Çərşənbə , İyun 29 2022
Ana səhifə / Siyasət / Oqtay Qasımov: “O proseslərdə iştirak edən adamların özləri də özlərinin səhvlərini etiraf etsinlər”

Oqtay Qasımov: “O proseslərdə iştirak edən adamların özləri də özlərinin səhvlərini etiraf etsinlər”

Azərbaycan xalqının son 29 illik taleyində mühüm rol oynamış 4 iyun Gəncə olaylarından nə qədər zaman  keçsə də, həmin hadisələrin mahiyyəti və nəticələri ətrafında doğan suallar bitmək bilmir. Son olaraq bu barədə AMİP lideri Etibar Məmmədov Moderator.az-a danışıb.

“Əslində həmin əməliyyat haqda hadisələr baş verəndən sonra mən də, digərləri də məsələ qaldırmışıq. Sual etmişik ki, bu əməliyyat kim tərəfindən hazırlanıb, kim tərəfindən idarə olunub və silahlı qüvvələr doğrudan da Prezidentin xəbəri olmadan istifadə olunubsa, bu da cinayətdir. Həmçinin ordudan daxili məsələlərdə parlamentin qərarı olmadan istifadə edilibsə, bu da qanun pozuntusudur”, – deyə AMİP lideri bildirib.

Etibar Məmmədov fikrini belə davam etdirib: “Çox adam deyirdi ki, mənim heç nədən xəbərim yoxdur. Lakin yadınızdadırsa, 25 il sonra iyun hadisələri ərəfəsində keçirilmiş Təhlükəsizlik Şurasının iclasının protokolları mətbuatda dərc olundu və məlum oldu ki, elə həmin şuranın sədri prezident Elçibəy özü olub. Bu məsələlər dövlət başçısının yanında müzakirə olunub və qanunazidd olaraq ayrıca sərəncam olmadan Ali Sovetin sədri və baş nazir də bu məsələlərdə rəhbər rol oynayıblar. Yəni qanunsuzluq çox olub və heç kəs də bunu boynundan atmamalıdır. AXC iqtidarında sözügedən əməliyyatdan hamının da xəbəri olub. Sadəcə, həmin əməliyyatı uğursuz və bacarıqsız hazırlayıblar və nəticədə də ölkədə həmin qarşıdurma və xaos yaranıb”.

AXC iqtidarında prezident köməkçisi kimi çalışan Oqtay Qasımov deyilənlərin həqiqət olmadığını qətiyyətlə qeyd etdi: “Müsahibə ilə tanışam. Orada ziddiyyətli məqamlar çoxdur. Əvvəla, onu deyim ki, həmin dövrdə ”Tufan” əməliyyatı adlanan əməliyyat olmayıb. 4 iyunda Gəncədə baş verən hadisələrə gəlincə, bu, əlbəttə ki, rus kəşfiyyatı tərəfindən Azərbaycandakı əlaltıları vasitəsilə həyata keçirilən bir hərbi qiyamdır. Qeyd olunan 25-26 may tarixli Dövlət Müdafiə Komitəsinin protokollarına diqqət yetirilsə, orada söhbətin hansısa əməliyyatdan getmədiyini hər kəs görə bilər. Orada Dövlət Komissiyası tərəfindən Azərbaycan Ordusu və hərbi hissələrində aparılan yoxlamalarla bağlı məlumat verilir.  Qeyd olunur ki, Gəncədə 709-ci hərbi hissəyə Dövlət Komissiyası, yəni Prezident Aparatı, Müdafiə Nazirliyi və ictimaiyyət nümayəndələrindən ibarət komissiya buraxılmayıb. Bu hərbi hissənin Müdafiə Nazirliyinə tabe olmaqdan imtina etdiyi bildirilir. Orada müzakirə edilən məsələ hərbi hissənin taleyi ilə bağlı olan bir məsələdir. Onun Müdafiə Nazirliyinə necə tabe etdirilməsi də orada müzakirə olunub. Onunla bağlı da hər hansı bir sərəncamın verilməsinə gərək yoxdur. Bu tipli məsələlər əslində miqyas etibarı ilə Müdafiə Nazirliyinin özü tərəfindən həll edilməlidir. Dövlət Müdafiə Komitəsinin toplantısında da bu məsələ müzakirə olunub. Orada iclasda iştirak edənlərin, o cümlədən Prezidentin məsələyə münasibəti qəti olub və məsələnin qəti şəkildə həlli istənilib. Bu baxımdan bunu “Tufan” əməliyyatı kimi adlandırmaq, yaxud sərəncama bağlamaq doğru deyil. Belə bir sərəncam olmayıb və ümumiyyətlə, belə bir sərəncama ehtiyac da yox idi. Bunun altından xətt çəkib əminliklə deyirəm. Sadəcə, dediyim kimi, hərbi hissə Müdafiə Nazirliyinə tabe olmaq istəməyib, onlarla dil tapılmayıb. Siyasi rəhbərlik səviyyəsində Müdafiə Komitəsində bu məsələ onun üçün müzakirəyə çıxarılıb ki, işin arxasında Rusiyanın dayanması barədə məlumatlar gəzirdi. Gəncədəki hadisələrdən az öncə məlum olmuşdu ki, Azərbaycan Ali Sovetinin o zaman 360 deputatının 156 nəfəri Rusiya prezidenti Yeltsinə ölkədə guya “demokratiyanın bərpası üçün yardım etməyə”, bura qoşun yeritməyə dəvət edən bir müraciət ünvanlamışdı. Bu fakt o vaxt Rusiya xarici işlər nazirinin dilindən səsləndirilib. Müdafiə Komitəsində bu məsələ də müzakirə edilib. Mövqe də ortada olub. Sonda bir daha deyim ki, iyun hadisələri ilə bağlı sərəncamın olduğu barədə fikirlər kökündən yanlışdır”.

