Bazar , Noyabr 28 2021
Ana səhifə / Siyasət / “Pis sülh, yoxsa yaxşı müharibə”: Bizim üçün hansı məqbuldur?

“Pis sülh, yoxsa yaxşı müharibə”: Bizim üçün hansı məqbuldur?

Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin(MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən son iclasında çıxışı zamanı bir sıra diqqətçəkən fikirlər səsləndirib. O, Qarabağdan danışarkən deyib ki, Rusiyanın sülhməramlı kontingenti Dağlıq Qarabağda əldə olunan barışığın zəmanətçisidir: “Bizim yardımımızla humanitar yüklərin çatdırılması, hər iki tərəfdə ərazilərin minalardan təmizlənməsi həyata keçirilir, həyat təminatı sistemi bərpa olunur”.Vladimir Putin videokonfransda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışlarını şərh edərkən ən yadda qalan fikrini söyləyib: “Pis sülh yaxşı müharibədən yaxşıdır”.

Həqiqətənmi Qarabağ nümunəsində “pis sülh yaxşı müharibədən yaxşıdır”?

Məsələni AzVision.az –a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Rusiya lideri öz fikirləri ilə bir sıra mesajlar ünvanlayıb.

– Birincisi, Putin bu cümləsi ilə etiraf edib ki, Qarabağda əldə olunan sülh yaxşı deyil, Rusiya mümkün olan nəticəni əldə edib. Yəni o “yaxşı müharibəni pis sülhlə” əvəz edib.
İkincisi, Putinin “yaxşı müharibə” adlandırdığı söz birləşməsi Azərbaycana aiddir. Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün müharibəyə başladı və bu həqiqətən bizim üçün yaxşı müharibə oldu. Çünki hədəf torpaqları azad etmək idi.

Üçüncüsü, Putinin “pis sülh yaxşı müharibədən yaxşıdır” ifadəsi Azərbaycan üçün məqbul sayıla bilməz. Çünki əgər biz Rusiya rəhbərinin təbirincə desək yaxşı müharibədə qələbə çalmışıqsa, sülhün də yaxşı olmasını istəmək haqqımızdır. Kreml sahibinin məntiqindən isə belə çıxır ki, onlar üçün “hazırkı sülh də pis deyil”. Halbuki, Azərbaycanla Ermənistan arasında sülh yoxdur. Azərbaycan Ermənistanla qarşılıqlı olaraq ərazi bütövlüklərinin tanınması əsasında sülh sazişinin imzalanmasını istəyir. Rəsmi İrəvan buna hazır deyil, çünki sülh sazişini imzalasalar, Qarabağı Azərbaycan ərazisi kimi tanımaq məcburiyyətində qalacaqlar. Onlar buna hazır deyillər və bu bizi az narahat edir. Müharibə bitibsə iki tərəf arasında saziş imzalanmalıdır.

Göründüyü kimi, mövcud vəziyyət Kremli narahat etmir. Çünki Putin “pis sülhün” davamını məqbul sayır, özünə zəhmət verib Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etmək istəmir.

Həmçinin oxuyun

“Növbəti addımlara hazır olmalıyıq” – Sahibə Qafarova Assambleyada çıxış etdi – FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında və …