Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Siyasət / Prezidentdən məmurlara sərt xəbərdarlıq

Prezidentdən məmurlara sərt xəbərdarlıq

İlham Əliyev: “Məmur yekəxanalıq etməməli, qanunsuz tələb irəli sürməməli, rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır”

 
“Bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Əlbəttə, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın”.
 
AZƏRTAC xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda söyləyib.
Dövlət başçısı vurğulayıb ki, sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulub, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda sosial infrastrukturun yaradılması qarşımıza məqsəd kimi qoyulub.
Konfransda çıxış edən prezident İlham Əliyev məmurlara növbəti dəfə mesajlar ünvanlayıb: “İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır – özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır. Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir. Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun, xoşagəlməz hallara son qoyulmalıdır. Biz ”ASAN xidmət”i yaratdıq, hələ bir şikayət eşitməmişəm. Bu, ictimai xidmətlər sahəsində yenilikdir. Bu, həm bizim iradəmizi göstərir, həm də bunu etməyin mümkünlüyünü göstərir. Hər şey məmurlardan asılıdır. Məmurlar işlərində nöqsana yol verərlərsə, cəzalandırılacaqlar”.
 
Prezident bildirib ki, Azərbaycan özünü əhənglə 90 faiz, gipslə 200 faiz, mərmər-travertin ilə 46 faiz, alçipan ilə 100 faiz, armatur ilə 72 faiz, alüminium ilə 231 faiz təmin edir: “Keçən il tikinti malları sektoruna qoyulan investisiyalar azaldı, ancaq bu, müvəqqəti haldır. Mənzil İnşaat Agentliyi xətti ilə inşa olunacaq binalar, Bakıda köhnə binaların yerində yeni binaların tikilməsi layihələri bu sahəni canlandıracaq”.
 
Prezident qeyd edib ki, xalçaçılıq inkişaf etməlidir: “Azərbaycan turizm üçün çox cəlbedici ölkədir. Bakıda dünyanın aparıcı hotel şəbəkələrinin mehmanxanaları var. Bizim qonaqpərvər insanlarımız, ölkədə sabitlik, təhlükəsizlik turistləri cəlb edir. Vizalar da sadələşdirilib. Azərbaycanda güclü turizm industriyası yaradılmalıdır”.
Dövlət başçısı Quba və Mingəçevir şəhərlərində “ASAN xidmət” mərkəzləri açılacağını söyləyib: “Bu il həm də 42 min ictimai iş yerləri açılacaq. Biz bütün bu işləri görərkən bir neçə məqsəd güdürük. Biz kənd təsərrüfatı ixracını iki dəfə artıra bilərik. Beləliklə, ölkəyə daha çox valyuta gələcək, iş yerləri artacaq, neftdən asılılıq azalacaq. Mən deyirəm ki, biz postneft dövründə yaşayırıq. Ancaq bu, o demək deyil ki, neft gəlirləri olmayacaq. Biz onillərlə neft gəlirlərindən xalqımızın rifahı üçün istifadə edəcəyik”.
 
“Bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə iqtisadiyyat inkişaf edib” – deyə prezident qeyd edib: “Ötən il qeyri-neft sərmayəsi 5 faiz artıb. Apardığımız dərin islahatlar nəticəsində bu inkişafı təmin edə bilmişik. Bu gün də dünyada davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə təsir göstərdi. Ancaq digər ölkələrlə müqayisədə Azərbaycan minimum itkilərlə bu prosesdən çıxıb. Keçən il yüz mindən çox iş yeri yaradılıb. Biz Dövlət Neft Fondunun valyuta ehtiyatlarını qoruya bilmişik, bu da mühüm hadisədir. Çünki neftlə zəngin ölkələr valyuta ehtiyatlarının əhəmiyyətli hissəsini xərcləyib”.
 
