Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Operativ Qərargahın məlumatlarını kim sızdırır – ŞƏRH

Operativ Qərargahın məlumatlarını kim sızdırır – ŞƏRH

Rəsmi qurum öz məlumatlarını açıqlamazdan əvvəl bəzi saytlarda həmin xəbərlər peyda olur

Bilənlər bilir, bilməyənlər üçün də açıqlayaq ki, Kütləvi İnformasiya Vasitələri (KİV) ölkədə koronavirusla bağlı gündəlik məlumatları Nazirlər Kabineti (NK) yanında Operativ Qərargahın rəsmi məlumatına istinadən yayımlayır. Hər gün bu barədə yeni məlumat NK-nın rəsmi saytında yerləşdirilir. Həmin məlumat, həmçinin bir çox saytın əməkdaşlarından ibarət yaradılmış xüsusi “WhatsApp” qrupuna da göndərilir.  

Ancaq müəmmalı bir məqam mövcuddur ki, bir neçə sayt (adları da bəllidir) gündəlik məlumatı, daha doğrusu, Operativ Qərargahın (OQ) rəsmi məlumatını OQ-nin rəsmi açıqlamasından, ən azı, 10 dəqiqə tez paylaşır. Və xəbər OQ-yə istinadən yayılır, hətta cümlə quruluşuna qədər eyni olur, yəni, söhbət nöqtəsinə qədər eyni olan məlumatdan gedir. Beləliklə, ölkədəki digər saytlar, hətta Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) belə, məlumatı yaymaqda gecikir.

Təəssüflər olsun ki, bu hadisə ölkədəki mətbuat orqanlarına qarşı ilk ayrıseçkilik deyil. Uzun illərdir ki, KİV-lər kimlərsə tərəfindən “kateqoriyalara” bölünüb. Bu “kateqoriyalaşma” ən xırda nüanslardan tutmuş, ev bölgüsündə, ad verilməsində və s. daha böyük məsələlərdə də özünü biruzə verir.

Düzdür, KİV-in kateqoriyalaşması məsələsi ölkəmiz üçün heç də yad anlayış deyil. Çünki Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin “zəhməti” sayəsində ölkədə dərc olunan qəzetlər illərdir ki, rəsmi şəkildə kateqoriyalaşıb. Ancaq saytları qeyri-rəsmi də olsa, kateqoriyalaşdıran “gözəgörünməzin” kim və kimlər olması hər kəsə məlum deyil.

İndiki pandemiya dövründə, sərtləşdirilmiş karantin rejimində belə, saytlar arasında bu cür ayrıseçkiliyin kimlər tərəfindən salınmasına AYNA tutmağa çalışdıq. Həmçinin hansısa saytın rəsmi qurum tərəfindən açıqlanmamış bir xəbəri hansı əsasla yaymasına cavab axtardıq.

Bu məqsədlə sualımızı əvvəlcə Nairlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədova ünvanladıq. Ancaq Məmmədov bildirdi ki, o, OQ-nin məlumatlarını hər kəsə eyni vaxtda çatdırır.


Aldığımız cavabdan sonra “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Mətbuat Xidmətinin rəhbəri Rəvanə Əliyeva ilə əlaqə saxladıq. TƏBİB sözçüsü isə, ümumiyyətlə, bu barədə səlahiyyət sahibi olmadığını söylədi: “Operativ Qərargahın məlumatları TƏBİB tərəfindən və şəxsən mənim tərəfdən göndərilmir. Yoluxma barədə məlumatlar Tibbi Qərargahda hazırlanır və aidiyyəti üzrə tədqim edirilir. Tibbi Qərargah, həmçinin TƏBİB həmin məlumatı mediaya ötürmür. Bəzi məsələrlə bağlı jurnalistlər mənə müraciət edəndə mən də ya Operativ Qərargahın məlumatına istinad edirəm, ya da bu məsələnin ancaq Operativ Qərargaha aid olduğunu bildirirəm. Ayrıseçkilik salınması məsələsinə gəldikdə isə heç kim deyə bilməz ki, bu günə qədər hər hansı bir jurnalistin xahişini nəzərə alaraq ona daha tez xəbər göndərmişəm. Ayrı-ayrı müraciətlərə şəxsi cavab veririk, ümumi xəbərləri isə ümumi çatdırıram”.
 

Hər iki qurumun sözçüsü ilə danışsaq da, təəssüf ki, ortadakı “çömçətutanın” kimliyini müəyyən etmək mümkün olmadı. Bəs, yaxşı, mövcud durum qanunvericilikdə necə tənzimlənir? Media eskpertləri bu məsələdə nə düşünürlər?

Onlar bir- birini qucaqlamışdı, öpüşürdülər...” — Xaqani Səfəroğlu

Azpost.info saytının rəhbəri Xəqani Səfəroğlu media qurumlarına göstərilən bu münasibəti doğru hesab etmədiyini bildirdi: “Bu illər ərzində həmişə mövcud olmuş belə “əməkdaşlıq” birinci növbədə jurnalistikada sağlam rəqabət imkanlarına zərbə vurur. İkincisi, rəsmi məlumatların belə qeyri-qanuni şəkildə yayımı informasiya azadlığı və KİV haqqında qanuna ziddir. “Seçilən sayt buketi” xəbərin yayılmasında korporativ maraqları diqtə edə bilər. Çünki bir tərəfdən yalnız rəsmi xəbərə istinad olunması tələb olunur, digər tərəfdən süni seçim aparılır. Belə yanaşmanın narazılıq yaratması təbiidir. Ümid edirəm, Nazirlər Kabineti bunu nəzərə alar”.

Ələsgər Məmmədli

Media hüququ eksperti Ələsgər Məmmədli də bu addımın qanun pozuntusu olduğunu qeyd etdi: ““KİV haqqında” qanunun 50-ci maddəsi akreditasiyanı müəyyən edir. Əgər Nazirlər Kabineti müəyyən jurnalistləri akreditə edibsə və məlumatlar əvvəlcə həmin jurnalistlərə göndərilirsə, bu, qanun pozuntusu deyil. Yox əgər, akreditə olunmuş və ya olunmamış jurnalistlərdən bəlli bir qrup müəyyən edilibsə və məlumat hər kəsdən öncə onlara göndərilirsə, bu, informasiya manipulyasiyasıdır. Və bir dövlət qurumunun jurnalistləri, həmçinin KİV-ləri diksriminasiyaya, ayrıseçkiliyə məruz qoyması Konstitusiyanın 25-ci maddəsinə görə yolverilməzdir. Hansısa dövlət qurumu bu formada addım atırsa, bu, qanun pozuntusudur”.

Qulu Məhərrəmli: İnformasiya kanalları daha çox depressiya yaradır

Media eksperti, professor Qulu Məhərrəmli isə “Pandemiya ilə bağlı yayılan və ictimai əhəmiyyət kəsb edən məlumatlar rəsmi qurumlar tərəfindən KİV-lərə necə paylanmalıdır?” sualımıza aydınlıq gətirdi: “İnformasiya əldə etmək haqqında qanunda göstərilir ki, informasiya ən asan üsullarla, tez şəkildə yayılmalıdır. İndiki halda da informasiyanın sahibi Nazirlər Kabinetinin qərargahıdır, məlumat Tibbi Qərargahda hazırlanır, Operativ Qərargahdan da yayımlanır. Ona görə də Nazirlər Kabinetinin mətbuat xidməti faktiki informasiyanı yayan strukturdur və indiki şəraitdə də informasiyanı münasib üsulla daha tez yaymalıdır. Digər tərəfdən, yayılan informasiya bütün KİV-ə eyni anda ötürülməlidir. Bu bilgilərə çatmağı ən qısa zamanda və ən münasib üsulla təmin ediriksə, KİV-lər arasında fərq qoyulması qeyri-etikdir. Ona görə də məlumatlar əvvəlcə qurumun internet resurslarında yerləşdirilməlidir və yaymaq istəyən KİV də oradan götürüb yayımlamalıdır”.

Q.Məhərrəmlinin fikrincə, indiki xoşagəlməz durum, saytlar arasında fərq qoyulması yanlış yanaşmadır: “Bu vəziyyət qanun pozuntusu olmasa da, etik qaydalara uyğun deyil. Düzdür, bəzi korporativ qruplar yaradıla bilər, ancaq həmin qruplara da məlumat rəsmi qurumun internet resursunda yayılandan sonra göndərilməlidir. Düzdür, pandemiya dönəmində mövcud informasiya siyasətinin üstün cəhətləri var, operativ xəbərlər verilir. Ancaq elə etmək lazımdır ki, bu qədər həssas, gərgin məqamda bu cür xoşagəlməz situasiyalar ortaya çıxmasın”. Ayna.az

Həmçinin oxuyun

“Paşinyan sərxoş halda əmr verirdi ki, Lələtəpəni alın, sizə general adları verəcəm…”

“Ermənistanda qaçan ordunun komandirlərinə qəhrəman, general adları verilirdi…” Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə,  …