Ana səhifə / Siyasət / Pənah Hüseyn: 4 iyunda xalq nə üçün iqtidarın müdafiəsinə qalxmadı?

Pənah Hüseyn: 4 iyunda xalq nə üçün iqtidarın müdafiəsinə qalxmadı?

“Cinayətimiz məğlubiyyətimizdir” dən dördüncü bölüm

 
 
(Əvvəli 25, 26, 27 iyunda Musavat.com saytında verilib) 
 Musavat.com saytı gündəmlə səsləşdiyini nəzərə alaraq Pənah Hüseynin 20-23 il əvvəl yazdığı “Cinayətmiz məğlubiyyətimizdir” başlıqlı məqaləni təkrarən dərc edir: Xaıtrladaq ki, bu yazı 1993- 1995- ci illərdə yazılıb və 20il əvvəl, 1996- cı ildə “525- ci qəzet”də çap olunub.
 
http://musavat.com/news/gundem/penah-huseyn-4-iyunda-ayaz-mutellibov-ve-rehim-qaziyev_358578.html
…Mayın sonunda baş verən hadisələr daxil olmuş, toplanmış məlumatların təhlili bizi belə qənaətə gəlməyə sövq etdi ki, Surət Hüseynov  dövlət çevrilişi xarakterli hərəkətlərə başlayıb və bu hərəkətlərin açıq hərbi  çıxışa keçməsi an, gün məsələsidir. Bunları bir daha xatırladıram. 1993- cü ilin fevralında  Baş nazirin müavini, prezidentin Qarabağda səlahiyyətli nümayəndəsi və Müdafiə Nazirliyinin 2- ci  korpsunun komandiri vəzifələrindən azad edildikdən sonra o şəxsən özünə  bağlı  olan keçmiş 123 saylı hərbi hissə  ilə Gəncədə ikinci korpusun qərargahında yerləşərək  ölkə siyasi rəhbərliyinə   itaətsizlik elan etmiş, Gəncə və ətraf rayonlarda və hərbi hissələrdə müqavimət aksiyaları təşkil etməyə cəhdlər etmiş, lakin bu cəhdlər müdafiə və həmrəylik qazanmamışdı. Tərkibində xeyli canlı qüvvə, silah, döyüş sursatı, zirehli və avtomobil texnikası olan  123 sayl hərbi hissə Müdafiə Nazirliyinin əmr və göstərşlərinə tabe olmaqdan imtina etmiş, hüquqi və faktiki olaraq qiyam qaldırmışdı.  Ay yarım sürən gərginlikdən sonra görülən tədbirlər və  rəhbərliklə aparılan danışıqlar nəticəsində martın 19- da Surət Hüseynov hərbi hissəni  tərk etməyə razılıq vermiş,   123 saylı   hərbi hissə isə 058 saylı əmri ilə buraxılmışdı.  Lakin  27 martda, erməni silahlı qüvvələrinin Kəlbəcər əməliyyatının başladığı eyni gündə Gəncədəki bəzi şəxslərin ( Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrinə görə respublika təhlükəsizlik orqanlarının müşahdəsi altında olan Vaqif Vəliyev (Daşkənd Vaqif), Nəriman İmranov və digərlərinin, habelə 104- cü diviziya rəhbərliyinin təkidi ilə Surət Hüseynov yenidən hərbi hissəyə qayıtmış, hərbi hissənin təhvil – təslimi dayandırılmış, bununla əlaqədar  iş aparan MN  komissiya ordan uzaqlaşdırılmşdı. Elə həmin günlərdə  Kəlbəcər ətrafında vəziyyətin gərginləşməsi və Gəncə üçün təhlükə yaranması ilə əlaqədar , o, respublka rəhbərliyinə müraciət edərək xidmətini təklif etmiş və nəticədə ləğv edlmiş  123 saylı hərbi hissə dislokasiya yeri Şəmkir rayonunun seyfəli qəsəbəsi olmaqla  709 N- li briqada adı ilə bərpa edilmiş və əvvəlki komandirin (podpolkovnik Rəsul Süleymanov) müavini podpolkovnik Eldar Əliyev bu briqadanın komandiri, keçmiş komandir  Rəsul Süleymanov isə polk komandiri təyin edilmişdi. Lakin 709 N-li briqada yaradılması haqqında əmrdən iki gün keçməmiş, Kəlbəcər və Gəncə uğrunda döyüşlərin davam etdiyi bir vaxtda, aprelin 3- də   Gəncə şəhərində keçmiş 2- ci ordu korpusunun qərargahında  “Qarabağın müdafiəsi uğrunda döyüşən hərbi hissə, batalyon, hərbi işçilərin və könüllərdən ibarət dəstələrin komandirlərinin  müşavirəsi” adı ilə  toplanaraq   Surət Hüseynovun başçılığı ilə “Hərbi Birlik” yaradıldığı elan edilir.  Yəni  Faktiki olaraq 709 N- li  briqada faktiki olaraq   “Hərbi Birlik” elan edilir.  Birliyin hərbi Şurası yaradılır və qurana and içdirilir ki,  üzvləri yalnız Birlik Hərbi Şurasının çıxardığı qərarlara tabe olacaqdır. Hərbi Birliyin  “Respublikanın bütün idarə və təşkilatlarına , respublikanın bütün kütləvi informasiya vasitələrinə, bütün Azərbaycan xalqına Qarabağın müdafiəsi uğrunda döyüşən hərbi hissə, batalyon, hərbi işçilərin və könüllü döyüşçülərin adından müraciəti” adı ilə yaydığı sənəddə bildirilirdi ki, digər məqsədlərlə yanaşı  “Hərbi Birlik “… dinimizdən, mənsubiyyətimizdən asılı olmayaraq hüquqların tapdanmasına qarşı, siyasi və iqtisadi zorluqlara qarşı bu gün və gələcəkdə qəti mübarizə aparacaq”.  Belə bir ümid ifadə edilirdi ki, “xalqın bütün qeyrətli oğulları Müraciətə qoşulacaqdır   və müvafiq çağrış edilirdi. Müraciəti 14 hərbçinin imzalamasına baxmayaraq bu  aktın həqiqi ideya müəlliflərinin və təşkilatçılarının onlar, o cümlədən yalnız Surət Hüseynov olmadığı aydındır. Hesab etmək olar ki. rəhbərliklə anlaşaraq martın 29 – də hərbi hissəni tərk edib getmiş Surət Hüseynovu bir həftə sonra martın 26- da   yenidən ora qayıtmasına təhrikçi olmuş şəxslərin Kəlbəcərin işğal olunacağı  haqqında ən azı ehtimal şəklində əvvəlcədən məlumatları olmuşdur. Kəlbəcərin işğal olunması günü elan edilən “Hərbi Birlik” müəllifləri və onların arxasında duranlar yəqin ki, öz hərəkətlərini bu işğalın nəticəsi olaraq  ölkədə yaranacaq hərbi – siyasi böhranın gedişində ölkədə hakimiyyətin dəyişəcəyinə hesablamışdılar.
Xatırladaq ki, bir il əvvəl 1992- ci ilin mayında da  demək olar ki, eyni məzmun və forma, hətta stilistikada üst – üstə düşən sənədlə  Surət Hüseynovun başçılığı ilə birinci Hərbi Birlik yaradılmışdı və Həmin Birliyin fəaliyyətində   15 may 1992- də (AXC A. Mütəllibovun hakimiyyət çevrilişinin qarşısını aldığı gün)  Bakıya gedib Surət Hüseynovu prezident elan etmək  təklifləri də olub. Hərbi Birliyin yaranması haqqında məlumat alındıqdan sonra bu əlbəttə ki, rəhbərlikdə müəyyən narahatlığa səbəb oldu. Mən  Kəlbəcərin azad edilməsi əməliyyatı ilə bağlı aprelin ortalarında Gəncə və Goranboyda olarkən  Surət Hüseynova bu Bu hərbi birliknədir sualnı vermişdim. Onun cavabı belə olmuşdu ki, uşaqlar  mənim hərbi hissəyə gəlib – gedə bilməyim üçün yaradıblar. Lakin Hərbi əkskəşfiyyata, təhlükəsizlik, Müdafiə Nazirliyi, daxili işlər opqanlarına Surət Hüseynov və Hərbi Birlik ətrafında əməliyyat, nəzarət, müşahidə, izləmə tədbirləri həyata keçirilməsi və Prezidentə, Dövlət müdafiə Komitəsinə məlumat vermək barədə tapşırıq verilmişdi. Əlbəttə ki, aprelin əvvələrində ölkənin daxili və beynəlxalq vəziyyəti Kəlbəcərin işğalı fəlakətinin təsiri altında idi və bütün diqqət ermənilərin hücumunun dayandırılması, Gəncə – Yevlax istiqamətində təhlükənin aradan qaldırılması, Kəlbəcərin azad olmasına yönəldilmişdi və Hərbi Birlik hər halda müəyyən qədər diqqətdən kənarda qaldı. Hərbi Birliklə fəaliyyəti ilə bağlı əlaqədar ilk ciddi  siqnal Ali Sovetin sessiyasını toplamaq  təşəbbüsçülərinin Surət Hüseynovla əlaqəyə girərək Hərbi Birliyin mühafizəsi altında Gəncədə toplanma barədə danışıqlar aparması haqqında məlumatlar oldu. Bunun üçün Gəncənin Hərbi Birlik tərəfindən ələ keçirilməsi tələb edilirdi. Ümumiyyətlə Gəncədə Ali Sovetin sessiyasını toplanması və bu zaman hakimiyyət qarşı alma yönümdə müdaxilə edəcəyi halda Hərbi Birliyin (709 cu briqadanın) sessiyanı mühafizə adı altında Gəncədə hakimiyyəti ələ keçirməsi qiyamın birinci və əsas variantı olub. Hadisələrin gedişi və  bizim  müdaxiləmiz  bu planı pozdu və ya ləngitdi. Əvvəla, İqtidarın qətiyyətli siyasi addımları, ( 3 apreldə bütün ölkədə fövqəladə vəziyyət və ümumi səfərbərlik elan edildi) kəlbəcərlilərin  və onlar arasında nüfuzu olan adamların milli qeyrəti sayəsində, həm xaricdə, həm daxildə bir çoxlarının, o cümlədən Hərbi Birlik yaradıcılarının  gözlədiyinin əksinə Kəlbəcərin işğalı ölkədə   xaosa, anarxiyaya, hər hansı kütləvi antihakimiyyət çıxışlarına gətirib çıxarmadı.    