Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Siyasət / Paşinyanı çətin günlər gözləyir – rəqibləri hərəkətə keçib

Paşinyanı çətin günlər gözləyir – rəqibləri hərəkətə keçib

İşğalçı ölkənin parlamenti yeni Seçki Məcəlləsini rədd etdikdən sonra Konstitusiya Məhkəməsinin hakimini seçməkdən də imtina etdi; Nikol Paşinyan Rusiya ilə bağlı ehtiyatlı danışmağa başladı

ABŞ diplomatlarından davamlı şəkildə ciddi mesajlar alan Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan indi də üzünü Rusiyaya çevirməyə başlayıb. O, son açıqlamalarından birində deyib ki, “Rusiya prezidenti Vladimir Putinlə aramızda qarşılıqlı inam atmosferi mövcuddur”.

Təbii ki, N.Paşinyanın düşdüyü durumu anlamaq çətin deyil. Onu qarşıda çox ciddi imtahan gözləyir. İki gün əvvəl Razdan şəhərində baş tutan seçkidə Paşinyanın Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Sasun Mikayelyanın oğlu Sevak Mikayelyan qalib gəlib. Sevak Mikayelyan seçkidə 68,9% səs toplayıb. Armavir vilayətinin mərkəzində isə mer seçkisini hazırda merin səlahiyyətlərinin müvəqqəti icraçısı David Xudatyan qazanıb. Xudatyan Nikol Paşinyanın əsas tərəfdarlarından biri kimi tanınıb. Eçmiədzində də Vətəndaş Müqaviləsi Partiyasından Diana Qasparyan qalib gəlib. Sünik vilayətinin mərkəzi Qafanda keçirilən seçkidə şəhərin mer vəzifəsinin müvəqqəti icraçısı Narek Babayan qalib gələ bilməyib. Onun yerinə seçkini bitərəf sahibkar Gevork Parsyan qazanıb.

İrəvan meri seçkilərində yüksək səs çoxluğu ilə qələbəsini təmin etməsi Paşinyan üçün avantaj sayılsa da, unutmaq olmaz ki, dekabrdakı parlament seçkiləri tamam başqa nəticələr də doğura bilər. Çünki parlamentli respublikada hakimiyyəti formalaşdıracaq qurumda səs sahibi olmaq hər şey deməkdir.

Qeyd edək ki, son seçki Ermənistan tarixinin ən aşağı seçici aktivliyi kimi tarixə düşüb. Axar.az xəbər verir ki, Paşinyanın cidd-cəhdlə apardığı kampaniyaya baxmayaraq, seçicilərin 65 faizi seçkidə iştirak etməyib. O mənada Paşinyanın Rusiya ilə ehtiyatlı danşmağa başlaması təsadüfi deyil. Ancaq Paşinyan Qərblə münasibətləri xatırlayaraq bir əlavəsini də edib. Onun sözlərinə görə, bu, onların hər şeylə bağlı eyni mövqedə olması və onların hər şey barədə razılaşması anlamına gəlmir. Yəni bununla o, ABŞ-a da mesaj vermək istəyib. Ermənistan parlamentinə növbədənkənar seçkilər 9 dekabr 2018-ci ildə keçiriləcək. Ölkə qanunvericiliyinə əsasən, seçkilər hökumət başçısının istefasından 30 gün tez olmamaq və parlamentin buraxılmasından 45 gün gec olmamaq şərti ilə keçirilməlidir. Beləliklə, seçkilər noyabrın sonu – dekabrın ortaları aralığında keçirilməlidir. Seçkiyə qədər Nikol Paşinyan baş nazirin vəzifələrini icra edəcək.

Ancaq belə görünür ki, işğalçı ölkədəki seçkiləri yeni seçki qanunu ilə keçirmək mümkün olmayacaq. Artıq durumdan narahat olan Paşinyan tərəfdarları hərəkətə keçib. Ermənistan parlamentindəki “Sarukyan” və “Çıxış” blokları gələn həftənin birinci günü parlamentin növbədənkənar iclasının keçirilməsi ilə bağlı imza toplamağa başlayıb. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, əsas məqsəd iclasda yeni Seçki Məcəlləsinin qəbul olunmasıdır. Daşnaksütyun Partiyası imzatoplama prosesində iştirakdan imtina edib. Sarukyan blokundan olan deputat Naira Zoqrabyan deyib ki, hətta Respublikaçılar Partiyasının üzvü olan deputatlar da imza veriblər. Hər iki blokun üzvləri Serj Sərkisyanın sədrlik etdiyi Respublikaçılar Partiyasını iclası boykot etməməyə çağırıblar.

N.Paşinyan isə parlamentdə baş verənləri sabotaj adlandırıb. Qeyd edək ki, bu ilin may ayında ona qarşı itaətsizlik edənlərin hərəkətini də Paşinyan sabotaj kimi qiymətləndirmişdi.

