Çərşənbə , Aprel 21 2021
Ana səhifə / Siyasət / “Onların baxdıqları pəncərədən Azərbaycan belə görünür” – İqbal Ağazadə

“Onların baxdıqları pəncərədən Azərbaycan belə görünür” – İqbal Ağazadə

“Azərbaycanda feministlərin də hər kəs kimi aksiya keçirməyə haqları çatır, lakin dünənki aksiyada səsləndirilən şüarların nə qədər aktual olması isə başqa məsələdir. Ümumiyyətlə, cəmiyyət buna nə qədər hazırdır, bu problemlər nə qədər doğru şəkildə qabardılır kimi suallar yaranır. Bax, belə məsələlərdən hansının düz, hansının yanlış olduğunu konkret nümunələr, yaşam tərzləri orta qoyur, feministlər, sadəcə, bir qrupdur. Cəmiyyət belə mövzulara dəyərlər sistemi dəyişdiyinə və ya pozulduğu üçün, yaxud da reallıqdan müəyyən qədər uzaq olduğununa görə fərqli yanaşır. Belə aksiyaların Azərbaycan xanımına yaraşmadığı kimi fikirlərə gəlincə isə, kimə nə yaraşdığını hər kəs özü müəyyən edir. Biz kiməsə deyə bilmərik ki, nəyisə danış, bu sənə yaraşır ya yaraşmır, nəyisə geyin, bu sənə yaraşır, ya yaraşmır… Hər kəs yalnız özü-özünə nəyisə yaraşdıra bilər”.

Bunu Pravda.az-a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

Partiya sədrinin sözlərinə görə, bir qrup insan hansısa şüarlarla aksiya keçirirsə, bu o demək deyil ki, hər kəs o şüarları dəstəkləyəcək: “Bir qrup xanım şüarların aktual olduğunu və bu şüarlar çərçivəsində hərəkat formalaşdırıb mübarizə apara biləcəklərini hesab edirlərsə, aksiya keçirə bilərlər. Cəmiyyətin ona reaksiyasının necəliyi isə artıq başqa məsələdir. Məsələn, dünyanın bir sıra ölkələrində Yaşıllar Partiyasının uzun illər boyunca fəaliyyət göstərməsinə baxmayaraq, heç vaxt hakimiyyət partiyası olmayıb. Amma hər zaman siyasi partiya kimi mövcud olublar. Başqa bir missal gətirsək, Azərbaycanda hazırda Kommunist Partiyası var, lakin bu o demək deyil ki, belə bir partiya yaradılıbsa, hamı dərhal ona reaksiya verəcək, cəmiyyət onun arxasınca düşəcək və şüarları dəstəkləyəcək. Feministlər də Azərbaycanda mövcud olan qruplardan, sadəcə, biridir və yalnız onların baxdıqları pəncərədən Azərbaycan belə görünür”.

Qeyd:Feminist fəallar Bakının mərkəzində 8 Mart Qadınlar Günündə aksiya keçiriblər. Aksiyanın təşkilatçıları bu yürüşü keçirməklə İstanbul Konvensiyasının qəbul edilməsini, qadınlara qarşı baş verən cinayətlərin ədalətli araşdırılmasını, qadınlara qarşı zorakılığın qarşısının alınması üçün effektiv tədbirlərin görülməsini tələb ediblər.

Həmçinin oxuyun

“Rövşən Bağırov rayona icra başçısı təyin ediləndən sonra Lerikin sosial problemləri azalmayıb”

Lerik rayonunun Bürsülüm kənd inzibati vahidliyinə 8 kənd daxildir. Bunlar Ancəqov, Bobla, Bürsülüm, Ləkər, Nosovyədi, …