Ağır itkilərə baxmayaraq Azərbaycan ordusunun fədakar müqaviməti, düşmənə vurduğu zərbələr, bizə dost ölkələrin Ermənistana və Rusiyaya təzyiqləri nəticəsində əvvəlcə Füzuli (həmin ağır günlərdə Prezident, İ.Qəmbər və A.Hacıyev Füzulidə idi), habelə  Gəncə istiqamətində  ermənilərin hücumunun dayandırmasına nail olundu, Goranboy həndəvərində və Murov aşırımında lokal uğurlar əldə edildi,  Gəncə üçün təhlükə yaradan bəzi yüksəkliklər qaytarıldı.  Respublikada tam sabitliyin saxlanması nəticəsində  nəinki xarici və daxili düşmənlərin gözlədiyi hakimiyyət dəyişikliyi baş verdi, əksinə, bir sıra parametrlər üzrə Elçibəy iqtidarının vəziyyəti daha da  möhkəmləndi. Aprelin 9-dan iyunun 12-nə kimi davam edən  atəşkəs ilk uzunmüddətli atəşkəs oldu. Bu amillərin və görülən  digər tədbirlər nəticəsində mayın ortalarında Ali Sovetin Sessiyasının çağırılması tələblərini imzalayanların  50  – dən çoxu imzalarını geri götürdü (Bu “sessiya” məsələsi barədə bütün sənədlər Tamerlan Qarayevdə  saxlanmalıdır) və açıq təşəbbüsçülərin  sayı 100- endi – dən çox deyildi və hansısa ekstremal dəyişiklik olmazsa  bu rəqəmdən artıq şəxsin Gəncədə toplanması, sessiyanın baş tutmuş sayılması üçün yetərli sayın əldə olunması mümkün görünmürdü və Ali Sovetin sessiyası ideyasının beləliklə qarşısı alınmış sayıldı.
Mayın ikinci ongünlüyündə müxtəlif mənbələrdən informasiyalar gəlməyə başladı ki, Surət Hüseynov və onun ətrafında olan şəxslər respublikanın rayonlarına adamlar göndərərək müəyyən kateqoriyadan olan şəxsləri Gəncəyə, hansısa, ümumrespublika məclisinə dəvət edir və bu toplantıda mühüm müzakirələr aparılacaq və qərarlar qəbul ediləcək.  Mayın 10- da  məlum oldu ki, Hərbi Birlik  Daşkənd Vaqifin sədrliyi ilə həmin toplantını  keçirib, iclasda 40 rayondan nümayəndənin iştirak etdiyi elan olunub. İştirakçılar arasında bizə məlum olan şəxslərdən Hərbi Birliyin Hərbi Şura üzvləri, Surət Hüseynov, Murovdağ cəmiyyətindən Saday, Əvəz, habelə Rəhim Qazıyev iştirak edib. Həmin gün toplantının audiosurəti Bakıya çatdırıldı. Rəhim Qazıyev ptoplantıda 40 dəqiqə çıxış edərək iqtidarı tənqid edib. Toplantıda  respublika Prezidentinə, Ali Sovet və Nazirlətr Kabinetinə ultimatum xarakterli sənəd  qəbul edilib və həmin sənəd rəsmi poçtla bir neçə gün sonra göstərilən  ünvanlara daxil oldu. Sənədin məzmunu bundan ibarət idi ki, Azərbaycan rəhbərliyi xaindir, Qarabağ ətrafında sülh  və neft müqavilələri ilə bağlı aparılan danışıqlar millətə xəyanətdir, bildirilirdi ki, mayın sonuna qədər danışıqlar dayandırılıb işğal olunmuş bütün torpaqlar hərbi yolla  azad edilməsə, əhalinin əmək haqqı  bir neçə dəfə artırılmasa və s… “Hərbi Birlik” mayın 30- dan respublikada bütün məsuliyyəti öz üzərinə götürəcək.  Bu ultimatum alındıqdan sonra müzakirə edildi və   Həm Ali Sovetin sədri, həm də Baş nazir olaraq mən məsələni araşdırılıb hüquqi təhqiqat aparılması, qanuni əsaslar varsa  sənədə imza qoymuş şəxslərin məsuliyyətə cəlb edilməsinə baxılması dərkənarı  ilə  Baş Prokurora göndərdik və  bu məsələ üzrə dərhal cinayət işləri başlandı.
