Çərşənbə , Mart 3 2021
Ana səhifə / Siyasət / Parlamentin bir ili müxalifətçi deputatların gözü ilə

Parlamentin bir ili müxalifətçi deputatların gözü ilə

2020-ci ilin 9 fevralında keçirilən növbədənkənar parlament seçkilərindən 1 il keçdi. Bu seçkilərlə formalaşan VI çağırış Milli Məclisdə hazırda 120 deputat, 12 siyasi partiya təmsil olunur. 5 deputat yeri hələ də boşdur və həmin dairələrdə təkrar seçkilərin nə zaman keçiriləcəyi bəlli deyil.  

İndiyədək 6 çağırış ərzində Milli Məclis rəhbərliyi YAP və bitərəflərdən ibarət olub. İlk dəfə VI çağırışda başqa partiyadan-Vətəndaş Həmrəyliyi Partiyasından seçilən millət vəkili Fəzail İbrahimli Milli Məclis rəhbərliyində təmsil olundu. Həmçinin VI çağırışda Milli Məclis tarixində ilk dəfə YAP-dan fərqli olaraq 1 partiyadan (VHP) komitə sədri, 6 partiyadan (BAXCP, ADMP, BQP, VBP, DİP və Vəhdət Partiyası) komitə sədrinin müavini, 1 partiyadan (AVP) isə komissiya sədrinin müavini seçildi.

Parlamentin 1 illik fəaliyyətinə müxalifətçi deputatlardan bir neçəsinin münasibətini öyrəndik. VHP sədri, deputat Sabir Rüstəmxanlı bildirdi ki, bundan əvvəlki beşinci çağırış Milli Məclisin üzvü olmayıb, amma ondan əvvəlki bütün çağırışlarda millət vəkili seçilib. Müqayisə etmək üçün kifayət qədər imkanlar var: “1990-cı ildən bu günə qədər parlamentin bütün fəaliyyəti gözümün qarşısındadır, müqayisə eləmək imkanı var. Yalnız arada 4 ildə Milli Məclisin işinə bir az kənardan baxdım. 9 fevralda keçirilən seçkilərdə formalaşan Milli Məclis fəaliyyətə başlayan kimi ölkədə pandemiya başladı. Dünyanı bürüyən koronavirus fəlakəti başlandı. Pandemiya nəzərdə tutulan bir çox işləri pozdu. Ürəyimiz istədiyi kimi işləmək xeyli çətinləşdi. Buna baxmayaraq, Milli Məclisin bu 1 illik fəaliyyətini yüksək qiymətləndirirəm. Bir çox özəllikləri var bu Milli Məclisin. Əvvəla, Milli Məclisə ziyalı xanım sədrlik edir. Bu, parlament tarixində xüsusi bir hadisədir. Sahibə xanım Qafarova Avropa parlament tarixini yaxından bilən təcrübəli adamdır. Daha bir yenilik o oldu ki, ilk dəfə parlament sədrinin müavinlərindən biri müxalifət düşərgəsini təmsil edir. O da bizim partiyada sədrinin müavini olan Fəzail İbrahimlidir. İlk dəfə olaraq komitə sədrləri, komitə sədrlərinin arasında müxalifətdən olan deputatlar yer alır”. Deputat qeyd etdi ki, pandemiya parlamentin işinin qurulmasına mane olmadı: “Parlamentdə başlayan qeyd etdiyim proses sonradan müharibə ərəfəsində ölkədə siyasi partiyaların bir araya gəlməsi, bütün partiyaların eyni mövqedən çıxış eləməsi, dövlətin yanında olduqlarını bəyan eləmələri, birgə bəyanatın verilməsinə qədər inkişaf elədi. Hesab edirəm ki, bu amil də ordumuzun ruh yüksəkliyi ilə savaşmasına təsir etdi. Vaxtilə müxalifətin üzünə bağlı olan televiziyalar müxalifətçilərə, müxalifət deputatlarına qapılarını açdı. Savaş günlərində ən çox söz deyən, xalqı müharibəyə ruhlandıran çıxışlarla xalqın qarşısına çıxanların əksəriyyəti millət vəkilləri oldu. Müharibə dövründə efirlərdə ən çox çıxış eləyənlər deputatlar oldu. Bu bir ildə Milli Məclis mümkün olduğu qədər səmərəli çalışdı. Komitələrin iclasları yubanmadı, onlayn qaydada iclaslar keçirildi. Nadir hallarda canlı şəkildə iclaslar oldu. Ekstremal vəziyyət axtarışlara səbəb olur və bəzən də çox maraqlı yeniliklər ortaya çıxır. İclaslar onlayn qaydada keçiriləndə hətta yol gedə-gedə də iclasa qatıldıq”.

