Cümə , Noyabr 27 2020
Ana səhifə / Siyasət / Parlamentindən Gürcüstan hökumətinə SƏRT ETİRAZLAR…

Parlamentindən Gürcüstan hökumətinə SƏRT ETİRAZLAR…

Dekabrın 29-da Milli Məclisin payız sessiyasının son iclası keçirildi. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə cari məsələlər ətrafında çıxışlar oldu. Bu zaman deputatlar Gürcüstanın Azərbaycanın maraqlarına zidd olaraq işğalçı Ermənistana nəqliyyat dəhlizi açmaq niyyətinə sərt şəkildə etirazlarını bildirdilər.
“Bu günlərdə Gürcüstanın baş naziri Azərbaycanın mənafeyinə uyğun olmayan bəyanatla çıxış etdi, Abxaziya və Osetiya üzərindən Ermənistana yol verilməsinin mümkünlüyünü dilə gətirdi. Bu, Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirən haldır”.
Deputat Fərəc Quliyev bunu Milli Məclisin hazırda davam edən plenar iclasındakı çıxışı zamanı söylədi. O xatırlatdı ki, Gürcüstan-Rusiya müharibəsində Gürcüstanda yaşayan Azərbaycan türkləri birmənalı şəkildə Tiflisi dəstəkləyib: “Amma Cavaxetiya erməniləri fərqli davrandılar. Hətta ermənilər Abxaziyanı ”Kiçik Ermənistan” adlandırdılar. Bunu bilə-bilə Ermənistana dəstək vermək, Azərbaycana qarşı xəyanətdir. Bu məsələlər və Gürcüstana edilən güzəştlər gündəmə gətirilməlidir. Dostluq qrupları hərəkətə keçməli, Gürcüstana xəbərdarlıq olunmalıdır. Bu hərəkətin dərhal Gürcüstan tərəfindən izahatı olmalıdır. Bəyan olunmalıdır ki, əgər onlar ermənilərə dəstək verəcəklərsə, Azərbaycanla münasibətlər bu qaydada davam edə bilməz”.
Deputat Qüdrət Həsənquliyev də Gürcüstan-Ermənistan münasibətlərinə kəskin reaksiya verdi: “Bir neçə il əvvəl Gürcüstan parlamentinin sədri olan Nino Burcanadzenin beynəlxalq tədbirdəki çıxışını xatırlayıram. O 2008-ci ildə Rusiya ilə müharibədən danışarkən bircə kəlmə demədi ki, Gürcüstanı qışın soyuğunda donmaqdan kim xilas etdi. Çünki Azərbaycan ləyaqət nümayiş etdirərək Gürcüstana yardım əlini uzatmışdı. Bizim rayonlarda camaat odun yandırırdı, amma qazı kəsib qonşu ölkəyə verirdik. Biz o zaman öz ləyaqətimizi nümayiş etdirdik. Amma o tədbirdə Kosova modelinin postsovet ölkələrinə tətbiq olunub-olunmaması barədə sualın cavabında dedi ki, Kosova variantı nə Moldova, nə Kosovaya tətbiq oluna bilməz, amma Qarabağın adını çəkmədi. Bu, Gürcüstan hakimiyyətinin Azərbaycana münasibəti idi. Hansı ki, 2008-ci ildə Azərbaycan Gürcüstanı müdafiə etdi, ticarət dövriyyəsində Azərbaycan Gürcüstanın 4-cü tərəfdaşıdır, həmçinin Gürcüstana ən çox investisiya qoyan ölkədir. Gürcüstanın səfiri dəvət olunmalıdır, deyilməlidir ki, sizin bu hərəkətiniz ləyaqətsiz hərəkətdir. İki işğalçı dövlət arasında sən əlaqə yaradırsan, özü də bunu Azərbaycana qarşı edirsən. Azərbacan bildirməlidir ki, bununla Gürcüstan çox şey itirəcək. Biz özümüzü elə aparmamalıyıq ki, sanki heç nə baş vermir. İşğal olunmuş torpaqlar üzərindən dəmir yolu açmaq istəyirlər”.
Spiker Oqtay Əsədov “yəni bu, o deməkdir ki, Azərbaycan Dağlıq Qarabağdan özünə xətt çəkir”-deyə, əlavə etdi.
Deputat Rasim Musabəyov da dedi ki, Tiflisin hərəkəti təəccüb doğurur: “Əslində burada Gürcüstanın maraqlarının müdafiəsindən söhbət getmir. Rusiya Gürcüstanın ərazilərini işğalda saxlayır. Ermənistan Gürcüstanın ərazi bütövlüyünün əleyhinə çıxır. İndi bunlar üçün yol açması Gürcüstana heç bir fayda vermir. Bu gün Bakı, Tiflis və Ankara arasındakı birlik modelinin dağılması modeli ortada var, bu məsələ də ona görə ortaya çıxarılıb. Çalışmaq lazımdır ki, bizim müttəfiqliyimizə xələl gəlməsin. Biz müttəfiqik, ancaq mövcud narahatlıqları bölüşməliyik”.
Parlamentin sədri O.Əsədov da dedi ki, gürcü ekspertlər özləri də Azərbaycanla strateji müttəfiqliyə zidd addım atılmasının yolverilməzliyi barədə açıqlamalar verdiyini xatırlatdı: “Ola bilər ki, Gürcüstanda kimlərsə bizim münasibətlərimizi pozmaq istəyir. Amma inanmıram ki, gürcü hakimiyyəti belə bir addım atsın. Biz Qarsa dəmir yolu çəkmişik, Gürcüstan da bu dəmir yolu layihəsindən bəhrələnir. Biz tapşırarıq dostluq qrupu da məsələni araşdırar, görək nə məsələdir”.
Deputat, Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Əflatun Amaşov dedi ki, Gürcüstanın öz milli maraqlarına zidd olaraq belə bir addım atacağına inanmır: “Belə olarsa, Gürcüstan ondan zorla qopardılmış, işğal edilmiş Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanımış olacaq. Gürcüstan yaxşı bilir ki, belə bir addım özünün strateji tərəfdaşı olan Azərbaycanın da milli maraqlarına ziddir. Çünki alternativ dəhlizlərdən daha çox işğalçı Ermənistan faydalanacaq. Bu da işğalçıya dəstək kimi qiymətləndirilə bilər. Onu da deyim ki, alternativ dəhliz dedikdə əsasən Abxaziyadan keçən dəmir yolu nəzərdə tutulur. Kim təminat verə bilər ki, belə bir gərgin zamanda həmin yoldan işğalçı Ermənistana, Dağlıq Qarabağın separatçı rejiminə silah-sursat daşınmayacaq?” Ə.Amaşov dedi ki, məsələyə həssas yanaşmalıyıq: “Gürcüstan hər baxımdan bizə çox yaxın ölkədir. Bunları nəzərə alıb Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun adından millət vəkillərimizin bu narahatlığını Gürcüstan parlamentinə, əsasən də Gürcüstan-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvlərinə çatdıracağıq”.
Deputat Musa Qasımlı isə bu məsələyə soyuqqanlı yanaşmağı vacib saydı: “Gürcüstanda heç də hamı dəmir yolunun açılmasının tərəfdarı deyil. Əksəriyyət bilir ki, Baqramyan batalyonu Gürcüstana qarşı döyüşərkən Gürcüstanda yaşayan azərbaycanlılar yaşadıqları ölkənin ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşüb”.
Musa Qasımlı həmçinin telekanal rəhbərlərini Azərbaycanın milli qəhrəmanlarımızı, dahi yazıçılarımızı və tarixi abidələrimizi şübhə altına alan verilişlər verməkdə ittiham etdi. O, telekanal və media rəhbərlərini bu məsələdə məsuliyyətli olmağa və onları Azərbaycanın milli maraqlarına zərbə vurmamağa çağırdı.
Spiker Oqtay Əsədov Rusiyadakı soydaşlarımızla bağlı iradını söylədi: “Rusiyada yaşayan, işləyən azərbaycanlıların sayı kifayət qədər çoxdur. Amma hansı televiziya kanalı açırsan, verilişlərdə ermənilər iştirak edir”. Sədr bildirdi ki, azərbaycanlılar həmin verilişlərdə iştirak etməlidir: “Hansı insan təşəbbüs göstərir, o debatlara qatılır? Onların qarşısını alan yoxdur ki? Bizim zəifliyimiz bundadır”.
Deputat Elmira Axundova yol nişanları və ötürücülərdən şikayətləndi: “Yollarda olan lövhələrin çoxu köhnədir, az qala sovet dövründən qalmadır. Avropada təkbaşına səyahət edən turist heç bir çətinlik çəkmir. Bu, çox ciddi problemdir, müasir yollarımız yol ötürücüləri ilə də təchiz edilməlidir”.
Deputat Qənirə Paşayeva əlillərin ödənişli ali təhsildən azad edilməsi məsələsini qaldırdı. Deputat bildirdi ki, bir qrup fiziki imkanları məhdud şəxslərlə onlar üçün keçirilən bayram tədbirində görüşüb: “Orda iştirak edən və ödənişli ali təhsil alan fiziki imkanları məhdud gənclər, əlillərin hüquqlarının müdafiəsi və problemləri ilə məşğul olan təşkilatların rəsmiləri ödənişli ali təhsil alan əlillərin təhsil haqqından azad edilməsini xahiş ediblər. Fiziki imkanları məhdud gənclərimiz Milli Məclisdə bu məsələyə qısa zamanda baxılmasını və onların ödənişli ali təhsildən azad olunması  məsələsinin qısa zamanda öz həllini tapmasını gözləyirlər. Bu, onlar üçün çox böyük dəstək olar. Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqının ödənişi dövlət vəsaiti hesabına həyata keçirilsin”.
Milli Məclis “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişikliyi təsdiqləyərkən çıxış edən deputat Qüdrət Həsənquliyev bir sıra rayonların icra başçılarının sahibkarlara qarşı qanunsuz hərəkətlərindən, onların sahibkarlığın inkişafına əngəl olmasından bəhs etdi: “Çox təəssüf ki, bəzi icra başçıları sahibkarları incitməkdə davam edir. Bayramqabağı olduğundan mən ad çəkmirəm. Bizə bununla bağlı çoxlu müraciətlər daxil olur. İcra başçıları xüsusi ilə kiçik sahibkarlardan aldıqları tikinti materialları və digər malların dəyərini ödəmir. Biz həmin icra başçıları ilə telefon əlaqəsi yaratmaq istəsək də, onlar zəngə cavab vermirlər”. Q.Həsənquliyev ləğv prosesi həyata keçirilən bankların girovluğunda olan əmlaklarla bağlı konkret misal çəkib və sahibkarların incidildiyini söylədi: “Bir sahibkar ləğvetmə prosesində olan ”Zaminbank” vasitəsi ilə Sahibkarlığa Komək Milli Fondundan kredit alıb. Bank bağlanandan sonra yerdə qalan vəsaiti tam olaraq sözügedən Fonda ödəyib. Sahibkarlığa Kömək Milli Fondu da borcun tamamilə ödənildiyi barədə sahibkara arayış verib. Amma digər müvafiq qurumlar sahibkarın əmlakının girovluqdan çıxarılması üçün arayış vermir. Məsələn, Əmanətlərin Sığortalanması Fondundan sahibkara deyiblər ki, siz vəsaiti özbaşına qaytarmısız. Deyirlər ki, siz niyə vəsaiti Sahibkarlığa Kömək Milli fonduna qaytarmısınız? Fonddan bildirilib ki, bu bankla vəziyyət aydınlaşdırandan sonra sizə vəsaiti hara ödəyəcəyinizi deyəcəkdik”. Deputat sahibkarlığın inkişafını əngəlləyən bu cür halların aradan qaldırılmasını istədi.
Spiker iclasın gedişində deputatlarla parlament  jurnalistlərinin futbol oyunundan da bəhs etdi. “Fürsətdən istifadə edib sizi qalib gəlməyiniz münasibətilə təbrik edirəm. Həmişə qalib gələsiniz”-deyə, spiker deputatlara xitab etdi. Deputatlarsa sədrin təbrikini alqışlarla qarşıladılar.
Deputat Zahid Oruc prezidentin Tərtər bölgəsində səfərinin əhəmiyyətindən bəhs etməklə yanaşı, ermənilərin Qarabağa köçürülməsinə həsr olunmuş abidənin bərpa olunmasını da təqdir etdi. Bildirdi ki, 1978-ci ildə qoyulmuş bu abidə ermənilərin ərazilərimizə 150 il əvvəl köçürüldüyünü sübuta yetirir. Ancaq deputat “Marağa-150″-nin qarşısına gedənlər arasında heç olmasa 3-4 ermənini aparmaq lazımdır”-deyə, təklif verdi.