Həmin günlərdə Rəhim Qazıyevin Milli Məclisdə çıxışlarının aqressivliyi kəskin artdı. Onun çıxışlarında səslənmiş bir aydan sonra vətəndaş müharibəsi olacaq, Biz öz mövqeyimizi bildirmişik, yazılı da gələcək məzmunlu bəyanatlarını   xatırlatmaq kifayətdir. Mayın ikinci ongünlüyündən başlayaraq mayın sonunda respublikada hökumət əleyhinə nə isə olacağı barədə sistemli saniyələrin planlı şəkildə yayılması  müşahidə olunurdu. Böyük ehtimalla bu hazırlığı gedən silahlı çıxış üçün psixoloji mühit yaratmaq məqsədi daşıyırdı və belə səviyyəli professional hazırlıq işinin Hərbi Birliyin bizə məlum üzvlərinin beyninin  məhsulu olduğuna inanmaq çətin idi.
Mayın ikinci ongünlüyündə Gəncəni tərk edən 104- cü diviziyanın Azərbaycan Müdafiə Nazirliyi tərəfindən  külli miqdarda valyuta ilə alınmış silahın (o cümlədən 70-dən çox döyüş maşınının) guya texniki səbəblərdən 709 – cu briqadaya təhvil verdi,  və bu hərbi ləvazimatı təhvil almağa gələn müdafiə naziri və  nümayəndələri hərbi hissəyə buraxılmadı, onlara qarşı zorakılıq tətbiq edildi. Habelə məlumat əldə edildi ki, Gəncədə bizə satılmış silah-sursatdan əlavə Surət Hüseynova 2000-dən çox kalaşnikov, avtomat xeli sursat verib.
23 mayda müdafiə nazirinə qarşı həmin hərbi hissədə zorakılıq tətbiq edilir. 25 mayda Dövlət müdafiə Komitəsinin iclasında Dadaş Rzayev məruzə edərək 709- N- li briqadanın Müdafiə Nazirliyinin tabeçiliyindən tam çıxdığını bildirib.
MTN- xətti ilə əməliyyat məlumatı daxil olur  ki, mayın 28- də  Ali Sovetin sədri İsa Qəmbərin Gəncəyə olan səfəri zamanı onun saxlanılması və Hərbi Birliyin çevriliş istiqamətində hərəkətə keçməsi gözlənilir.
26 mayda Surət Hüseynov 709 saylı briqadada qəti hərəkətlərə hazır olmaq məzmununda çıxış edir, hər bir əsgərə 20 min rubl pul paylayır və 28- də Seyfəlidə ümumi toplanış  elan edir.
Mayın 26- da Rəhim Qazıyev Milli Məclisin iclasında   Prezident barədə kobud, təhqiramiz çıxış edərək Elçibəy seçildikdən sonra ilk dəfə olaraq onun istefası tələbini səsləndirir, sonrakı günlərdə Milli Məclisdə Dövlət Şurasının yaradılması haqqında sənd yayır və Moskvaya gedərək Mütəllibovla görüşür.
Beləliklə, qiyam prosesi faktiki olaraq başlamışdı və hər an açıq çıxışa keçə bilərdi. 28 mayda gözlənilən hərəkətin İsa Qəmbərin Gəncə səfərini ləğv etməsi nəticəsində pozulması ümumi vəziyyəti dəyişmirdi (28 mayda onlar Müdafiə naziri D.Rzayevi  və ya onun nümayəndələrini bir neçə saatlığa həbs etmişdilər).
