Bazar , Yanvar 24 2021
Ana səhifə / Siyasət / Parlamentdə koronavirus müzakirələri

Parlamentdə koronavirus müzakirələri

Noyabrın 24-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin sədri Sahibə Qafarova iclası açaraq bildirdi ki, son dövrdə yeni növ koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində vəziyyət gərginləşib: “Virusun yayılması sürətlə yüksəlib, yoluxan insanların sayı artıb. Milli Məclisdə bizim bir sıra həmkarlarımız da xəstələniblər. Mən bütün xəstələrimizə şəfa diləyirəm və sizdən də xahiş edirəm ki, özünüzü qoruyun. Çünki qarşıda bizi çox önəmli işlər gözləyir”.

 Sahibə Qafarova dedi ki, bu sessiyada biz dövlət büdcəsini və büdcə zərfinə daxil olan digər sənədləri müzakirə və qəbul etməliyik: “Ona görə yenə də mən sizdən xahiş edirəm və tələb edirəm ki, xəstəlikdən qorunmaq üçün verilən bütün tövsiyə və göstərişləri yerinə yetirin, o cümlədən sanitariya-gigiyena qaydalarına ciddi əməl edin”.

Sonra gündəlik qəbul edildi və məsələlərin müzakirəsinə başlanıldı.

Əvvəlcə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Azərbaycan Respublikasının ”Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihələrini ikinci oxunuşda təqdim etdi. Bildirildi ki, ölkə Prezidentinin təşəbbüsü ilə bu qanun layihələri hazırlanıb və təqdim olunub: “Dövlət başçısı müalicədə olan hərbçilərlə görüşü zamanı bu məsələnin vacibliyini vurğulayıb və bildirib ki, Azərbaycan Respublikasında yeni orden və medallar təsis olunacaq və Vətən müharibəsində iştirak edən hərbçilər təltif olunacaqlar”. Qanun layihələrinin mükəmməl hazırlandığını deyən vitse-spiker qeyd etdi ki, bu sənədlər orden və medallarla bağlı bizim bugünədək formalaşmış qanunvericilik təcrübəmizə tam uyğundur. Eyni zamanda onların əsasnaməsində və təsvirində Azərbaycan dövlətçiliyi, Qarabağ tarixi, milli atributlarla bağlı bütün elementlər öz əksini tapıb.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olundu.

F.Mustafa Vətən müharibəsi iştirakçılarının təltif olunması  barədə qeydini bölüşdü. “Qanunda xeyli texniki nöqsanlar var. Ona görə də mən bitərəf qaldım”, deputat bildirdi.

Birinci vitse-spiker Əli Hüseynli isə “birmənalı deyə bilərəm ki, heç bir texniki qüsur yoxdur, amma mən təxmin edirəm siz hansı məsələlərə toxunursunuz, onu müzakirə etməyə hazırıq”, – deyə, cavab verdi.

İclasda “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə ikinci oxunuşda baxıldı. Birinci vitse-spiker Əli Hüseynli layihə barədə açıqlamasında dedi ki, bu medalın təsis olunması ilə artıq Azərbaycanda 35-ci yubiley medalı təsis olunacaq: “Ona görə də deputatlardan səs vermələrini xahiş edirəm”.

Regional məsələlər üzrə komitənin sədri Siyavuş Novruzov müzakirəyə çıxarılan qanun layihəsinə səs verəcəyini dedi. S.Novruzov əlavə etdi ki, hər bir hərbçimizə diqqət yetirməliyik: “Vaxtilə orden-medallar alanları az qala ”vətən xaini” adlandırırdılar. Hər bir hərbçiyə verilən orden-medal onun əməyinə verilən qiymətdir. Vaxtilə bir sıra ölkələrdə ləğv olunsa da, ümummilli lider bu məsələni ölkəmizdə saxladı”.

Komitə sədri digər bir məsələdən danışarkən dedi ki, hazırda işğaldan azad olunmuş ərazilərdə araşdırmalar aparılır: “İmkan varsa, dostluq qrupları tərəfindən müəyyən insanları dəvət edib gətirmək və onların iştirakı ilə faktları aktlaşdırmaq yaxşı  olardı”.

Sədr Sahibə Qafarova bildirdi ki, bu gün dövlət tərəfindən kifayət qədər işlər görülür, diplomatik qurumların əməkdaşları da işğaldan azad olunan ərazilərə gedirlər. İmkan olarsa, təbii ki, bu məsələ həm də deputatların işidir. Amma indiki durumda hələlik bu, mümkün deyil.  

Komitə sədri Ziyafət Əsgərov yubiley medalları ilə bağlı qanun layihələrinin səsverməsinə dəyişiklik edilməsinin zəruriliyini bildirdi. Deputat qeyd etdi ki, qanun layihələrinin üçüncü oxunuşda qəbulu mümkündür: “Bizim praktikamızda belə hallar var”.

Sədr Sahibə Qafarova təklifə münasibət bildirərək dedi ki, bu barədə Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev, Əli Hüseynli və hüquqşünaslar müzakirə aparsalar, daha doğru olar: “Ancaq mən bildiyim qədəri bu, mümkün deyil. Qanun layihələri 3 oxunuşda qəbul edilməlidir. Bunu gələcəkdə hansısa formatda müzakirə edərik”.

