Çərşənbə , Sentyabr 27 2023
Ana səhifə / Siyasət / “Paşinyan hansı hoqqalardan çıxsa da, Qərbi Azərbaycana dönüşümüzü əngəlləyə bilməyəcək” – Təbriz Musayev

“Paşinyan hansı hoqqalardan çıxsa da, Qərbi Azərbaycana dönüşümüzü əngəlləyə bilməyəcək” – Təbriz Musayev

Ermənistanın baş naziri Nikol Paşinyan hökumət müşavirəsində, hər zaman olduğu kimi, bir sıra məsələləri təhrif edərək manipulyasiya etməyə çalışıb. Həyasızlığın dərəcəsinə bax ki, Paşinyan bir sıra yerlərə ermənilərin qayıtmasının vacibliyini qabardıb.

Nikol qeyd edib ki, ermənilər təkcə Hadruta yox, həm də Goranboy və Göygölə qayıtmalıdır və utanmadan o, bunu 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının 7-ci bəndi ilə əsaslandırıb: “Bu o deməkdir ki, təkcə Hadrut, Mardakert (Ağdərə), Martuni (Xocavənd) rayonlarının bir sıra kəndlərindən olan ermənilər deyil, həm də Getaşendən (Göygöl rayonunun Çaykənd kəndi), Martunaşendən (Göygöl rayonunun Qarabulaq kəndi), Şaumyandan (hazırda Goranboy rayonunun tərkibindədir) və başqa rayonlardan olan ermənilər də ləyaqətli və təhlükəsiz şəkildə öz evlərinə qayıtmaq imkanına malik olmalıdırlar”.

O da məlumdur ki, son vaxtlar Qərbi Azərbaycandan olan soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtması məsələsi getdikcə aktual əhəmiyyət kəsb etməyə başlayıb. Bu istiqamətdə beynəlxalq və digər çərçivələrdə sistemli işlər görülür. Bununla bağlı daha çox müzakirələr aparılır. Paşinyan görür ki, gec-tez bu baş verəcək. Ona görə də çalışır ki, soydaşlarımız yurdlarına qayıdan zaman o da erməniləri bura qaytarsın.

Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Paşinyanın tezisləri tipik erməni həyasızlığının göstəricisidir: “Bu bədbəxtlər anlamaq istəmirlər ki, ermənilər Cənubi Qafqazda aborigen millət deyil. Ermənilər yerli xalq olsaydılar, Ermənistanda heç olmasa bir bölgənin tarixi adı ermənicə olardı. Yoxdu belə bir hal. Bütün adlar qondarma və sonradan qoyulmadır. Bax, budur tarixi fakt. Onlar 200 il əvvəl Çar Rusiyasının imperiya siyasətinə uyğun olaraq bura köçürülüblər. Bu siyasət SSRİ dövründə də davam edib. 1946-cı il qərarına görə Moskva 1949-cu ilə qədər 360-400 min ermənini xarici ölkələrdən Sovet Ermənistanına gətirib Türkiyədən torpaq qoparmaq istəyirdi. O zaman ABŞ və Böyük Britaniyanın Türkiyəni müdafiə etməsi Stalinin planlarını pozdu. SSRİ-nin Türkiyəyə yönəlik ərazi iddiaları fiaskoya uğradı. Ancaq son nəticədə olan bizə oldu. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il qərarı ilə 1948-1953-cü illərdə 100 min azərbaycanlı Ermənistandan öz dədə-baba yurdlarından deportasiya edildi. Daha sonra 60-cı illərdə İrəvan şəhərində azərbaycanlıların sayını azaltmaq üçün soydaşlarımızı sıxışdırmağa başladılar. Ən nəhayət, 1988-ci ildə 250 min azərbaycanlını zor gücü ilə Qərbi Azərbaycandan deportasiya etdilər. Bəli, sovetlər dönəmində Bakıda, Sumqayıtda, Gəncədə xeyli erməni yaşayırdı. Ancaq bu o demək deyil ki, ermənilər buranın yerli sakinləri idilər. O cümlədən, Qarabağa, Gəncəbasar bölgəsinə ermənilər XIX və XX əsrlərdə müxtəlif yerlərdən köçürülüblər. Ona görə də Paşinyan hansı hoqqalardan çıxsa da, soydaşlarımızın Qərbi Azərbaycana dönüşünü əngəlləyə bilməyəcək”.

Həmçinin oxuyun

“Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir” – Hikmət Hacıyev

“Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir”. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin …