Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Siyasət / “Özünə azərbaycanlı deyən bu QHT rəhbərlərinin…” – Novella Cəfəroğlu

“Özünə azərbaycanlı deyən bu QHT rəhbərlərinin…” – Novella Cəfəroğlu

Ermənistanın iki hüquq müdafiəçisi Georgi Vanyan və Yuri Manvelyanın Azərbaycan rəhbərliyinə erməni “hərbçilərin” azad edilməsi ilə bağlı müraciətinə ölkəmizin bir neçə vətəndaş cəmiyyəti üzvləri də qoşulub. Politoloq Zərdüşt Əlizadə ötən həftə “Turan” agentliyinin “Çətin sual” verilişində belə deyib ki, cinayət törətməmiş, aldadılmış insanları Ermənistana qaytarmaq olar.

Həmin çağırışa qoşulan Arzu Abdullayeva, Əli Abbasov, Sabit Bağırov və daha bir neçə QHT rəhbəri Prezidentə xahişlə müraciət edərək bildirirlər ki, xoş məram nümayiş etdirərək, Azərbaycanda həbsdə olan və istintaqın barələrində hər hansı ciddi cinayət əməli aşkar etmədiyi erməni hərbiçiləri azadlığa buraxmaq olar.

Azərbaycanın tanınmış hüquq müdafiəçilərindən Novella Cəfəroğlu isə özünə azərbaycanlı deyən bu QHT rəhbərlərinin erməni diversantlara qahmar çıxmasından təəssüflənir. “Yeni Müsavat”a açıqlamasında Novella Cəfəroğlu bildirib ki, əvvəla, həmin şəxslərin əksəriyyəti əslində hüquq müdafiəçisi yox, sadəcə, QHT rəhbəridir: “İkincisi, onlar məgər bilmirlər ki, azad olunmasını xahiş etdikləri həmin ermənilər əllərində silah Azərbaycan ərazisində Azərbaycan əsgərlərinə qarşı təxribata cəhd ediblər və artıq faktiki olaraq cinayətə yol veriblər? Bunu bilə-bilə həmin təxribatçıların azad olunmasını istəmək yanlışdır. Azərbaycan hüquqi dövlətdir, həmin ermənilərin də məhkəməsi olmalıdır və olacaq. Məhkəmə onların hərəkətinə hüquqi qiymət verəcək. Bundan sonra Azərbaycan Prezidentinin müstəsna səlahiyyəti var ki, istəsə həmin erməniləri əfvlə azadlığa buraxar. Hüquq müdafiəçiləri məhkəmə qərarı olandan sonra Prezidentə müraciət edə bilərdilər. Hüquq müdafiəçilərinin bu tipli müraciətləri normaldır.

Niyə bizim qadın nazirlərimiz olmasın?! - Novella Cəfəroğlu | Hafta.az

Novella Cəfəroğlu

Lakin buradan həm Georgi Vanyan və Yuri Manvelyana, eyni zamanda onların çağırışına qoşulan azərbaycanlı QHT rəhbərlərinə sual verirəm ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev öz doğma vətənlərində ermənilər tərəfindən qanunsuz uzun müddət saxlananda nədən Ermənistan rəhbərliyinə xahiş, müraciət etmirdilər ki, bu iki günahsız şəxsi azadlığa buraxın?! İkinci sualım odur ki, biz Avropa Şurasında Dilqəm və Şahbazla bağlı mətbuat konfransı keçirəndə, çağırışlar edəndə Sizlər nədən bunu etmirdiniz? Üçüncü sualım odur ki, niyə Ermənistan hakimiyyətinə minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi üçün müraciət etmirsiniz? Axı həmin minalar neçə-neçə insanın həyatına son qoyur”.

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?! -  Modern.Az Azərbaycan və dünya xəbərləri