5 iyunda Bakıda elan olunmuş mitinq ikinci təhlükəli gün ola bilərdi. Əvvəlcədən məlumat vardı ki, (bunların səhihliyi şübhə doğurmurdu, maddi dəlillər – dinləmə materialları var idi) siyasi müxalifətin əksər dəstələri həmin mitinqi iqtidarın fitnəkarlığı sayaraq kənarda durmağı nəzərdə tuturdular. Lakin  mayın axırında, iyunun əvvəlində Heydər Əliyev YAP-a 5 iyun günü fəallaşmaq və hazır olmaq barədə Bakıdakı əlaqəçi vasitəsi ilə göstəriş verdi. (Həmin danışığın audiosurəti Prezidentə təqdim olunmuşdu). Ümumiyyətlə, 5 iyun elə bir prinsipial əhəmiyyətə malik deyildi. Çünki qiyam maşını işə düşmüşdü  və onun hər an, lakin iyunun 9-dan gec olmayaraq açıq şəkildə başlayacağı görünürdü. MTN xətti ilə Hərbi Birliyin Moskvadan hansısa mühüm məlumatla gələcək xüsusi kuryer gözlədiyi haqqında  barədə məlumat əldə edildi.  İyunun 9-na qədərki müddət kritik dövr idi. 09 iyunda  Qarabağ məsələsinə dair BMT qətnamələri əsasında ABŞ, Rusiya və Türkiyənin təklif etdiyi sülh planı (prosesin gedişində bu ATƏT- in də təklifinə çevrilmişdi   qüvvəyə minirdi. Azərbaycan və Ermənistan hökumətləri, Qarabağın azərbaycanlı icması nümayəndələri planı imzalamış və Dağlıq Qarabağ ermənilərinin plana qol qoyması istiqamətində güclü təzyiqin müsbət nəticə verəcəyi bildirilirdi. Eyni zamanda ABŞ-ın təzyiqi ilə plana qol qoysa da, Rusiyadakı müəyyən dairələrin müxalif mövqeyi gizlədilmirdi. Bunu Kazimirov bir neçə dəfə açıq-aşkar bildirmişdi. Həm Dağlıq Qarabağ erməniləri, həm də Ermənistanda  plana güclü müxalifət olması da məlum idi.   Hərbi Birliyin fəallığının  mayın 20-dən sonra intensiv cərəyanının Azərbaycan, həmçinin iqtidar üçün çox böyük əhəmiyyətə malik olan bu planın qüvvəyə minməsinin reallaşmasının və neft kontraktlarının imzalanmasının yaxınlaşması ilə əlaqəli olduğu görünürdü.      “Hərbi Birliyin” Prezidentə göndərdiyi ultimatumda yuxarıda göstərilən Planın  və neft müqaviləsi  danışıqların xəyanət adlandırılmasının və kəsilməsi tələbinin, mayın axırına kimi Kəlbəcər hərbi yolla azad olunmazsa və xalqın həyat səviyyəsi yüksəldilməzsə, “Hərbi Birliyin” Azərbaycanda bütün məsuliyyəti öz üzərinə götürəcəyi barədə Bəyanatın mənası aydın olurdu. Bu da aydın idi ki, qiyamın başlanması fakt olduqdan sonra  Azərbaycanda hökumət əleyhinə əhəmiyyətli silahlı qüvvənin çıxdığı məlum olarsa, vəziyyət aydınlaşana qədər heç bir beynəlxalq planın, müqavilənin reallaşacağından söhbət gedə bilməzdi və təxirə salınacağı aydın idi…
Əgər mayın axırlarında dövlətə qarşı silahlı çıxış təhlükəsinin real olduğu aydın idisə, nə üçün bu barədə xalqa məlumat verilərək, qiyam əleyhinə ictimai rəy hazırlanmırdı?
Əvvəla, Surət Hüseynova qarşı açıq təbliğat onun hərəkətə gəlməsi üçün siqnal ola bilərdi və bizim ən çox ehtiyat etdiyimiz də bu idi. 93-ün fevralında belə bir aksiyanın uğurla qurtarmadığı təcrübəsi nəzərə alınırdı.
İkincisi, iqtidar olum-qalım məsələsi gündəliyə çıxana qədər devrilməsi təhlükəsi barədə həyəcan qaldırırsa, bu adətən zəifliyin sübutu kimi başa düşülür, tərəfdarlar arasında çaşqınlığa, neytral qüvvələrin qələbə çalacağı ehtimal olunan tərəfə meyillənməsinə, devrimçilərin ruhlanmasına aparıb çıxarır. Təsadüfi deyil ki, məsələn, indiki iqtidarın da rəsmi təbliğatı oktyabr ərəfəsində çevriliş təhlükəsi barədə “şayiələri ciddi-cəhdlə təkzib etməklə məşğul idi. Bu başqa məsələdir ki, məsələn, Heydər Əliyev etdiyi kimi eyni zamanda çıxış edəsən (meydana çıxmaq haqqında çağırışdan əvvəl hərbi hissələr surətçilərə qarşı əməliyyata başlamışdı. Bizim xarici dünya qarşısında möhkəm iqtidar imicimizin həm Qarabağ, həm də iqtisadi məsələlər barədəki danışıqların uğuru baxımından nə qədər əhəmiyyətə malik olduğunu isə yuxarıda göstərdim. Buna kölgə salmaqdan ehtiyat edirdik.