Milli Məclisin Aparatı buraxıldı Xalqqazeti.com

Deputat Razi Nurullayev gündəlikdəki məsələlərin müzakirəsi zamanı çıxış edə bilmədiyi üçün etirazını bildirdi. Qeyd etdi ki, gündəlikdəki məsələlər müzakirəsiz səsverməyə çıxarıldığı üçün təkliflərini səsləndirə bilməyib. “Birinci, Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar ”Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun layihəsi haqqında və ikinci, “Azərbaycan Respublikasının ”Vətən Müharibəsi Qəhrəmanı” fəxri adının təsis edilməsi haqqında” qanununun layihəsi ilə bağlı çox ciddi təkliflərim var idi. Amma nə birinci, nə də ikinci oxunuşda bunları səsləndirə bilmədim. Doğrudur, bu təklifləri yazılı formada təqdim edəcəyəm, amma bunun bir forması olmalıdır ki, ciddi təkliflər olduğu zaman bizim israrımızı görəsiz. Siz çıxışınızda dediniz ki, söz demək istəyən israr etsin. Mən istərdim israr məsələsinə aydınlıq gətirək. Mən necə israr edim? Mən durub burada uşaq kimi əl qaldırmalı deyiləm ki, siz məni görəsiz”.

Sədr Sahibə Qafarova isə “Razi müəllim, sadəcə, əlinizi qaldırardınız, mən görərdim, mən hamını görürəm. İkincisi, mən heç kimə elə-belə demirəm danışmayaq. Sadəcə, mən iclasın əvvəlində dedim ki, koronavirisla bağlı vəziyyəti nəzərə alaq”,- deyə, ona cavab verdi.

Deputat Sabir Rüstəmxanlı koronavirusla bağlı getdikcə ağırlaşan vəziyyətdən bəhs etdi: “Koronavirus bütün milləti narahat edir. Müharibə ilə bağlı insanların küçələrə çıxması vəziyyəti daha da gərginləşdirmişdi.

Digər tərəfdən, camaat koronavirusla əlaqədar müayinə olunmur. İnsanlar çox zaman həkimə müraciət etmirlər. Bir dəfə müraciət edəndə 100-120 manat pul ödəyirlər. Bunun kasıbı, imkansızı var. Adamların imkanı olmur, yoxlanmır, özfəaliyyət nəticəsində isə xəstəlik sağalmaqdansa, dərinləşir”.

S.Rüstəmxanlı nəqliyyat probleminə də diqqət çəkdi: “Axşamlar biz baxırıq, avtobuslara yaxın düşmək mümkün deyil. Metro dayanıb, dayanacaqlarda adamlar elə bil mitinqə çıxıb. Digər tərəfdən, metronun fəaliyyəti dayanıb. Avtobuslara minmək mümkün deyil. Hesab edirəm ki, metro işləsə, işi asanlaşdırar. Ona görə də xahiş edirəm, əlaqədar təşkilatlar bu iki məsələyə diqqət yetirsinlər”.

Sahibə Qafarova — Vikipediya

Sədr Sahibə Qafarova isə “Sabir müəllim, xahiş edirəm, qanun layihəsindən danışmaq lazımdır, bunu sonda da deyə bilərdiniz”, söylədi. Ardınca isə “keçən dəfə Soltan müəllim (Məmmədov-red.) məlumat verdi ki, testlər pulsuzdur”, əlavəsini etdi.

Sədr bildirdi ki, gündəliyin növbəti iki məsələsi ölkə Prezidenti tərəfindən bir məktubla Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə bağlı layihələrdir. Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Ətraf mühitin mühafizəsi haqqında” qanuna təklif olunan dəyişiklikdən bəhs etdi. Bildirildi ki, ikinci oxunuşda müzakirəyə çıxarılan layihə ölkə Prezidentinin “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb. Qanun layihəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi 2021-ci il yanvarın 1-dən qadağan edilir. Eyni zamanda birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi də 2021-ci il iyulun 1-dən məhdudlaşdırılacaq. Komitə sədri qeyd edib ki, dəyişikliklərlə bağlı Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Ədliyyə nazirlikləri ilə ətraflı müzakirələr aparılıb və məqsədəmüvafiq hesab olunub. Müzakirələrdə parlamentin komitə sədri Musa Quliyev və deputat Aydın Hüseynov sənəd barədə öz fikirlərini söyləyərək, təklif və suallarını səsləndiriblər. Komitə sədri Sadiq Qurbanov deputatların suallarını cavablandırdıqdan sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, sənəd uyğunlaşdırma xarakteri daşıyır və “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə edilən dəyişikliyə əsasən hazırlanıb. Məcəlləyə təklif olunan yeni 275.4 və 275.5-ci maddələrdə ekoloji təhlükəsizliyi pozan həm vəzifəli şəxslər, həm də hüquqi şəxslər üçün ciddi məbləğdə cərimələr nəzərdə tutulur. Eyni zamanda qeyd olunan xətaların inzibati tənbeh almış şəxs tərəfindən bir il ərzində təkrar törədilməsinə görə də inzibati məsuliyyət nəzərdə tutulur.

 Qanun layihəsi ikinci oxunuşda qəbul olundu.

Spiker dedi ki, Milli Məclisin payız sessiyasının növbəti plenar iclası noyabrın 26-da keçiriləcək.

Həmçinin oxuyun

Bakı İrəvandan bu yolla yeni ərazilər alacaq

Bakı və Ankara beynəlxalq meydanlarda Ermənistana qarşı fəaliyyət aparır. Bunu jurnalistlərə açıqlamasında erməni türkoloq Ruben …