Prezident  bildirib ki, xarici kredit almağa o qədər də meyl göstərməməliyik, çünki xarici borcun artması yaxşı hal deyil: “Xarici borc 20 faiz həcmindədir. Əslində bu, manatın devalvasiyası ilə bağlıdır. 20 faiz aşağı göstəricidir. Xarici borcu çox ehtiyatla almalıyıq. Yalnız strateji əhəmiyyət daşıyan layihələrlə bağlı borc ala bilərik”.
 
Dövlət başçısı bildirib ki, maneələr törətmək istəyənlər olsa da, Azərbaycan strateji məqsədlərinə nail olub: “Hazırda Cənub Qaz Dəhlizi layihəsi həyata keçirilir. Əgər Azərbaycan liderlik keyfiyyətini ortaya qoymasaydı, Cənub Qaz Dəhlizi layihəsi də reallaşmazdı… Bu layihə uzunmüddətli məqsədlərə xidmət edir. Azərbaycan daha önəm daşıyan ölkə olacaq”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan neftdən çox ağıllı və səmərəli istifadə edən ölkədir: “Bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik deyil, bədbəxtlik gətirəcək. Ancaq biz möhkəm dövlət qurmuşuq, 25 ildir ki, müstəqil yaşayırıq. Gələcəkdə daha böyük işlər görüləcək. Bu işlərin mərkəzində xalq dayanır. Xalq dəstək verməsə idi, bu işlər görülməzdi. Bu bizi ruhlandırır. Həm də biz bu işləri o qədər də asan olmayan şəraitdə etmişik. Bilirsiniz ki, bizə qarşı mütəmadi qarayaxma, təhqir kampaniyaları aparılır. Biz bilirik ki, bunların arxasında kimlər dayanır, məqsədləri nədir. Bizə qarşı çirkin siyasi kampaniyalar təşkil edənlər də siyasi səhnədən kənarlaşdırılıblar. Dünya da görür ki, Azərbaycan xalqı qürurlu xalqdır, imkan verə bilməz ki, kimsə bizə diqtə etsin”.
Prezident qeyd edib ki, Azərbaycanda güclü milli biznes sinfi yaranıb: “… Bizim məqsədimiz müstəqilliyimizi gücləndirmək və dayanıqlı inkişafa nail olmaqdır. Məqsədimiz odur ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın. Pensiya, müavinət və maaşların artırılması bu məqsədə xidmət edir”.
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycan artıq kosmik sənayeyə malikdir: “İki peykimiz var. Kosmik sənaye düzgün qurularsa, böyük gəlir mənbəyidir. Peyklərin yaradılmasına qoyulan vəsait artıqlaması ilə geri qayıdacaq”.
 
“Son illər məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə tikilib, 5 milyard manatdan çox vəsait ayrılıb. Bu il də yeni binalar tikilməlidir” – deyə, prezident bildirib: “Qəsəbələrdə fərdi evlərin tikintisi də həyata keçirilməlidir. Çünki o qəsəbələrdə artıq infrastruktur var. Tapşırıq verilib ki, bu il yataqxanalardakı məcburi köçkünlərin köçürülməsinə başlanılsın. Bu il və qarşıdakı illərdə vəsait ayrılacaq ki, yataqxanalardakı məcburi köçkünlərin mənzil şəraiti yaxşılaşdırılsın. Yaxın bir ay ərzində vəsait ayrılacaq. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına başlanılıb. Biz vətəndaşlarımızı işğaldan azad edilmiş kəndlərə qaytarırıq. Sakinlər böyük səbirsizliklə Cocuq Mərcanlıya qayıtmağı gözləyirlər. Biz qısa müddətdə bu kəndi yenidən quracağıq.
Bunun böyük tarixi əhəmiyyəti var. Cocuq Mərcanlı kəndi bir neçə ay işğal altında olub, Heydər Əliyevin rəhbərliyi altında Horadiz əməliyyatında işğaldan azad edilib. Ancaq ermənilər bu müddət ərzində kəndi tamamilə dağıdıblar. Mən tapşırmışam ki, beynəlxalq təşkilatların nümayəndələrinin o kəndə səfəri üçün müraciət edilsin, görsünlər ki, özlərini mədəni xalq kimi təqdim edənlər hansı vəhşilikləri törədiblər. Orada foto, videogörüntülər çəkilməli, lazımi işlər görülməlidir ki, bu vəhşiliklər sənədləşdirilsin. O kənddə infrastruktur bərpa olunmalı, tibb məntəqəsi, uşaq bağçası tikilməlidir. İlk mərhələdə 50 ev bərpa olunacaq, gələcəkdə 100 və daha çox ev bərpa ediləcək. Kənddə iş yerləri də açılmalıdır. Biz insanlarımızı doğma torpaqlarına qaytaracağıq”.
 