Ölkədə demokratik ab-havanın olduğunu iddia edən N.Paşinyan isə rəqiblərinə qarşı sərt tədbirlərini davam etdir. Belə ki, Ermənistanın parlamentinin eks-deputatı Arakel Movsisyanın (Şmays) 4 qardaşı – Murad, Zərzan, Saak və Lev həbs edilib. Onları Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının həbs etdiyi bildirilib. Lakin bu şəxslərə qarşı hansı maddə üzrə iş qaldırıldığı açıqlanmayıb.

Ermənistanda açıq-aşkar parlament böhranı yaşanır. Əslində bunu Paşinyan hakimiyyətinə qarşı rəqiblərinin apardığı mübarizə də adlandırmaq olar. Belə ki, parlamentin 23 oktyabr iclasında Konstitusiya Məhkəməsinin hakimini seçmək mümkün olmayıb.  Belə ki, Vaqe Qriqoryanın seçilməsinə cəmi 54 deputat səs verib. Hansı ki, bunun üçün 63 deputatın səsi lazım idi. Serj Sərkisyan tərəfdarları növbədənkənar seçkilərə razılıq versələr də, hər addımda Paşinyanı çətin vəziyyətə salırlar.

Parlamentdəki “Çıxış” bloku isə N.Paşinyanın yenidən baş nazir seçilməsi ilə bağlı təşəbbüslə çıxış edib. Onlar namizədlərinin N.Paşinyan olduqlarını açıqlayıblar. Lakin bunun qarşılığında Respublikaçılar Partiyasının hansı addım atacağı maraq doğurur. Paşinyanın rəqibləri Ermənistanda fors-major situasiya yarada bilər.

Qeyd edək ki, Ermənistan Milli Məclisi 22 oktyabrda Seçki Məcəlləsinə edilən dəyişikliklər layihəsini qəbul etməyib. Qanun layihəsinin lehinə 56, əleyhinə isə 3 deputat səs verib. Lakin qəbul üçün tələb olunan 63 səs olmadığına görə səsvermə baş tutmamış sayılıb. Belə ki, sabiq prezident Serj Sərkisyanın parlamentdə ən çox kürsüyə malik Ermənistan Respublika Partiyasının (ERP), o cümlədən Daşnaksütyunun deputatları iclas salonuna qəsdən gəlməyiblər.

Milli Məclisin sədri Ara Babloyan müzakirə edilən sənədin konstitusiya qanunu olmasını əsas göstərərək onun üçün 63 səsin toplanmasının gərək olduğunu söyləyib.

“Yelk ”blokunun deputatı Lena Nazaryanın səsvermə zamanı daha çox deputatın gəlməsi üçün 20 dəqiqəlik fasilə istəməsi də bir işə yaramayıb.

Hər halda, bu gəlişmə Paşinyan üçün növbəti zərbələrdən sayıla bilər. İndi buna görə onu hətta öz komandasında qınayırlar. Seçki Məcəlləsinə dəyişikliklər üzrə komissiyanın üzvü, “Məlumatlı vətəndaşlar birliyi” təşkilatının rəhbəri Daniel İonnasiyan səsverməni boykot edən ERP və daşnaklar qədər baş nazir Nikol Paşinyanın da günahkar olduğunu qeyd edib. “Nikol Paşinyan seçkilərin müddətini dekabra çəkməklə sabotaj imkanlarını daha da artırdı”, – İonnaisyan erməni mediasına bildirib.

Politoloq Hikmət Hacızadə isə “Yeni Müsavat”a bildirdi ki, böyük ehtimalla Paşinyan sonda qələbə çalacaq: “Çünki cəmiyyət, xalq onu dəstəkləyir. Onun reytinqi indi 70-80%-dir. Odur ki,  düşmənlərı heç nə edə bilməyəcəklər”.

Növbədənkənar parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərt dönüşlər olacaq. Artıq o haqda danışırlar ki, 2019-cu ilin may ayında münaqişə ilə bağlı Ermənistan üçün arzuolunmaz qərarlar veriləcək. Publika.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Hakop Badalyan deyib.

Erməni şərhçi hesab edir ki, bu məsələ ilə bağlı yayılan xəbərlər Ermənistan daxilində Nikol Paşinyanın nüfuzunu salmağa da hesablanmış ola bilər: “Belə cəhdlər dəfələrlə olub. Lakin burada ABŞ-ın İrəvandakı səfirinin ”münaqişənin istənilən həll variantı ərazilərin müəyyən hissəsinin Azərbaycana qaytarılması ilə nəticələnəcək” açıqlaması diqqət çəkir. Mümkündür ki, problemin həlli ilə bağlı Ermənistana beynəlxalq təzyiqlər var. Paşinyan seçkiləri keçirmək və daxili siyasətdəki burulğanları geridə qoymaq üçün zaman istəyib”. Badalyan qeyd edir ki, burada Ermənistan daxilində münaqişənin həllini arzulayanların da mövqeyi az da olsa görünür. Misal üçün, “Vikiliks” nəşri yazırdı ki, 2008-ci ildə Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyan ABŞ səfirini münaqişənin həlli üçün Serj Sərkisyana təzyiq etməyə inandırmışdı. Bu kontekstdə ABŞ səfirinin son bəyanatı diqqət çəkir. Seçkidən sonra Qarabağ ətrafında ciddi proseslərin baş verəcəyi qaçılmaz olacaq”.