Nə üçün xalq 4 iyun fakt olduqdan sonra iqtidarın müdafiəsinə qalxmadı?
Əvvəla, xalqa müraciət edilmədi. Xalqın öz-özünə qalxması üçün isə stimul yox idi. Cəmiyyət artıq təbii olaraq hakimiyyət alternativi axtarışlarına cəlb olunmuşdu. Həmin dövrdə tam təzahür etməsə də, indi məlum olur ki, 93-cü ilin əvvəlindən keçmiş kommunist sisteminin dağıdan “demokratik və milli inqilablardan sonra “əks dalğa” dövrü başlanıbmış. Polşada, Pribaltikada, Ukraynada, Rusiyada, hətta Almaniyanın keçmiş ADR hissəsində keçirilən seçkilərin nəticələri qlobal qanunauyğun prosesin mövcudluğunu göstərir. Mən Gürcüstan hadisələrini bir kənara qoyuram. Bu prosesin səbəbləri, nəticələri proses başa çatmadığından tam öyrənilə bilməsə də, bəzilərini ümumiləşdirmək mümkündür. Kommunist-totalitar rejimlərin və sosial sistemlərin siyasi böhranı isə onların mövcud olduğu cəmiyyətlərdə (iqtisadi, mənəvi) başa çatmır, əksinə, dərinləşməkdə davam edərək, bu böhran altında əzilən kütləyə əks meyillərin yaranmasına səbəb olur. Nəticə isə demokratik və milli şüarlarla gəlmiş siyasi rejimlərin böhranına səbəb olur. Çünki kütləvi şüur artıq bu iqtisadi və sosial mənəvi böhranı (cinayətkarlıq, anarxiya, əxlaqi pozğunluq və s.) kommunist-totalitar sistemin çürüməsi məhsulları kimi yox, məhz demokratların, “millətçilərin” fəaliyyətinin nəticəsi kimi qavrayır və onları rədd edir. Aydın olur ki, demokratik və ya milli ideyaların daşıyıcıları hakimiyyətə gəldikdən sonra (inqilablar dövründə) cəmiyyətin gündəlik mövcudluğunu təmin edən idarəçilik funksiyalarını heç də həmişə, hər yerdə lazımi səviyyədə yerinə yetirə bilmirlər. Hakimiyyətə gəlməkdə rolu olanların sayı hakimiyyət kreslolarının sayından qat-qat çox olduğundan onlar arasında didişmə başlayır, kreslodakıların da çoxu özlərinin mələk olmadıqlarını göstərirlər. Başqa idarəçi olmadığından cəmiyyət köhnə funksionerlərə meyillənir. Mən təxmini, sxematik təsviri burda saxlayıram.
AXC hakimiyyəti kimi tanınan Elçibəy iqtidarı kütlədə onunla bağlanan fantastik ümidləri, etiraf etmək lazımdır ki, xeyli dərəcədə məhz bizim köməyimizlə formalaşmış ümidləri (Qarabağ müharibəsinin tezliklə qalibiyyətlə başa çatacağı,, əmin-amanlıq, haqq-ədalət hakimiyyəti və firavanlıq cəmiyyətinin dərhal bərqərar olması və s.) doğrultmadı və doğrulda da bilməzdi. Bunun ardınca labüd məyusluq cəmiyyəti əhatə etməyə və yeni alternativlərə meyillənməyə cəlb etmişdi. Mən müxalif qüvvələrin təbliği və təşkilati fəaliyyətini bir tərəfə ataraq bu meylin məhz yuxarıda göstərdiyim ümumi prosesdən kənara çıxmadığına diqqəti cəlb edirəm. AXC möcüzəsi baş tutmadıqdan sonra sakit və tox günlərin həsrətini çəkməyə başlayan kütlə labüd olaraq öz diqqətini həmin günlərin canlı simvolu olan şəxsə çevirməyə başlayırdı. Lakin AXC-nin və onun təmsil etdiyi ideyaların, liderin nüfuzunun və indi hər tərəfdən tənqid olunan iqtidarın fəaliyyətinin nəticəsində nə fevralda, nə Kəlbəcər böhranında, nə də aprelin axırı-mayın əvvəllərində xalq açıq çağırışlara baxmayaraq hakimiyyət lehinə kütləvi aksiyalara getmədi.