Yeni dartışma mövzusu: Elçibəyin andiçmə mərasiminin ssenarisini kim yazıb?

Oqtay Qasımov

O.Qasımov hər il yeni-yeni fikirlərin meydana çıxmasına da toxundu: “4 iyun qiyamı elə bir hadisədir ki, Azərbaycan dövlətçilik tarixində hər zaman qara  ləkə kimi qalacaq. Çünki bu, konkret olaraq, xaricdən təşkil olunan, idarə edilən və buradakı əlaltılar vasitəsilə həyata keçirilən hərbi çevriliş olub. Bu hərbi çevrilişi də siyasi yolla dəstəkləyən siyasi qüvvələr olub. Hər zaman 4 iyun hadisələrinin ildönümləri çatanda bu cür insanlarda bir narahatlıq yaranır. Onlar özləri üçün müəyyən bir bəraət almağa çalışırlar. Günahı o zamankı hakimiyyətin üzərinə atırlar. Əlbəttə, o zamankı AXC hakimiyyətində mən daxil hamımızın məsuliyyəti var. Heç kim də bu məsuliyyətdən qaçmır. Rəhmətlik Əbülfəz bəy də hər zaman fikirlərində bunları səsləndirib. Mən hər zaman istəmişəm ki, o proseslərdə iştirak edən adamların özləri də özlərinin səhvlərini etiraf etsinlər. Əslində onların bir çoxlarının ətrafında olanlar bunu etiraf ediblər. Digər tərəfdən, burada vacib olan məsələlərdən biri də bu hadisələrə obyektiv hüquqi qiymət  verilməsidir ki, bir daha Azərbaycan dövlətçiliyi bu cür problemlər yaşamasın. Onu da deyim ki, son iki ildə 4 iyun hadisələrinə diqqət nisbətən azalıb. Bunun da əsas səbəblərindən biri düşünürəm ki, 4 iyun qiyamının yaratdığı ən ağır nəticələrdən biri olan işğal edilən ərazilərimizin böyük əksəriyyətinin geri qaytarılmasıdır. Bu qalibiyyətimiz müəyyən qədər 4 iyunu kölgədə buraxır. Amma bütün hallarda o hadisələr araşdırılmalıdır. İnsanlar həm də öz siyasi məsuliyyətlərini anlamalıdırlar ki, gələcəkdə siyasi partiya, yaxud şəxslər hansısa bir çevriliş cəhdinə dəstək verməsinlər. Sonda deyim ki, 4 iyun qiyamına dəstək verənlər zaman-zaman bu narahatlığı yaşayırlar və onun üçün də belə açıqlamalara ara-sıra rast gəlirik”. Musavat.com

Həmçinin oxuyun

“Danışıqları Ermənistanla birbaşa aparmağımızın tərəfdarıyam, vasitəçilik olmasın”

“Hesab edirəm, Paşinyan Azərbaycanla bağlı sözləri Ermənistanın daxili auditoryası üçün səsləndirib. Cənab Prezident İlham Əliyev …