfəki müraciəti qlobal müstəvidə çox unikal tarixi hadisədir”.

Bu sözləri Globalinfo.az-a deputat Bəhruz Məhərrəmov Prezident İlham Əliyevin xalqa müraciətini şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan 2023-cü ili qalib kimi başa vuran yeganə ölkə, cənab İlham Əliyev isə işğala və separatizmə son qoymuş, bu cinayətlərin qlobal miqyasda dəstəkçilərini məğlubiyyətə uğratmış tək dövlət başçısıdır:

“Bu mənada, Azərbaycan lideri dünyada ötən ilin yekun sözünü deməyi hüquqi və mənəvi cəhətdən haqq edən tək lider idi”.

Deputat deyib ki, dövlət başçısının çıxışına diqqət etsək, cənab İlham Əliyev haqlı olaraq hesab edir ki, ötən il ölkəmizin həyatında ən önəmli hadisə dövlət suverenliyimizin bərpasıdır:

“Həqiqətən də, ötən il bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etməsi, işğalçı qüvvələrin beynəlxalq hüquqla tanınan ərazilərimizdən çıxarılması, separatizmə son qoyulması və düşmən ordusunun məhv edilməsi fonunda yekun qələbənin təmin edilməsi müasir dünya təcrübəsində nadir rast gəlinən nümunədir.

Düzdür, biz böyük qələbəmizi hələ 3 il əvvəl 44 günlük Vətən müharibəsində qazanmışdıq, lakin möhtərəm Prezidentin də ifadə etdiyi kimi, “biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb”. Bu mənada, məhz 2023-cü ildə Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməklə əslində, uzun illər davam edən ədalətsiz bir gedişata son qoymuş oldu”.

B.Məhərrəmov qeyd edib ki, 2023-cü ilin yekun müraciətində qalib liderin ən vacib mesajlarından biri də məhz ölkənin qüdrətindən doğan bu reallıq üzərinə köklənmişdi:

“Azərbaycanda separatizmin kökü kəsildi və bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz”. Əlbəttə, bu ritorikaya formal olaraq çoxları müraciət edə bilər, lakin tarixdə çox az sayda dövlət və lider işğal və separatizmə hərbi-siyasi yolla son qoymasında ehtiva olunan real nəticələrə əsaslana bilir. 2023-cü ilin yekununda isə ritorikası real və ədalətli qələbəsi ilə düz mütənasib olan yeganə lider cənab İlham Əliyev oldu. Bu, eyni zamanda “Heydər Əliyev ili”ndə müasir Azərbaycan dövlətçiliyinin banisi olan Ulu Öndərin görmək istədiyi mənzərə idi. Cənab Prezidentin dediyi kimi, “oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız, noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir”.

Deputatın sözlərinə görə, dövlət başçısının çıxışının digər mühüm aspekti isə Azərbaycan xalqına qarşı ədalətsiz yanaşmalara və cinayətlərə görə layiqli formada hər kəsin cavabının verilməsi ilə bağlı olub:

“İlk növbədə Ermənistanın işğalçılıq siyasəti nəticəsində, xüsusən mülki insanlara qarşı törədilən çoxsaylı cinayətlərin, o cümlədən Xocalı qurbanlarının qisası bu il döyüş meydanında alındı. Habelə, Azərbaycan 2023-cü ilin aprel ayında sərhəd bütövlüyümüzü tam bərpa edərək Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurmaqla dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələrə göstərmiş oldu ki, cənab İlham Əliyevin dediyi kimi, “Heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilməz”. Bu, əlbəttə, 2024-cü ilə Azərbaycanın hərbi-siyasi qalib subyekt, hər bir azərbaycanlının isə məğrur, alnıaçıq vətəndaş kimi daxil olması deməkdir. Bu reallıqdan isə dövlət başçısının ifadə etdiyi kimi, “Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir”.

2023-cü ilin ən mühüm nailiyyətlərindən biri də, heç şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən böyük quruculuq prosesidir. 2023-də Talış kəndinə, mayda Laçına, avqust ayında Füzuli şəhəri və Zabux kəndinə ilk, o cümlədən il ərzində Ağalı kəndinə növbəti köçlərin baş tutmasına nail olan siyasi iradənin qətiyyəti ilə, 2024-cü ildə Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda il ərzində Azərbaycan üçün prinsipial məsələ olan Xocalı və Xankəndiyə böyük qayıdış başlanacaq. Cənab Prezidentin çıxışı ilə verdiyi bu müjdə əslində indidən 2024-cü ilin tariximizin mühüm səhifələrindən biri olacağını deməyə əsas verir.

Azərbaycan Prezidentinin bayram müraciəti eyni zamanda milli maraqların təmin olunması baxımdan həm də mühüm həmlə xarakteri daşıyır. Xüsusən ikili standartlarla yaşayan Qərbə və Ermənistan rəhbərliyinə ünvanlanan xəbərdarlıq fonunda Azərbaycanın güc və imkanları bir daha ön plana çıxmış oldu. Ölkə Prezidentinin dediyi kimi, adıçəkilən subyektlər, xüsusən “Ermənistan rəhbərliyi bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin”.

İlham Əliyevdən Ermənistana SƏRT XƏBƏRDARLIQ

Əlbəttə, Azərbaycan Prezidentinin cari bəyanatlarının təməlində real hərbi-siyasi və iqtisadi güc amili dayanır və dövlət başçısı özü də bunu açıq şəkildə bəyan etdi. “Müstəqil iqtisadiyyat bizə imkan verir ki, heç kimdən, heç bir beynəlxalq maliyyə institutundan asılı olmayaq və asılı deyilik”. Eyni yanaşma ilə, 2024-cü il hərbi sənayemizin inkişafında da mühüm dövr olacaq və tarixi çıxışda da ifadə olunduğu kimi, “gələn il həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq, hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq”. Bu reallıqlarla barışmaq istəməyənlərlə bağlı isə Müzəffər Ali Baş Komandanın mövqeyi aydın oldu: “Bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq”.

Beləliklə, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa builki müraciətini əminliklə Azərbaycanın növbəti qürur səhifəsi, gücümüzün ifadəsi, birliyimizin rəmzi və həmrəyliyimizin təntənəsi hesab edə bilərik”.

Həmçinin oxuyun

Netanyahu İlham Əliyevi təbrik etdi

İsrailin Baş naziri Benyamin Netanyahu Prezident İlham Əliyevə təbrik məktubu göndərib.Məktubda deyilir:“Hörmətli cənab Prezident.Bu yaxınlarda …