Ana səhifə / Siyasət / Onlar seçkidə rəqib olacaq

Onlar seçkidə rəqib olacaq

Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı xəbərlərin intensiv xarakter alması iddiaçıların sırasını bir qədər də genişləndirib. Növbəti 5 ildə qanunverici orqanda təmsil olunmaq istəyən tanınmışların çoxu artıq qollarını çırmayıb. Parlament seçkilərinin əvvəllər olduğu kimi, yenə gərgin mübarizə şəraitində keçəcəyinə heç bir şübhə yoxdur. 

İddiaçıların bir çoxu seçki marafonuna qatılacağını publik şəkildə bəyan edib. Ümid Partiyasının sədri İqbal Ağazadə, REAL lideri İlqar Məmmədov, Müsavat funksioneri Arif Hacılı tərəfdarları ilə birlikdə seçki marafonuna qoşulacaqlarını bildiriblər. “Atlas” Araşdırmaları Mərkəzinin sədri, tanınmış politoloq Elxan Şahinoğlu isə mübarizə aparacağı dairənin adını belə açıqlayıb. O, budəfəki parlament seçkilərində 119 saylı Ağdam kənd seçki dairəsindən mübarizəyə qoşularaq, əməkdar jurnalist “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqova rəqib olacağını deyib. “Yeni Müsavat” Media qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlu da növbəti 5 ildə mandata iddialı olduğunu gizlətməyib. O, bir neçə gün əvvəl “Yeni Sabah”a  açıqlamasında “yarımçıq qalmış işim var” deyərək, 2020-ci ildəki mübarizəni qaldığı yerdən davam etdirməyə iddialı olduğunu bildirib. 

“Yeni Sabah” bu ilin yayında keçirilməsi gözlənilən parlament seçkiləri ilə bağlı maraqlı məlumatlar əldə edib. Məlumatlı şəxs saytımıza bildirib ki, parlamentin gəncləşdirilməsi hazırda siyasi hakimiyyətin qarşısında dayanan prioritet vəzifə sayılır. Son günlər mətbuatda da vurğulandığı kimi, qocaman deputatların əksəriyyətinə, xüsusilə yaşı 70-i ötmüş parlamentarilərə “qırmızı işıq” yandırılacaq. Həmçinin mövcud hakimiyyət üçün arzuolunmaz hesab edilən bir neçə tanınmış siyasi xadimin də “oyundankənar vəziyyət”ə salınması gözlənilir. 

Aldığımız məlumata görə, budəfəki parlament seçkilərində ən gərgin və maraqlı mübarizə 35 saylı Xətai 3-cü seçki dairəsində gözlənilir. Qeyd edək ki, 2020-ci ilin fevralında keçirilən bu dairədə əsas mübarizə “Yeni Müsavat” Media Qrupunun rəhbəri,Əməkdar jurnalist Rauf Arifoğlu və Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə arasında getmişdi. Rauf Arifoğlu rəqibini üstələyərək qalib gəlməyi bacarsa da, İqbal Ağazadənin şikayəti əsasında, sonradan MSK dairənin nəticələrini ləğv etmişdi. 

Məlumatlara görə, 35 saylı Xətai 3-cü seçki dairəsində yarışma bu dəfə də gərgin mübarizə şəraitində keçəcək. Çünki Rauf Arifoğlu geri çəkilməyəcəyini dəfələrlə bəyan edib. İqbal Ağazadə isə özünü həmin dairənin favoriti hesab etdiyi üçün, yenə Xətai seçicilərinə üz tutmaqda qərarlıdı. 

“Yeni Sabah” bu dairə ilə bağlı ilginc məlumatlar əldə edib. REAL-ın aparıcı funksionerlərindən biri saytımıza İlqar Məmmədovun da həmin dairədən mübarizəyə qoşulacağını bildirib. Onun sözlərinə görə, Binəqədinin ona uğur gətirmədiyini düşünən baş REAL-çı bu dəfə Xətai zəhmətkeşlərindən dəstək istəyəcək. Partiyadaşı inanılması çətin olan məlumatlar açıqlayıb. Onun sözlərinə görə, İlqar Məmmədovun mandat qazanacağına ümidi çox azdır. REAL sədri hesab edir ki, prinsipial mövqeyinə görə hakimiyyət onu parlamentdə görmək istəmir. Buna görə də qalmaqallı yol seçərək, həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətini öz üzərinə cəlb etmək istəyir. 

“İlqar bəy düşünür ki, onun da namizəd olması ilə 35 saylı Xətai 3-cü seçki dairəsində əsl xaos yaranacaq. 2020-ci ildə olduğu kimi, bu dəfə də həmin dairədə qalib Rauf Arifoğlu olacaq. Bizdə Rauf Arifoğlunun ötən 4 ildə həmin dairənin ərazisində yaşayan əhalinin problemlərini daim diqqətdə saxladığına dair məlumatlar var. Buna görə də İlqar bəy həmin dairədən mübarizəyə qoşularaq özünün hakimiyyət tərəfindən qəbul edilməyən “barışmaz müxalifətçi” obrazını yaratmaq istəyir. Qısacası, İlqar Məmmədov seçilmək yox, seçilməmək üçün həmin dairədən mübarizəyə qoşulmağa qərar verib”, – deyə REAL funksioneri bildirib.  

İddialıların bioqrafiyası həmin dairədə “qırğın” olacağını indidən söyləməyə əsas verir. 

Həmçinin oxuyun

Müsavatın dialoqda iştirakına etiraz: Vəfa Cümşüdlü partiyadan istefa verdi

Müsavat Partiyasının keçmiş Divan üzvü və sabiq Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü partiyadan istefa verib. …