Bazar , Oktyabr 25 2020
Ana səhifə / Siyasət / Pakistan – Azərbaycan dostluğu – 28 il

Pakistan – Azərbaycan dostluğu – 28 il

Pakistanla Azərbaycan arasında diplomatik əlaqələrinin qurulmasından 28 il ötür. 

İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulub. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Biu ölkə 12 dekabr 1991-ci ildə Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyıb.

1993-cü il aprelin 30-da Ermənistan – Azərbaycan münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər yüksək səviyyədə keçib və iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan hökuməti ilə Pakistan hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, “Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə” bağlanıb.

9 aprel 1996-cı ildə isə Azərbaycanın o zamankı Prezidenti Heydər Əliyev Pakistanda rəsmi səfərdə olub. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə 9 sənəd imzalanıb. Azərbaycan və Pakistan prezidentləri Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-brilərini dəstəklədiklərini bəyan ediblər.

Pakistanın o vaxtkı Prezidenti Faruk Əhməd Xan Leqari Azərbaycan Prezidentinin şərəfinə rəsmi ziyafət verib. Heydər Əliyev rəsmi ziyafətdə söylədiyi geniş nitqində bildirib ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım edib.

Səfər çərçivəsində Prezident Heydər Əliyev Pakistanın Baş naziri Bənəzir Buhutto ilə də görüşüb. Prezident Heydər Əliyev və Pakistanın Baş naziri Bənəzir Buhutto iki ölkə arasında sənədləri imzaladıqdan sonra birgə mətbuat konfransı keçiriblər. Prezident Heydər Əliyev mətbuat konfransında – “Kəşmir problemi ilə əlaqədar Azərbaycan həmişə Pakistanın mövqeyini dəstəkləyib və bu gün də dəstəkləyir. Bu məsələ Kasablankada İslam Konfransı Təşkilatının toplantısında müzakirə olunarkən cürbəcür fikirlər vardı, ancaq Azərbaycan nümayəndə heyəti və şəxsən mən, Azərbaycan Prezidenti Pakistanın mövqeyini nəinki müdafiə etdik, hətta Kəşmir problemi ilə əlaqədar Hindistanın pislənməsi və Pakistanın dəstəklənməsi haqqında qətnamənin qəbul olunmasında müəllif kimi iştirak etdik”- deyərək, Azərbaycanın Pakistanı dəstəklədiyini bir daha bəyan edib. 

Heydər Əliyev İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Dövlət və Hökumət başçılarının 9-11 dekabr 1997-ci ildə Tehranda keçirilən VIII zirvə görüşündə iştirak etmək üçün səfərdə olarkən isə həmin vaxt Pakistanın baş naziri Nəvaz Şəriflə görüşüb. O, görüş zamanı bir daha bildirib ki, nüfuzlu beynəlxalq təşkilatların toplantılarında Azərbaycan həmişə Pakistanın mövqeyini dəstəkləyib. Baş nazir Nəvaz Şərif də Pakistanın Azərbaycanın haqq işini dəstəklədiyini elan edib və Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyib.

2002-ci ildə isə Azərbaycanla Pakistan arasında müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.

Pakistanla münasibətlər Prezident İlham Əliyevin dövründə də inkişaf edib. Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, ikitərəfli əməkdaşlığın daha genişləndirilməsi istiqamətində imzalanan müqavilələr, İslamabadın həssas dönəmlərdə Azərbaycana dəstəyini ifadə etməsi bunun sübutudur.

Həmçinin oxuyun

Daniyelyan: “Mnatsakanyanın cavab verə bilmədiyi suallar…”

“Zöhrab Mnatsakanyanın müsahibəsini diqqətlə oxuyun, daha dəqiq desəm, onun cavab verə bilmədiyi KİV-in suallarını oxuyun”. …