Ana səhifə / Siyasət / Partiya Makronun yersiz fikirlərinə etiraz bəyanatı verdi

Partiya Makronun yersiz fikirlərinə etiraz bəyanatı verdi

Fransa Respublikasının prezidenti Emmanuel Makronun həqiqətə uyğun olmayan iddiaları ilə əlaqədar Azərbaycan Naminə Alyans Partiyasının bəyanatı.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi əsassız ittihamlarla, şər və böhtan xarakterli bəyanatlarla nüfuzunu və ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəfsizliyini itirən Fransa prezidenti E.Makron atəşkəs sazişi imzalandıqdan sonra davranışını xeyli dəyişdirdi. Bu dəyişiklik Azərbaycan xalqı tərəfindən onun Cənubi Qafqazda baş verən hadisələrə münasibətində köklü dəyişikliklərin baş verməsi, yol verdiyi yanlışları anlaması kimi qiymətləndirildi.
Brüsseldə və Praqada keçirilən mühüm danışıqlarda Fransa prezidentinin iştirakına razılıq verilməsi də E.Makronun ədalətli və tərəfsiz mövqe tutacağına olan ümidlərlə əlaqədar idi. Ancaq Fransa prezidentinin bu günlərdə France 2 telekanalının efirində səsləndirdiyi qərəzli və böhtan xarakterli bəyanatlar onun barəsində ciddi şəkildə yanıldığımızı göstərdi.
Görünür Praqada keçirilən dördtərəfli görüşdə qarşısına qoyduğu məqsədə nail ola bilməyən və Azərbaycan prezidentinin məntiqli və hüquqi cəhətdən əsaslandırılmış arqumentləri qarşısında aciz qalan Fransa lideri itirdiyi nüfuzu bu yolla bərpa edəcəyini düşünmüş və çarəni yeni böhtanlar söyləməkdə görmüşdür.
Fransa prezidenti zərrə qədər sıxılmadan 30 il Azərbaycan torpaqlarının böyük hissəsini işğal altında saxlayan, nəinki müəssisələri və yaşayış evlərini, hətta məscidləri və mədəniyyət abidələrini də darmadağın edən Ermənistanın tolerant və sülhsevər olduğunu iddia etmiş, bundan sonra da ermənilərin yanında olacağını söyləmişdir. Eyni zamanda Azərbaycana qarşı hər cür şər və böhtanlar söyləyəndən sonra xəcalət çəkmədən Fransanın vasitəçi ölkə olduğunu xatırlatmağı mümkün saymışdır.
Çox böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son günlər özünü “ana müxalifət” adlandıran “Milli Şura” və onunla eyni “əqidə”ni daşıyan “həmvətənlərimiz” də dövlətimizin ünvanına böhtanlar söyləmək yarışında xarici düşmənlərdən geri qalmamış, hətta bəzi hallarda onlardan qabağa keçə bilmişlər. Ermənistan ordusunun sentyabrın 13-də başladığı təxribatın Azərbaycan tərəfindən törədildiyini iddia edərək düşmənlərimizə “əvəzsiz” xidmət göstərən hakimiyyət hərisləri qəhrəman ordumuzu erməni torpaqlarını işğal etməkdə günahlandırmışlar. Hakimiyyətə gəlmək üçün düşmən qüvvələrə işbirliyinə həmişə hazır olan “siyasi liderlər”in bu bəyanatları açıq ermənipərəst mövqeyini heç vaxt gizlətməyən Fransa prezidentini antiazərbaycan iddialarını daha kəskin şəkildə ortaya qoymağa cəsarətləndirmişdir.
Azərbaycan Naminə Alyans Partiyası:

  • Fransa prezidenti E.Makronun dövlətimizin ünvanına söylədiyi əsassız böhtanları qətiyyətlə pisləyir və Azərbaycan prezidenti cənab İlham Əliyevin bu bəyanatlardan sonra Fransanın “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında hər hansı rol almasının mümkünsüzlüyü” barədə bəyanatını birmənalı şəkildə dəstəklədiyini bəyan edir;
  • Xalqımızı hakimiyyəti ələ keçirmək naminə dövlətimizin düşmənlərinin maraqlarına xidmət edən bəyanatlar verən siyasi qurumlara qarşı ayıq olmağa və onların antiazərbaycan fəaliyyətinin qarşısını almaq üçün qəti addımlar atmağa çağırır.

Abutalıb Səmədov,
Azərbaycan Naminə Alyans Partiyasının sədri

Həmçinin oxuyun

Laçın dəhlizində əslində nə baş verdi? – DETALLAR

Ermənilər Azərbaycanın Laçın dəhlizini bağladığı, Qarabağdakı erməni əhali üçün “həyati əhəmiyyət” kəsb edən yolun qarşısını …