Sabir Rüstəmxanlı ile ilgili görsel sonucu

Sabir Rüstəmxanlı: “Milli Məclis fəaliyyətə başlayan kimi ölkədə pandemiya başladı”

Sabir Rüstəmxanlı onu da dedi ki, Milli Məclisin tərkibinə gəldikdə, tərkibdə yeniliklər göz qabağındadır. Gəncləşmə açıq görünür. Gənclərin arasında xeyli istedadlı, savadlı, işini bilən deputatlar var: “Bu da sevindiricidir. Milli Məclisin bu 1 ildə beynəlxalq əlaqələri də xeyli genişlənib. Müharibənin diktə elədiyi şərtlər daxilində biz beynəlxalq qurumlara öz mövqelərimizi bildirmişik, beynəlxalq tədbirlərə onlayn qaydada qatılmışıq. İndi yaz sessiyası başlayıb. Mən öz partiyamız adından Milli Məclisə bir qanun layihəsi təqdim elədim. Pasportlar haqqında əsasnamədə dəyişiklik edilməsi ilə bağlı təkliflərimiz var. Ötən bir ildə şəxsən mənim seçildiyim bölgədə bir yandan pandemiya, bir yandan Kür çayının suyunun şoranlaşması problemi, bir yandan əhalinin su ilə təminatı məsələsi, sonra müharibənin başlanması və nəticədə şəhidlərin, qazilərin olması məsələləri insanlara yardım eləmək zərurətini ortaya çıxardı. Bu kimi məsələlərin həlli üçün kifayət qədər fəal olmağa çalışdıq. Dəyən iqtisadi zərərlərə baxmayaraq ölkənin inkişafını təmin eləyəcək dövlət büdcəsini Milli Məclis qəbul elədi. Yaxınlarda da yəqin ki, hökumətin hesabatı da dinləniləcək. Yəni çətin bir ildə Azərbaycan parlamenti kifayət qədər səmərəli çalışdı”.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev isə bildirdi ki, ilk dəfədir parlamentdə təmsil olunduğu üçün əvvəlki çağırışlarla indiki Məclisi müqayisə etmək imkanı yoxdur: “Amma bu 1 ildə deputat kimi gördüklərimin əsasında onu deyə bilərəm ki, həmkarlarımın dediklərinə görə çox şey dəyişib. Əvvəlki Milli Məclisdən fərqli olaraq müxalifət nümayəndəsi parlament rəhbərliyində yer alır. Komitə sədri, komitə sədrlərinin müavinləri müxalifətdən seçildi. Əvvəlki çağırışlarda deputat olan həmkarlarım deyir ki, indiki Milli Məclis daha fəaldır, hər kəs danışır, daha çox sərbəst fikir söyləmək mümkündür, deputatlara iş üçün daha yaxşı şərait yaradılıb. Bu yaxınlarda Milli Məclisin internet səhifəsi çox yaxşı interaktiv bir hala gətirilib. Mənim üçün xoş olan məqamlardan biri olub ki, Milli Məclisin sədri xanım Sahibə Qafarovadır. Doğrudan da parlamentin sədri parlamentdə bir örnək yaradır desəm yanılmaram. Müzakirələr üçün normal şərait yaradır. Deputatların iş şəraitini yaxşılaşdırmaq, bu və ya digər təkliflərin həyata keçirilməsi üçün çalışır. 1 ildə Sahibə Qafarova çox müsbət işləri görə bilib”.

Razi Nurullayev: ile ilgili görsel sonucu

Razi Nurullayev: “Deputatların bütün dövlət qurumlarının vəzifələrini icra etmək məcburiyyətində qalmaq tendensiyası müşahidə olunur”

Deputat vurğuladı ki, parlamentin səlahiyyətləri yerindədir, deputatın statusu haqqında qanun var, amma deputatların bütün dövlət qurumlarının vəzifələrini icra etmək məcburiyyətində qalmaq tendensiyası müşahidə olunur. Hər bir şəxs deputata özünün şəxsi və ya kollektiv problemləri ilə bağlı müraciət edir. Amma deputat bunları nə dərəcədə həll edə bilər məsələsi var: “Minlərlə insan iş üçün müraciət edir, sosial yardım üçün, əllilik məsələləri, torpağı zəbt olunub onun alınması üçün, məhkəmə işləri ilə bağlı deputata müraciət edir. Elə bir sahə yoxdur ki, onunla bağlı deputata müraciət olmasın. Amma bir deputat bu qədər məsələlərin həlli üçün nə dərəcədə effektiv işləyə bilər? O baxımdan hazırda Milli Məclisdə bir deputatın iki köməkçisi var. Biri əmək haqqı alır, biri isə ictimai əsaslarla çalışır. Amma əslində qeyd etdiyim vəziyyətdə effektiv iş görmək üçün deputatın iki köməkçisinin ikisi də əməkhaqqı almalıdır. Yəqin ki, bu məsələ həll olunacaq. Yəni dediyim səbəblər ucbatından da deputatın fəaliyyətinin effektivliyi bəzən görünməz olur. Deputatın büdcəsi yoxdur. Vəzifələrin öhdəsindən gəlmək üçün bu məsələ də əhəmiyyət təşkil edir. Bu kimi məsələlər həll olunarsa deputatlar daha da effektli işləyə və deputatların nüfuzu daha da qalxmış olar”. Musavat.com

Həmçinin oxuyun

YAP-ın yeni icra katibi kim ola bilər?

Sfera.az-a daxil olan məlumata görə, Mübariz Qurbanlı YAP-ın icra katibi vəzifəsində Əli Əhmədovu əvəzləyəcək. Hal-hazırda …