Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Siyasət / Paşinyan kiminlə görüşəcək: baş nazir Əsədovla, yoxsa Prezident Əliyevlə?

Paşinyan kiminlə görüşəcək: baş nazir Əsədovla, yoxsa Prezident Əliyevlə?

Ermənistan və Azərbaycan baş nazirləri arasında bu həftə görüş keçirilə bilər. Erməni mənbələrinin iddialarına görə, Nikol Paşinyanla Əli Əsədov arasında görüş avqustun 25-də və ya 26-da Qırğızıstanın paytaxtı Bişkekdə baş tuta bilər.

Görüş baş tutarsa, orada Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir. Amma Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın növbəti üçtərəfli görüşünün avqustun 31-də Moskvada baş tuta biləcəyi deyilirdi. Bu barədə də Ermənistanın “Hraparak” nəşri yazıb. “Rusiya  dairələrindən alınan məlumata görə, İlham Əliyev bu görüşdə Zəngəzur dəhlizi haqda məsələni qaldıracaq. Rusiyalılar hesab edir ki, Əliyev qətiyyətlidir və Paşinyanın vədlərinə inanmaq və ona vaxtı uzatmağa imkan vermək niyyətində deyil”, – nəşr qeyd edib. 

Maraqlıdır ki, bir neçə gün əvvəl də Rusiyanın baş naziri Mişustin həmkarı Əli Əsədova zəng etmişdi. Təsdiq olunmamış xəbərlərə əsasən, demək olar ki, Rusiya Qarabağ danışıqlarında yenidən fəal rol olmağa başlayıb. Brüssel də son gərginlikdən sonra tərəfləri görüşdürmək üçün cəhdləri artırıb. Sadəcə, Azərbaycanın “Qisas” əməliyyatından sonra diqqətçəkən bir məqam oldu – ABŞ, eləcə də Avropa Şurası rəhbərliyi Bakıya və İrəvana zəng etsələr də, Putin Bakı ilə heç bir təmas qurmadı. Halbuki həmin ərəfədə iki gün ərzində Paşinyan iki dəfə Putinlə danışmışdı. Bu nəyi göstərir? Moskva Bakının mövqeyini tam haqlı hesab etdiyi üçün o səbəbdən Bakı ilə hər hansı təmas olmadı, yoxsa Kreml üçtərəfli görüşü daha da əhəmiyyətli etmək üçün uyğun vaxtı gözləyir? Hər halda bu suallar açıq qalır. Ancaq Əli Əsədovla Nikol Paşinyanın görüşü baş tutarsa, bu da şübhəsiz ki, Rusiyanın aktivinə yazılacaq. Sadəcə, ola bilər ki, Mişustin də görüşdə iştirak etsin. Beləliklə, Rusiya Qarabağ danışıqlarında həm də çox mühüm bir mərhələdə (Laçının boşaldılması ərəfəsində) yenidən təşəbbüsü tam ələ almaq niyyətindədir. Brüsselin Moskvanın yenidən Qarabağ məsələsində təşəbbüsə yiyələnməsinə hansı reaksiya göstərəcəyi isə olduqca maraqlıdır…

Yeri gəlmişkən, bir qrup erməni eksperti Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında avqustun 19-da Brüsseldə gerçəkləşən görüşdən “Qarabağ münaqişəsinin həlli baxımından nəticə gözləmədiklərini bildiriblər”. Hərçənd, bu görüş hər hansı nəticə hasil etmək üçün keçirilməmişdi, fikir mübadiləsi liderlərin Brüsseldə növbəti görüşünə hazırlıq məqsədi daşıyırdı. İkincisi, masada Qarabağ yox idi, bu mövzu Azərbaycana aiddir, hazırda Ermənistanla sülh sazişi, sərhəd və kommunikasiya xətlərinin müzakirəsi davam edir.

