Cümə , Oktyabr 30 2020
Ana səhifə / Siyasət / Paşinyan 7 rayonu Azərbaycana qaytarmağı düşünmür – TƏHLİL

Paşinyan 7 rayonu Azərbaycana qaytarmağı düşünmür – TƏHLİL

Ermənistanın Baş Naziri Nikol Paşinyan son müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı açıqlama verdi. Paşinyan dedi ki, ondan əvvəlki Prezident və Baş Nazir olan Serj Sərkisyan Azərbaycana 7 rayonu (Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın) qaytarmaqla bağlı danışıqlar aparıb.

Paşinyan keçmiş Prezident Serj Sərkisyanın 7 rayonun Azərbaycana geri qaytarmağı müzakirə etdiyini açıqlamaqla iki məqsəd güdüb:

Birinci məqsəd odur ki, Paşinyan, guya sirrin üstünü açaraq ermənilərə bəyan edir ki, keçmiş hakimiyyət “Qarabağı satmağa hazırlaşırdı”. Ermənistanın Baş Naziri bu yolla erməni cəmiyyətinin gözündə əsas rəqibi olan Qarabağ klanının mövqelərini zəiflətməyə çalışır.

Paşinyanın ikinci məqsədi isə erməni cəmiyyətinə göstərməkdir ki, o, Azərbaycan torpaqlarını boşaltmaq variantını qəbul etməsə də, istər-istəməz mərhələli həll planı müzakirə olunur.

Paşinyan bu açıqlamanı verdikdən sonra yenə Dağlıq Qarabağa gəldi. O, Dağlıq Qarabağda hərbçilər üçün tikilən evlərin açılışında iştirak etdi. Paşinyan tez-tez Dağlıq Qarabağa gəlməklə göstərmək istəyir ki, o, separatçıların razılığı olmadan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmayacaq.

Paşinyanın bu siyasəti bölgədə müharibə riskini artırır. Məsələn, Dağlıq Qarabağın təmsilçiləri deyirlər ki, Azərbaycan müharibəyə hazırlaşır. Bu, həqiqətən belədir. Əgər danışıqlarda müsbət nəticə yoxdursa və separatçılar Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmaq istəmirlərsə, bölgədə müharibə riski azalmayacaq.

Bu arada, ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri İsveçrədə görüşdülər. Həmsədrlərin yeni planı yoxdur.

Buna baxmayaraq, Xarici İşlər nazirlərinin budəfəki görüşü fərqli idi:

Birincisi, həmsədrlərin vasitəçiliyi ilə görüş iki gün çəkdi. Birinci gün nazirlər arasında danışıqlar 7 saat oldu. İkinci gün danışıqlar 4 saata yaxın çəkdi.

İkincisi, həmsədrlər görüşün nəticəsi ilə bağlı bəyanatda danışıqların mahiyyəti ilə bağlı heç nə açıqlamadılar. Bəyanatda sadəcə, xalq diplomatiyasının gücləndirilməsinin vacibliyi bildirildi.

Buna baxmayaraq, Xarici İşlər nazirlərinin görüşündən ciddi nəticə çıxdığını söyləmək mümkün deyil. Nazirlər hansısa detalları müzakirə ediblər. Ancaq bu detallar danışıqların nəticəsinə təsir etmir. Sülh sazişi imzalamadan xalq diplomatiyası faydalı olmayacaq. Çünki, xalq diplomatiyası çərçivəsində Azərbaycanın və Ermənitanın ictimai fəalları, jurnalistləri və siyasi ekspertləri illərdir görüşürlər. Nəticə yoxdur.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov erməni həmkarı ilə keçən ilin dekabr ayında Bratislavada görüşmüşdü. Elmar Məmmədyarov görüşdə nəticə olmadığını bildirmişdi. Dekabr ayından bir ay keçib. Bu müddətdə Ermənistan hakimiyyətinin mövqeyində heç bir dəyişiklik baş verməyib. Ona görə də nazirlərin İsveçrədəki görüşündə nəticə əldə oluna bilməzdi.

Bundan başqa nazirlər İsveçrədə görüşərkən Ermənistanın Baş Naziri Nikol Paşinyan Dağlıq Qarabağa gəldi, işğal altındakı Kəlbəcərdə oldu. Bu, bir daha o deməkdir ki, Nikol Paşinyan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmağı düşünmür.

Həmsədrlərin məqsədi bölgədə sakitliyi qorumaqdır. Həmsədrlər Xarici İşlər nazirlərini mütəmadi görüşdürməklə gərginliyin azalmasına çalışırlar. Ancaq danışıqlar nəticə vermirsə, bölgədə gərginlik və sualların sayı azalmayacaq.

Bu arada, Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə zəng etdi. Bu zəng diqqəti çəkdi. Fransa ATƏT-in Minsk Qrupunu 3 həmsədr ölkəsində biridir.

Emmanuel Makronun Bakıya zənginin məqsədi nə idi?

Birincisi, Makron bu zənglə göstərmək istəyib ki, Fransa da Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə aparılan danışıqlara maraq göstərir.

İkincisi, Makron keçən il Azərbaycana səfər etməli idi. Ancaq bu səfər reallaşmadı. Mümkündür ki, Makron bu il Azərbaycana səfər edəcək və telefon danışığında səfərin tarixi barədə Azərbaycan Prezidentinə məlumat verib.

“Atlas” Araşdırmalar Mərkəzi

Həmçinin oxuyun

“Şuşanın niyə belə asanlıqla işğal olunması haqda suallar illər boyu içimizi göynətdi…”

“Digər torpaqlarımızla yanaşı, Şuşanın da müzəffər ordumuz tərəfindən azad olunacağı günü çox səbirsizliklə gözləyirəm. İnşallah, …