İqtisadi inkişafa toxunan prezident deyib ki, hazırda mal əti ilə özümüzü 95, qoyun əti ilə 99 faiz təmin edirik: “Azərbaycan kərə yağı ilə 76 faiz özünü təmin edir, bunun 10 faizi xarici faktordur. Burada 10 faiz qablaşdırma ilə bağlıdır. Qablaşdırma elə məsələ deyil ki, biz bunu həll edə bilməyək. Buğda ilə özümüzü 53 faiz təmin edirik, burada 23 faiz xarici faktordur. Arpa ilə 102 faiz, qarğıdalı ilə 71 faiz, soya ilə cəmi 4 faiz, meyvə və giləmeyvə ilə 102 faiz özümüzü təmin edirik. Ancaq elə növlər var ki, özümüzü təmin edə bilmirik. Meyvə və giləmeyvə vacib ixrac məhsulumuzdur”.
Prezident Azərbaycanın bütün növ tərəvəzlə 96 faiz özünü təmin etdiyini söyləyib: “Kartofla təminat 86 faizdir, bu, bir az aşağı düşüb. Şəkərlə özümüzü 115 faiz təmin edirik. Ancaq bunun tərkibində 73 faiz xarici faktor var. Şəkər çuğundurunun əkilməsi, becərilməsi, şəkər hazırlanması üzrə Dövlət Proqramı hazırlanıb. Bal ilə 97 faiz təmin edirik”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan müstəqillik dövründə ərzaq təhlükəsizliyini tam təmin etməyə çalışmalıdır: “Yeni dövriyyəyə cəlb edilən torpaqlar hesabına idxaldan asılılığa son qoya və ixracın artmasına nail ola bilərik. Keçən il 90 min ton pambıq tədarük etmişik. Bu il isə 200 min ton pambıq istehsalı gözləyirik. Bu sahə Mingəçevirdə yaradılacaq sənaye parkının təminatı ilə bağlıdır. Mingəçevirdə təməlini qoyduğumuz iplik və digər sahələrlə bağlı zavodlar bu ilin sonlarında istifadəyə verilməlidir. Yeri gəlmişkən, hazırda 37 rayonda insanlar baramaçılıqla məşğuldurlar. 2019-cu ildə 1300 ton barama istehsalı planlaşdırılır”.
Prezident İlham Əliyev fındıqçılığın inkişafının xüsusi diqqət mərkəzində olduğunu nəzərə çatdırıb: “Hazırda 3035 min hektarda fındıq sahələri var, biz bunu 80 min hektara çatdırmalıyıq. 30-40 min hektar ərazidə isə şəkər çuğunduru əkilməsi nəzərdə tutulub. Bu şəkər çuğunduru şəkər zavoduna göndəriləcək və şəkər zavodunun xaricdən valyuta ilə xammal alması minimuma enəcək. Bakı ətrafında və Abşeronda badam, zeytun bağları salınmalıdır. Tütün istehsalı Azərbaycanda 10 min tona çatmalıdır. Üzümçülük və şərabçılıqla bağlı tədbirlər də nəzərdə tutulur. Biz indiki səviyyə ilə razılaşa bilmərik. Bu sahələr üzrə assosiasiyalar keçən il yaradılıb. Şərabçılıq Assosiasiyası xarici bazarlara çıxışlar tapmalıdır. Hazırda cəmi 3 milyon dollar həcmində şərab məhsulları ixrac olunur. Bu göstərici 10 dəfə, 20 dəfə, daha çox artırılmalıdır. Biz dost, qonşu ölkələrlə də danışmışıq ki, Azərbaycan şərabına yer ayrılsın. Biz ildə 50-60 milyon dollar soya alınmasına xərcləyirik. Biz soya sahələrini artırsaq, bunu uğurla ixrac edə bilərik”.
Dövlət başçısı 50 min baş cins mal-qara gətirilərsə, Azərbaycanda süd məhsullarına tələbatın tam təmin olunacağını açıqlayıb: “Biz səmərəsiz örüş sahələrini əkinə cəlb etməliyik. Ancaq bu sahədə də planlı iş görülməlidir. Yəni bir sahəni inkişaf etdirməklə, digər sahənin inkişafına ziyan vurulmamalıdır. Burada düşünülmüş siyasət aparılmalıdır. Yeri gəlmişkən, yun tədarükü ilə bağlı cəmi bir sahə var. Bu il ən azı 10 yeni yun tədarükü sahəsi yaradılmalıdır”.
Prezident çayçılığın, arıçılığın inkişafının da diqqət mərkəzində olduğunu söyləyib.
Dövlət başçısının sözlərinə görə, taxılçılıq az gəlir gətirən sahə olsa da, strateji sahədir. O deyib ki, hazırda Azərbaycan 53 faiz özünü taxılla təmin edir və bu göstərici artırılmalıdır: “İndi 250-300 milyon dollar xaricdən taxıl alınmasına sərf edilir”.
Prezident bildirib ki, Azərbaycanda gübrə zavodu fəaliyyətə başlayacaq: “Pestisidlərin də ölkə daxilində istehsalına nail olmalıyıq”.
O deyib ki, “Azərişıq” tərəfindən bütün bölgələri dayanıqlı enerji ilə təmin etmək üçün əlavə işlər görülməli, yeni yarımstansiyalar, dayaqlar quraşdırılmalıdır: “Bu il ”Azəriqaz” ən azı 80 kəndə qaz xətləri çəkməlidir. Bu il qazla təminat 94 faizə çatdırılmalıdır”.
Prezident qeyd edib ki, “Azəravtoyol” 40 kənd yolu layihəsini icra etməlidir: “Bu, həm insanlara rahatlıq verəcək, həm də iqtisadi inkişafa mühüm təsiri olacaq”.
Dövlət başçısının sözlərinə görə, bu il Ələt Beynəlxalq Dəniz Limanı layihəsinin birinci mərhələsi başa çatmalıdır.
Prezident “Azərsu”ya da tapşırıqlar verib: “Bakının fasiləsiz su təminatı 80 faizə çatıb, ölkə üzrə bu göstərici 65 faizdir. Bu göstərici daha da artmalıdır. Biz bu proqrama başlayanda fasiləsiz su təminatı 25 faiz idi. Bu il minimum 50 kənddə sutəmizləyici qurğular quraşdırılmalıdır. Digər tərəfdən, meliorasiya sahəsində böyük işlər görülməlidir”.
 
Dövlət başçısı görüləcək işlərə güclü dövlət və ictimai nəzarətin həyata keçirilməli olduğunu vurğulayıb.

Həmçinin oxuyun

Bundan sonra avropalı rəsmilər də eyni açıqlamaları verəcək (ŞƏRH)

“Amerika bir daha bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağın Azərbaycan ərazisində …

Bir cavab yazın