Çərşənbə , Dekabr 12 2018
Ana səhifə / Siyasət / “Paşinyanın həyat yoldaşı və onu müşayiət edənlər…”

“Paşinyanın həyat yoldaşı və onu müşayiət edənlər…”

“Ermənistan baş nazirinin həyat yoldaşı və onu müşayiət edən Rusiya Federasiyası vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə etdikləri səfər sülh kriteriyalarına nə dərəcədə cavab verir? Ümumiyyətlə bu səfəri “sülhməramlı” adlandırmaq olarmı? – Əlbəttə ki, yox”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. O, bildirib ki, yalnız ona görə yox ki, bu ərazilərə edilən səfərlər Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə dair mövcud qanunların kobud şəkildə pozulmasıdır. Həm də  BMT-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məlum dörd qətnaməsinin, eləcə də digər beynəlxalq təşkilatların münaqişənin həllinə dair qəbul etdikləri sənədlərin münaqişə tərəfi kimi Ermənistanın üzərinə qoyduğu öhdəliklərə etinasız bir münasibətdir: “Eləcə də Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Yurova və digərlərinin bu tərkibdə iştiraka cəlb olunması təəssüf doğurmaqla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın qərəzsiz və obyektiv vasitəçiliyinə inamın azalması ilə yanaşı, Azərbaycan və Rusiya arasında əlaqələrin hərtərəfli inkişafına kölgə salmaq məqsədilə Ermənistan tərəfinin humanizm və sülhə çağırmaq adı ilə pərdələnərək həyata keçirmək istədiyi məkrli planın tərkib hissəsidir.

Nəzərə alsaq ki, münaqişə və müharibədən ən çox əziyyət çəkən Azərbaycan tərəfidir, “Təmas xətti” adlandırılan, amma reallıqda “Cəbhə xətti” Azərbaycan ərazisindədir. Bütün döyüşlər və onların dəhşətləri məhz Azərbaycan xalqına və ölkəmizə daha çox ziyan vurur. İyirmi beş ildən artıq bir müddətdə xanım Hakopyanın ölkəsinin silahlı qüvvələri işğalçı fəaliyyətini Azərbaycan torpaqları üzərində həyata keçirir. Elə həmin Hakopyanın və sülh danışıqları zamanı öz ölkəsini təmsil edən Ermənistanın baş naziri Paşinyanın oğlu öz hərbi xidmətini bu qüvvələrin sırasında Qarabağın və ətraf 7 rayonun işğal altında saxlanmasına həsr edilən təcavüzkar planların reallaşdırılmasında iştirak üçün göndərilib. Onda hansı sülhməramlılıqdan danışmaq olar?”.

Milli Məclis sədrinin müavini qeyd edib ki, məlum inqilab dalğasında Ermənistanda hakimiyyətə gələn bu cütlüyün öz ölkələrindəki qeyri-peşəkar, nəyin bahasına olursa olsun öz siyasi ambisiyalarını gerçəkləşdirməyə yönəlik fəaliyyətlərini bu şəkildə beynəlxalq arenaya daşımaq istəkləri özü-özlüyündə sülhməramlılıq və onun mahiyyətinin kobud şəkildə təhrif olunmasıdır. Belə təşəbbüslər sülh danışıqları prosesinə mənfi təsir göstərməklə vəziyyətin daha da gərginləşməsinə səbəb olur və münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan arasındakı mövcud atəşkəs rejiminin möhkəmləndirilməsi istiqamətindəki səyləri heçə endirir.

VIPedu.BIZ

Həmçinin oxuyun

Marneulinin keçmiş azərbaycanlı icra başçısının məhkəməsi davam edir

Gürcüstanın Rustavi şəhər Məhkəməsində Marneuli rayonunun keçmiş icra başçısı Temur Abazovun işi üzrə növbəti məhkəmə iclası keçirilib. …