Politoloq Hikmət Hacızadə ile ilgili görsel sonucu

H.Hacızadə isə ABŞ-ın seçkilərdən sonra Paşinyana Qarabağla bağlı hansısa təzyiq edəcəyinə inanmır: “Sülhün açarları hələ ki Moskvadadır. Onun da tələbləri haqqında mən dəfələrlə demişəm. Rusiya öz ordusunu Azərbaycana qaytarmaq istəyir. Hələ ki təzə bir şey görmürəm”. Amma amerikalı keçmiş həmsədr C.Uorlik deyib ki, razılaşmaya görə, həmsədr ölkələrin və qonşu dövlətlərin sülhməramlıları yerləşdirilə bilməz. Bəs belə olan halda nə baş verəcək? H.Hacızadə: “Bunu həyata keçirmək üçün ABŞ Rusiya ilə kəllə-kəlləyə gəlməlidir. Hələ ki Rusiya regionumuzda ABŞ-dan güclüdür. Ola bilsin ki, ABŞ Rusiyanı ram edə bildi. Onda onlar dediyi olacaq”.

Politoloq Arzu Nağıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, Paşinyanın seçkilər ərəfəsində istefa verməsi qaçılmaz idi: “O, tam şəkildə konstitusiyaya uyğun və yaranmış kritik şəraiti nəzərə alaraq hərəkət edir. Rusiya ilə təbii ki, müəyyən razılıq da əldə edilib və inandırıcı görünmür ki, Paşinyan təlimatlanmasın. Buna görə də onun bu və digər şəkildə Azərbaycanın xeyrinə cəzalandırılacağı da real görünmür. Çünki rayonların qaytarılması Paşinyanın istəyi ilə həyata keçirilə bilməz. Təbii ki, ”Qarabağ kartı” seçkidə də oynanılacaq və bunsuz mümkün deyil. Çünki Sərkisyan və onun komandası məhz bu münaqişə üzərindən hakimiyyət gəliblər. Paşinyanın əsas güvəndiyi elektorat təbii ki, mitinqçilərdir. Çünki hər hansı bir problem yarananda artıq o, yeni mitinq çağırmaqla öz istəyini həyata keçirməyə çalışır. Əvvəllər Rusiya ilə müəyyən konfrontasiyaya getsə də, son zamanlar bu proses bir az sakitləşib. “Korrupsiyaya qarşı mübarizə” adı altında özünün siyasi opponentlərini sıradan çıxarmağa çalışan Paşinyan artıq Sarukyanla da yaxınlaşmağa başlayıb, zənnimcə, bu da Rusiyanın təlimatı ilə ola bilər. Bir sıra qubernator və nazirlərin istefası da bunu deməyə əsas verir ki, Paşinyan müəyyən qədər problemlərini həll edir. Paşinyan bu gedişlə yəqin ki, seçkini udacaq. Çünki paralel olaraq həm də Qərbi razı sala biləcək bir sıra addımlar da atır. Bu proseslərdə təbii ki, bizim gözlədiyimiz Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyişin ola bilməsidir. Seçkilərə qədər bunu gözləmək inandırıcı görünmür, lakin həm ATƏT-in Minsk Qrupu, həm də regional aktyorlar tərəfindən seçkiöncəsi Ermənistana təsir və hətta təzyiq mexanizmini işə salmaq zəruridir. Çünki öz seçki platformasında Qarabağ məsələsini qabardan Paşinyan bununla bir qədər də səs çoxluğu əldə edə bilər”.

****

İndiki halda isə Ermənistan hakimiyyəti işğal altındakı Azərbaycan ərazilərində məskunlaşmanı davam etdirir. Belə ki, Qubadlı rayonunun “İşxanadzor” adlandırılmış Xanlıq kəndində  52 yeni tikilmiş ev qanunsuz sakinlərin istifadəsinə verilib. “İcma rəhbəri” Arsen Telunts deyib ki,  hazırda  Xanlıqda  600 erməni yaşayır və oktyabrın 21-də daha 30 nəfər kənddə yaşamaq arzusunu bildirib.  Bu mənada Azərbaycanın ordu rəhbərliyinin atdığı addımlar tam məntiqlidir. Belə ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov general-leytenant Qadi Ayzenkotun dəvəti ilə oktyabrın 23-də Tel-Əvivə yola düşüb. Hərbi ekspert Şair Ramaldanov bu səfəri yüksək qiymətləndirib və bunun iki ölkə arasındakı hərbi-texniki əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyini qeyd edib. Ermənistanın davranışları bir daha təsdiqləyir ki, Qarabağda son sözü ordumuz deyəcək…

Həmçinin oxuyun

“Fransa həllin deyil, problemin bir parçasıdır” – Hulusi Akar

Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq tərəfsiz olmalıdır. Bu barədə Türkiyənin Milli Müdafiə naziri …