Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Pərviz Həşimlinin atasından Eldar Mahmudovla bağlı prezidentə şok müraciət…

Pərviz Həşimlinin atasından Eldar Mahmudovla bağlı prezidentə şok müraciət…

Həbsdə olan tanınmış jurnalist Pərviz Həşimlinin atası Kamran Həşimov prezident İlham Əliyevə  ünvanladığı növbəti müraciətiniModerator.az – a göndərib. Müraciətdə deyilir:

“Möhtərəm cənab prezident, ölkə bir neçə gündən sonra keçiriləcək parlament seçkilərindən daha çox Sizin keçirdiyiniz sonuncu müşavirədə səsləndirdiyiniz tənqidi fikirlərə, ondan sonra atdığınız kəsərli addımlara köklənib və açığı demək lazımdır ki, insanlar bayram ovqatındadır. Bu da təsadüfi deyil. Çünki Sizin etibar edib böyük səlahiyyət verdiyiniz bir çox məmurlar millətə zülm edirdilər və onlar dəfələrlə etdiyiniz xəbərdarlıqlara əhəmiyyət verməyərək sözün həqiqi mənasında harınlamışdılar və MTN ətrafında baş verən tükürpədici olaylar bir daha onu sübut etdi ki, millətin və dövlətin təhlükəsizliyini qorumalı olan qurumlarda belə əyləşən general paqonlu məmurlar qəddarlıqda və qaniçənlikdə heç də İŞİD terrorçularından fərqlənmirmişlər…
Möhtərəm prezident!
Həşimovlar ailəsində isə ikiqat bayramdır və buna görə də ailəmiz adından Sizə əlavə minnətdarlıq düşür. Məlumunuzdur ki, oğlum Pərviz Həşimli 2013 – cü ilin 17 sentyabrında məhz bu gün adları cəmiyyətdə qarğış və lənətlə qarşılanan bir çox yüksək çinli MTN generalları, xüsusən də MTN Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev tamamilə qanunsuz, allahsız, normal ağıla və məntiqə sığmayan ittihamlarla həbs edilərək 8 il müddətinə azadlıqdan məhrum edildi. Onu şərləyərək həbs edənlər qondarma istintaqda açıq şəkildə oğluma demişdilər ki, ölkənin yiyələri bizik və bizim bir sözümüzü iki edən ya həbsdə, ya o dünyada, ya da canını qurtarmağa nail olanlar mühacirətdədir və ona görə də yaşamaq istəyirsənsə, ailənin, azyaşlı övladının başına bir iş gəlməsini istəmirsənsə yazdıqlarımıza imza atmalısan və buna görə də hətta sənə 1 milyon dollar pul da verməyə söz veririk. Təbii ki, onlar bu pulu öz ciblərindən deyil, şərləmək istədikləri yüksək çinli vəzifəli şəxslərdən ala biləcəklərini zənn edirdilər. Amma Pərviz Həşimli onların bu yaramaz sövdələşmə təklifinə boyun əyməyərək mərdi-mərdanə ona verilən işgəncələrə sinə gərdi. Təbii ki, edilən şərəfsiz təkliflərlə razılaşmaması ona baha oturdu, ağır cinayətdə ittiham edilərək uzun müddətli həbs cəzası aldı, ailəsi və azyaşlı övladı sözlə ifadə edilməsi mümkünsüz sarsıntılardan və məhrumuyyətlərdən keçməli oldular. Amma Allah belə bir zülmü yerdə qoya bilməzdi və çox şükürlər olsun ki, cəmisi iki ildən sonra MTN-in əslində milləttin və dövlətin təhlükəsizliyini qorumağa borclu olan, hamının ümid yeri kimi baxdığı bir qurumdan daha çox terrorçu yuvası olduğu üzə çıxdı, general paqonlu quldurların misligörünməmiş cinayətləri ifşa olundu.  Bu bizə əzab və eyni zamanda rahatlıq verdi ki, oğlumuzun günasız olduğunu hər kəs bilsin. İnanın ki, son günlər bizi təbrik edənlərin sayı-hesabı yoxdur. Onlar Pərvizin günahsız olduğuna ilk gündən şübhə etmədiklərini, amma MTN in xofundan bunu açıq şəkildə dilə gətirmnəyə, mətbuatda yazmağa ürək etmədiklərini etiraf edirlər. Bu bir daha MTN haqqında cəmiyyətin hansı mövqedə olduğunu bir daha isbatlayır.
Möhtərəm prezident!
Hələ iki il əvvəl keçirdiyim mətbuat konfransında açıq mətnlə o vaxtkı nazir Eldar Mahmudova səslənmişdim ki, mən ömrünü gənc nəslin tərbiyəsinə həsr etmiş pedaqoqam və mənim ailəmdə silah qaçaqmalçısı ola bilməz. Eyni zamanda onu da bildirmişdim ki, əgər terrorçu, silah qaçaqmalçısı tapmaq istəyirsənsə ətrafına bax və əgər yoxlanılsa sənin yanındakıların elə terrorçu olduğu üzə çıxar.  Allahıma min dəfə minnətdaram ki, dediklərim doğru çıxdı və Eldar Mahmudov tərəfinizdən cəzalandırıldı. Ümid edirəm ki, bu hələ son deyil və millətə divan tutan belə bir qurumun rəhbəri daha ağır cəzaya məhkum edilməlidir. Çünki onun rəhbərlik etdiyi qurum Azərbaycanın adını, ölkənin xüsusi xidmət orqanlarının imicini yerə vurub və ulu öndər Heydər Əliyevin banisi olduğu çekistlik məktəbinin şərəfli adına xələl gətirib.
Möhtərəm prezident!
Biz bir daha Sizə minnətdarlığımızı bildiririk və Sizin ətrafınızda sıx birləşməyi, apardığınız işlərə dəstək olmağı özümüzə vətəndaşlıq borcu bilirik. Allah millət və dövlət yolundakı ağır, məsuliyyətli və şərəfli işinizdə yardımçınız olsun!

Həmçinin oxuyun

QHT-lər Vardanyanla bağlı Nobel Komitəsinə məktub göndərdi

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb. Sənədi 206 …

Bir cavab yazın