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə deyib ki, Ermənistan hüquq müdafiəçilərinin Azərbaycan Prezidentinə müraciəti normaldır, burada qəbahət yoxdur. Amma ermənilərin bu cür çağırışlarına azərbaycanlıların qoşulması bizə yaraşmaz: “Bu, şəhidlərimizin ruhuna xəyanətdir, qazilərimizə, şəhid ailələrinə böyük hörmətsizlikdir. Millət olaraq biz gec-tez dərk etməliyik ki, hansısa bir xarici təşkilatın xoşuna gəlmək üçün insan mənliyini və kimliyini satmamalıdır. Erməni hüquq müdafiəçisinin çağırışına qoşulan insanları tanıyıram, şəxsi münasibətlərim də normaldır. Onlar QHT rəhbəridirlər. Amma hər QHN rəhbəri də hüquq müdafiəçisi deyil. Onlar niyə belə edirlər, bu, mənim üçün aydındır. Amma mənim öz mövqeyim var. Həmin saxlanılan ermənilər Azərbaycan ərazisinə qanunsuz daxil olmuş silahlı birləşmədir. Onlar Azərbaycan hərbçilərinə qarşı təxribat törədiblər və onların zərərsizləşdirilməsi zamanı bir neçə Azərbaycan hərbçisi həlak oldu. Bu faktlar tam təsdiq edir ki, həmin ermənilər cinayətkardır. Onların əməllərinə məhkəmə hüquqi qiymət verib barələrində hökm çıxarıldıqdan sonra Azərbaycan Respublikası Prezidenti onların taleyinə münasibət bildirə bilər”.

Akif Nağı: "Gənclərimizin vətənpərvərlik, döyüş ruhu və müharibəyə  hazırlığı yüksək səviyyədədir"

Akif Nağı 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirib ki, Azərbaycan rəhbərliyi bu məsələdə heç bir halda yumşaq mövqe tutmamalıdır. Terrorçuya, diversanta qarşı dünyada necə mövqe tutulursa, Azərbaycan da eyni mövqedən çıxış etməlidir. Ermənilər beynəlxalq təşkilatları, ayrı-ayrı dövlətləri xeyli vaxtdı bu məsələdə aldadaraq, Azərbaycana təzyiq etmələrinə nail olmağa çalışırlar. İndi də “vətəndaş cəmiyyəti nümayəndələri” deyilən ünsürləri işə salıblar: “Biz Qarabağ Azadlıq Təşkilatı olaraq 30 ilə yaxındır ermənilərin həm də bu cür hiyləgər təşəbbüslərinin qarşısını almaqla məşğul olmuşuq. Bu şəxslər eyni mərkəzdən idarə olunurlar, təəssüf ki, Azərbaycandan bu prosesə bəzi adamları qatmağa müvəffəq olurlar. Bəzilərinə hörmətimiz də var, amma milli məsələdə şəxsi münasibətlər arxa plana keçməlidir. Georgi Vanyanı yaxşı tanıyırıq, 2006-cı ildə bizə əməkdaşlıq da təklif etmişdi, rədd etdik. Sonralar da özünü sülhpərvər göstərərk müxtəlif təşəbbüslər edib. 2014-cü ildə Zərduşt Əlizadə ilə birlikdə “Təkəli prosesi” deyilən bir layihə də başlamışdılar. Gürcüstanın Təkəli kəndində yığışıb sülhdən, əslində isə Azərbaycanın təslim olması perspektivindən danışırdılar. O vaxt mən də daxil, QAT heyəti oraya getdik, həmin kənd camaatı ilə görüşdük, məsələni izah etdik, görüş yarım saatın içərisində mitinqə çevrildi, nəticəyə nail olduq, camaat onları kənddən qovdu, planları pozuldu. Düzdür, o hadisədən sonra bu günə qədər mənim Gürcüstana girişimə qadağa qoyulub, fərqi yoxdu, əsas əldə etdiyimiz nəticədir. İndi bunlar erməni diversantlarının müdafiəçisi olublar. Amma bilməlidirlər ki, terrorçunu, diversantı müdafiə etmək elə onlara bərabər olmaq, onların cinayətini bölüşmək deməkdir. Bu şəxslər həmişə qanunun aliliyindən danışırlar, indi necə olur təklif edirlər ki, qanun qalsın kənarda, canilər azadlığa buraxılsınlar? Bu, necə mətiqdir, heç utanmırlar? Ermənilər humanist addımı başa düşən toplum deyil, elə bugünlərdə törətdikləri cinayət də onu sübut edir, Azərbaycan hərbçilərinin yoluna mina basdırırlar. Bəlkə onları da sərbəst buraxaq?! Canilərə münasibətdə heç bir güzəştə getmək olmaz. Onlar qanun qarşısında cavab verməli, cəzalarını almalıdırlar”.

Həmçinin oxuyun

“Bu insanın sivil dünya ilə heç bir əlaqəsi yoxdur”

“Prezident Baydenlə Putinin heç bir əhəmiyyət kəsb etməyən görüşü başa çatdı”. Bunu Azərbaycan parlamentinin eks …