Mənim fikrimcə, bundan artıq etimada ümid bəsləmək olmazdı və bu özü çox böyük, həm xaricdə, həm daxildə çoxları üçün gözlənilməz olan uğur idi. Bu etimadı alan hakimiyyət öz-özünü müdafiə etməyə qadir olmağa borclu idi. Gəncədə 4 iyunda bizim hakimiyyət öz-özünü qorumağa qadir olduğunu nümayiş etdirməli idi.
Mən “nümayiş etdirməli idi” ifadəsini hadisələri təhrif etmək istəyənlərin istifadə edə biləcəklərini bilə-bilə yazıram. Yaddan çıxarmaq lazım deyil ki, xalq hətta 4 iyundan sonra da kütləvi şəkildə bizim müdafiəmizə qalxmadısa, bizim əleyhimizə də qalxmamışdı. Bəs H.Əliyevin hakimiyyətə gəlməsi ilə müharibədə qələbə çalınacağı, ordu yaranacağı, qayda-qanunun bərqərar olacağı, 30 qəpiyə çörək, 1 manata qənd, 3 manata yağ satılacağına və s. nisbətən realist ümidlər puç olduqdan sonra, 94-ün oktyabrında, H.Əliyev xalqa müraciət etdikdə nə üçün uğur qazandı? Çünki əvvəl Bağırov-Vəzirov-Mütəllibovun kommunist rejimlərindən, onların siyasi antipodu kimi meydana çıxmış milli demokrat Elçibəy iqtidarından sonra H.Əliyev sınanmamış axırıncı əhəmiyyətli siyasi xadim idi, bu mənada cəmiyyətin möcüzə gözləyən əksəriyyətinin (Elçibəy iqtidarı məğlub olduqdan sonra öz tərəfdarlarının xeyli hissəsindən məhrum olmuşdu) həqiqətən son ümidi idi. Doğrudan da, biz hazırda yeni heç bir şey vəd etməyən, “keçmişdəkinin” daha yaxşı olduğunu sübut edərək ona qayıtmağa çağıran siyasi qüvvələrdən, (Elçibəy və Mütəllibov tərəfdarlarından) başqa elə bir bir əhəmiyyətli siyasi qüvvələr görmürük. Həlqə qapanıb. Bu siyasi həyatda keyfiyyətcə yeni mərhələyə keçidin başlanğıcı ola bilər. Əgər bu imkan zorakılıqla dayandırılmasa. Cəmiyyətdəki siyasi apatiya və bu apatiyanın müəyyən anlarda H.Əliyevin xeyrinə işləyərək, onun siyasi-psixoloji dayağı olması bununla bağlıdır. Yəni 93-ün iyununda Elçibəy iqtidarına qarşı H.Əliyev (və müəyyən miqyasda həm də S.Hüseynov) qoyulurdusa, 94-ün oktyabrında H.Əliyevə qarşı kimliyi cəmiyyətin dişinə vurulmuş S.Hüseynov qoyulurdu. Belə olduqda hətta H.Əliyevin siyasi əleyhdarları belə ona üstünlük verdi. Eyni zamanda H.Əliyevin devrimi ilə A.Mütəllibovun restavrasiyası təhlükəsi qarşısında əsassız olmayaraq vahiməyə düşən regional işarəli sosial bazanın ən azı say etibarı ilə Azərbaycanda və xüsusən Bakıda xüsusi çəkisini də heç cür kənara qoymaq olmaz. Və onu da yaddan çıxarmaq olmaz ki, 1994- cü ilin oktyabrında  Gəncədə antiəliyevçi silahlı çıxış H.Əliyevə sadiq silahlı qüvvələr tərəfindən hələ o TV-də müraciət etməmişdən əvvəl dağıdılmışdı. Hər bir cəmiyyətdə əksəriyyət adətən özünü müdafiə etməyə qadir olduğunu sübut edən hakimiyyəti müdafiə edir. Və bütün bu hadisələrin son nəticəsində Heydər Əliyevin zəngin təcrübəli dövlət adamı, mahir siyasi gedişlər ustası, fövqəladə iradəliliyi kimi  keyfiyyətlərinin həlledici rol oynadığını qəbul etmək lazım gəlir.