İclasda çıxış edən deputat Fazil Mustafa bildirdi ki, 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olsa da, bir sıra məsələlərdə problemlər qalmaqdadır. Xatırlatdı ki, xüsusən də, sahibkarlıq sahəsində mövcud problemlərin bəziləri bu il də həllini tapmadı: “Sahibkarlar vəsaitlərin banklardan çıxarılmasına yaradılan məhdudlaşdırmada ciddi problemlər yaşayırlar. Bu gün sahibkarlarımızı ən çox narahat edən məsələ budur. Məhdudlaşdırmanın süni şəkildə qoyulması iqtisadiyyatımıza mənfi təsir göstərə bilər. Beynəlxalq Bank məsələsi kimi hal yenidən gündəmə gələcəksə, insanlara hansı cavab vermək istiqamətində düşünməliyik”.
F.Mustafa həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı görülən işlərin də qanedici olmadığını dedi: “May ayında Cümhuriyyətin 100 ili tamam olacaq, ancaq hələ də, ensiklopedik kitablar çap olunmayıb və ya hər hansı film çəkilməyib. Dövlət başçısı üzərinə düşən işi yerinə yetirdi, lakin aididyyatı qurumlardan eyni diqqəti görmədik. Növbəti ildə bu məsələyə xüsusi diqqət göstərilməsini istərdik”.
Spiker Oqtay Əsədov bildirdi ki, cənab prezident sərəncam verib, aidiyyəti qurumlar üzərinə düşən vəzifəni yerinə yetirir. “İyun ayının 10-a qədər parlamentin 100 illik yubileyi keçiriləcək”.
Milli Məclis “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taboru tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” qərara dəyişiklik etdi. Layihə barədə çıxış edən birinci vitse-spiker Ziyafət Əsgərov bildirdi ki, 2000-ci ildə qəbul olunmuş qərarla bizim Silahlı Qüvvələrimizin 4  taqımı Əfqanıstanda xidmət keçir. Ancaq referendum keçiriləndən sonra bu qərara texniki düzəliş etmək lazım gəlib. Belə ki, yeni redaktəyə əsasən, Əfqanıstanda xidmət keçən şəxsi heyət Silahlı Qüvvələrin deyil, Azərbaycan ordusunun şəxsi heyəti kimi təqdim olunacaq.  Həmçinin digər dəyişikliyə görə, “4 taqım” əvəzinə, “kontingent” sözü yazılacaq. “Çünki kontingent daha geniş anlam kəsb edir. Gələcəkdə şəxsi heyətin sayı artırıla da bilər”-Z.Əsgərov dedi.
Deputat Fuad Muradov bəzi iradlara diqqət çəkdi: “Düzdür, hərdən sosial şəbəkələrdə Milli Məclisin deputatları haqqında müəyyən söz-söhbətlər olur. Bizim də işimiz ondan ibarət olmalıdır ki, ölkədə gedən islahatları dəstəkləməliyik. Bunu sadə insanlara da çatdırmalıyıq”.
Daha sonra “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Birinci vitse-spiker Ziyafət Əsgərov dedi ki, 5 fəsil, 16 maddədən ibarət olan qanun layihəsi Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Silahlı Qüvvələrin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. Z.Əsgərov bir sıra təkliflərin nəzərə alındığını dedi və qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Parlament gündəlikdəki məsələlərin müzakirəsi və qəbulundan sonra Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik mətnini qəbul etdi. Təbrik mətnini deputat Məlahət İbrahımqızı təqdim etdi.
Spiker Oqtay Əsədov payız sessiyasını yekunlaşdırarkən deyib ki, il ərzində keçirilən 24 iclasda 472 qanun və qərar qəbul edilib. Həmçinin beynəlxalq təşkilatların xətti ilə Milli Məclis 5 beynəlxalq tədbir keçirb. Spiker Prezidentə, Birinci vitse-prezidentə, media nümayəndələrinə və xalqa  bayram təbriklərini çatdırdı. Dövlət Himninin oxunmasından sonra sessiya başa çatdı və deputatlar tətilə çıxdılar.(musavat.com)

Həmçinin oxuyun

“Millətin ayağından daş kimi asılıb qalmış adamlar…” – Qulu Məhərrəmli

Sentyabrın 27-si başlayan 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan cəmiyyəti misli görülməmiş həmrəylik nümayiş etdirdi. …