Qabil Hüseynli: “Paşinyan vahimə içindədir”

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, mümkündür ki, baş nazirlər səviyyəsində görüş təşkil olunsun. “Hətta belə xəbərlər yayıldı ki, Putinin moderatorluğu ilə Moskvada, yaxud Soçidə görüş keçirilə bilər. İndi isə yeni informasiya meydana çıxıb və baş nazirlər səviyyəsində görüş gözləntisi var, amma bu formatda fundamental məsələlər həll edilə bilməz. Cari mövzular, kommunikasiyaların açılması ilə bağlı texniki məsələlər müzakirə edilə bilər. Sadəcə, əgər bu görüş baş tutarsa, nəticələri yüksək səviyyəli görüşün Brüssel, yaxud da Moskvada keçirilməsi üçün tramplin rolunu oynaya bilər”, – deyə professor vurğuladı. Politoloqun sözlərinə görə, belə görünür ki, münasibətlərin diplomatik yola çözülməsi istiqamətində müəyyən addımlar atılmaqdadır: “Bu addımlar sülhyaratma prosesinin yollarını təmizləyə və yekun sülh sazişinin hazırlanması prosesini sürətləndirə bilər. Son bir ayda ermənilərin Qarabağın dağlıq bölgəsindən hərbi texnikasını və şəxsi heyətini çıxarmağa başlaması, bununla bağlı bəzi işlərin yerinə yetirilməsi, eləcə də Zabux, Sus və Laçın şəhərinin boşaldılıb Azərbaycan Ordusuna təhvil verilməsi sülh yolunda müəyyən bir presedent yaranması üçün əsas ola bilər. Bu da danışıqların tezliklə baş tutmasını zəruri edəcək”.

Partiyalar büdcədən maliyyələşsin - Arzuxan Əlizadə | Hafta.az

Arzuxan Əlizadə 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə qeyd etdi ki, Rusiya ərazisində liderlər səviyyəsində görüş olacağı gözlənilirdi: “Təəssüfedici haldır ki, ilkin məlumatı hər zaman ya Rusiya, ya da Ermənistan mənbələrindən əldə edirik. Görüşə gəlincə, hələ də regionda dayanıqlı sülhə nail olunmayıb, 10 noyabr sənədinin icra edilməyən bəndləri var, sərhədlərin müəyyən olunması üçün komissiyanın işində hər hansı bir hərəkətlilik yoxdur, Zəngəzur dəhlizi mövzusu da nəticəsiz qalıb. Ona görə təbii ki, dialoq olmalıdır, danışıqlar da getməlidir, amma Rusiyanın marağı daha çox moderatorluğu əldən verməməyə hesablanıb. Moskva Brüsseldən qabağa düşməyə, vasitəçiliyi itirməməyə çalışır”.

AMİP sədri hesab edir ki, əgər nəticəli görüş olacaqsa, danışmaq lazımdır: “Sadəcə, bir çox hallarda Rusiya əsas razılaşmaları ertələyir, öz vacibliyini qabartmaq imkanı əldə etməyə çalışır. O baxımdan görüşlərin nəticəsi olmayacaqsa, ordumuz işini davam etdirməlidir, yerdə qalan ərazilər də nəzarətimizə keçməlidir. Təcrübə göstərir ki, Azərbaycan güc tətbiq edəndə problemləri həll etmək olur. Biz ”Qisas” əməliyyatı zamanı da sübut etdik ki, sözdən başa düşməyəndə güc müstəvisində başa sala bilirik. Hazırda gündəm Laçındır və ərazilərin boşaldılmasının ardınca yarımçıq qalan məsələlər də sürətli şəkildə həllini tapmalıdır”.

Fuad Əliyev: 2020-ci il Azərbaycanın tarixinə Zəfər ili kimi həkk olundu

Fuad Əliyev 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev isə düşünür ki, Bişkek zirvəsi olacaqsa, yalnız nəqliyyat-kommunikasiya məsələləri müzakirə edilə bilər. Partiya sədrinin sözlərinə görə, baş nazirlərin müavinləri səviyyəsində İşçi Qrupunun bir neçə dəfə görüşü olub, amma ciddi bir nəticə əldə olunmayıb, o cəhətdən indi Əsədov-Paşinyan-Mişustin toplantısında bu məsələlər müzakirə edilə bilər: “Amma növbəti görüş artıq ölkə liderləri səviyyəsində keçirilməlidir. Çünki baş nazirlərin görüşü ilə böyük irəliləyişə nail olmaq mümkün deyil. Hər bir halda Rusiya çalışacaq ki, Qərblə pozulan münasibətlər fonunda regionda bir sıra məsələlər icra edilsin. Yəqin ki, Soçidə keçirilən Ərdoğan – Putin görüşündə də regionla bağlı mühüm danışıqlar olub, sadəcə, ictimaiyyətə açıqlanmadı. Düşünürəm ki, bu gün Rusiyaya kommunikasiyaların açılması lazımdır, bu yöndə danışıqlar Bişkekdə, ardınca Soçi, yaxud Moskvada sürətlənə bilər. Lakin böyük sülhdən danışmaq tezdir, Ermənistan hakimiyyəti görünür ki, möhlət istəyir, ictimai rəyi hazırlamaq, müxalifətin təzyiqlərinə duruş gətirmək elə də asan deyil. Bu baxımdan hələ proses gedəcək, hadisələr inkişaf etdikcə, İrəvandan bizi razı da, narazı da salan açıqlamalar çox görəcəyik”.

F.Əliyev onu da güman edir ki, Ukrayna müharibəsi Rusiyanın şərqə olan ehtiyaclarını artırıb: “Zəngəzur dəhlizi, Ermənistanla Rusiyanın Azərbaycandan keçməklə dəmiryol xətləri və digər kommunikasiyalar ilk mərhələdə açılmalıdır. Rusiya Avropa ilə bütün körpüləri yandırıb və üzünü Türkiyə, İran və bizim regiona tutub. Ona görə Moskva tələsir ki, yekun sülh sazişi olmasa belə, ən azı kommunikasiyalar işə düşsün. Baş nazirlərin görüşü haqda hələlik rəsmi açıqlama olmayıb, nə Bakı, nə İrəvan bir söz deyib. Ancaq Bişkek sammiti keçiriləcəksə, fikrimcə, dediyimiz mövzular masaya daşınacaq. Azərbaycan istənilən görüşdən faydalı çıxacaq. Bizə Qərb, yoxsa Rusiya meydanında görüş olması fərq etmir, yetər ki danışıqlar nəticə versin, üçtərəfli bəyanat tam həyata keçirilsin, Ermənistan öhdəlikləri yerinə yetirsin. Azərbaycanın hədəfi bundan ibarətdir. Əfsus ki, proseslər ləng gedir, sərhədlərin delimitasiyası üzrə heç bir nailiyyət yoxdur, diplomatiyamız daha tələbkar, daha sürətli hücumlar qurmalıdır. Mənə elə gəlir ki, Laçın şəhərinə nəzarətin təmin olunmasının ardınca bölgədə hadisələr dinamik şəkil alacaq. Biz birgə bəyanatın digər bəndlərinin icrasının tələbinə başlamalıyıq”.

Oqtay Qasımov: Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyadan asılıdır  - (Gündəm) - YouTube

Oqtay Qasımov

Siyasi şərhçi Oqtay Qasımovun fikrincə, indiyə qədər Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşlər keçirilib, hətta birgə bəyanatlar da olub: “Mümkündür ki, hansısa razılaşma da olsun. Amma bizim gördüyümüz odur ki, Ermənistanın baş naziri Paşinyan Brüsseldə, Moskvada və Soçidə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Eyni zamanda, üçtərəfli razılaşmanın bəzi bəndlərinə məhz İrəvan tərəfindən əməl edilmir. Bu baxımdan görüşlərin keçirilməsi müsbətdir, amma Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Əks təqdirdə bu görüşlərin əhəmiyyəti olmur”.

Həmçinin oxuyun

“Zəngəzur dəhlizi ətrafında mənfi geostrateji və əlverişsiz durum yaranır”

İkinci Qarabağ müharibəsinin 2 ili tamamlanır. Sabah ölkədə Anım Günü olacaq. Müharibədən sonrakı 2 ildə …