 1993 cü ilin iyununda və 1994- cü il ilin oktyabrında Azərbaycanda hərbi- siyasi vəziyyətin köklü fərqlərini nəzərə almaq lazımdır…
… Prezident və rəhbərlik bu prosesi  (Sülh müqaviləsi prosesini) poza biləcək əsas təhlükə olaraq Qarabağda ermənilərinin hücumu ehtimalını da nəzərdən çıxarmırdı.   ( Belə məlumatlar daxil olurdu ki,  Qarabağakı Ermənistan silahlı qüvvələri  tərəfindən Qarabağ cəbhəsində yay hücum kompaniyası planı hazırlanır. Ordu kəşfiyyatı və DİN xətti ilə hətta  hücumun dəqiq vaxtda, 12 iyunda başlayacağı barədə məlumat daxil olmuşdu. Odur ki, bizim üçün Üçlərin sülh planının pozulmaması həm də ermənilərin hücumunun başlamayacağı təminatı idi. )  Lakin Prezidentin narahatlığına cavab olaraq bizə dost ölkə rəhbərləri tərəfindən təminat verilirdi ki, erməni hərbçilərinin hansı planı tutub-tutmaması və hazırlığından asılı olmayaraq erməni siyasi rəhbərliyi Üçlər planı qüvvəyə mindiyi halda hücum əməliyyatlarına sanksiya verməyə cəsarət etməyəcək və erməni siyasi rəhbərliyi də sülh planının reallaşmasında maraqlıdır (Plan qüvvəyə minərsə, Kəlbəcər azad olunduqdan sonra Ermənistanın blokadasının, o cümlədən Türkiyə istiqamətində zəiflədilməsi prosesi və Ermənistanın enerji layihələrinə inteqrə olunması prosesləri başlanırdı). Lakin, əgər daxildə hər şey sabit olsaydı, biz həmin hücumun uğurla dəf olunacağına ümid edə bilərdik və buna imkan var idi. Daxildə qiyam cəhdi isə hətta sülh planının qüvvəyə minib-minməməsindən asılı olmayaraq erməni hücumunun dəf olunma imkanlarını da  sual altında qoyurdu.
Qiyam fakt olduqdan və onu yatırmaq üçün cəhd uğursuzluqla nəticələnəndən sonra  isə Üçlər planının kənara atılması və bu halda  mövcudluğu Prezidentə bəlli olan erməni hücumunun başlanacağı aydın idi. Qiyam başlanan andan erməni tərəfi heç bir mübahisə edilə bilməyəcək arqument əldə etdi. Sülh planı hansı hökumətlə bağlanır? Axı Azərbaycanda hakimiyyət davası aparan tərəflərin biri açıq-aşkar erməniləri silah gücünə Qarabağdan tezliklə qovacağını əsas məqsəd elan edirdi (Bu, əsl fitnəkarlıq idi).
Nə Üçlər, nə BMT Ermənistana bu vəziyyətdə təzyiq göstərə bilməzdi.
Azərbaycan taleyin və özünün ümidinə buraxıldı…
… 93-ün iyununa bənzər vəziyyətin yaranması üçün il yarım vaxt lazım gəldi. Bu il yarımda itirdiklərimiz bəllidir.
Bütün bunları Prezidenti təqsirkar hesab edənlərə xatırlatmağımın mənası odur ki, Elçibəyi uzunmüddətli silahlı toqquşmalara getməməyə, “qətiyyətsiz” olmağa, başa çatmaqda olan sülh prosesini  uğurla sonlandırmaq, və  Azərbaycanda qiyam faktı məlum olarsa artıq imzalanmış sənədlərin icrasının dayandırılması və    başlanması labüd görünən erməni hücumu təhlükəsi vadar etdi. Və belə qətiyyətsizlik göstərmək üçün çox böyük qətiyyət tələb olunurdu. Hakimiyyəti bölüşmək və hətta hakimiyyətdən getmək qətiyyəti. Çünki bir tərəfdə hakimiyyət, o birində Azərbaycan dururdu. Qiyamçılar və siyasi müxalifət birincini seçdikdən sonra Elçibəyin bu davaya getməyə “qətiyyəti” çatmadı. Çünki bu davada Azərbaycan gedəcəkdi.
Məhz bu səbəbdən qiyamdan sonrakı ilk günlərdə qiyam faktının özü pərdələnirdi. Rəsmi informasiya dumanlı çıxır, qiyamçılar əleyhinə təbliğat aparılmırdı. Elə məlum tərkibdəki “Dövlət komissiyası” da yəqin son ümid işartılarından olub. Silah işlətməmək barədə göstəriş də yəqin bu səbəbdən irəli gəlib. Prezident son ana qədər qiyam faktının meydan çıxmasını qarşısını almağa, bu fakt dünyaya məlum olana qədər onun aradan qalxacağına  ümid edirdi.
Kim nə deyir, desin, onun bu hərəkətinə və addımlarına əsl qiyməti tarix verəcək…

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın