Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Onkoloji xəstələrin Bakıya gəlməsinə ehtiyac yoxdur

Onkoloji xəstələrin Bakıya gəlməsinə ehtiyac yoxdur

Regionlarda yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və əməliyyatları həyata keçirməyə imkan verən yeni diaqnostika mərkəzləri, xəstəxanalar tikilib. Artıq şəkərli diabet, zob, xroniki böyrək çatışmazlığı, onkoloji xəstələrin müayinə və müalicəsi üçün paytaxta gəlmələrinə ehtiyac qalmayıb.

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə bir qrup jurnalist regionlardakı xəstəxanalarda əhaliyə göstərilən tibbi xidmətlə yerində tanış olmaq üçün Oğuz, Balakən və Şəki rayonlarına səfər edib.

KİV nümayəndələri ilk olaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasında olublar. Xəstəxana “Regionların sosial-iqtisadi inkişafı” proqramı çərçivəsində 2009-cu ildə istifadəyə verilib.

Baş həkimin müavini İradə Məmmədova bildirib ki, xəstəxanada şəkərli diabet, psixi-ruhi, imtiyazlı xəstələr üçün pulsuz dərman preparatları verilir. Xəstəxanaya gün ərzində 100-150 nəfər müraciət edir.

İ.Məmmədovanın sözlərinə görə, müayinələrdən sonra bu xəstələrə pulsuz dərmanlar paylanılır. “Son illərdə rayonumuzda ana ölümü hadisəsi olmayıb. Uşaq ölümü isə çox nadir hallarda olur”,-deyə baş həkimin müavini əlavə edib.

Xəstəxanalarda müasir müayinə avadanlıqları quraşdırılıb. Lakin mütəxəssislərə ehtiyac yaranıb. Bu xəstəxanada 23 vakant yer var. Yay ayları olduğundan ilan sancmaları, vəhşi heyvan dişləmələri baş verir. İ.Məmmədova deyir ki, bu il hələlik ilan sancmaları qeydə alınmayıb. Lakin ilan əleyhinə zərdab və quduzluğa qarşı peyvənd var.

Jurnalistlər daha sonra Balakən Rayon Mərkəzi Xəstəxanasına gediblər.

Xəstəxananın baş həkimi Hacı Ömər Nuriyev deyib ki, xəstəxanada 15 şöbə fəaliyyət göstərir: “Türkiyədə, Moskvada və ayrı-ayrı şəhərlərdə ixtisasartırma kurslarında olan həkimlərimiz var. Xəstəxanada bütün cərrahiyyə əməliyyatları aparılır”.

Xəstəxanada 300-dən çox onkoloji xəstə qeydiyyatdadır ki, onlardan da 5-i azyaşlıdır. “Onkoloji xəstələr dərmanla təmin olunurlar. Amma müraciətlərin çoxu ağciyər, oynaq, revmatik xəstəliklərlə bağlıdır. Çünki rayon ucqar yerdə yerləşdiyi üçün burada rütubətlik çox olur”,- deyə Ö.Nuriyev əlavə edib.

Ana və uşaq ölümünə gəlincə, son 10 ildə xəstəxanada ana ölümü qeydə alınmayıb.

Media nümayəndələri son olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanış olublar.

100 çarpayılıq xəstəxana 2011-ci ilin noyabrında istifadəyə verilib. Əsas bina 6 korpusdan ibarətdir. Tibb müəssisəsində 8 hemodializ korpusu var. Hemodializ şöbəsində 40-a yaxın xəstəyə yardım edilir. Şəki Rayon Mərkəzi Xəstəxanasında onkoloji xəstələrin müalicəsi üçün kimya və şüa terapeyası aparılır. Regionda olan xərçəng xəstələri bu xəstəxanada müalicə olunurlar.

Xəstəxananın baş həkimi Məcid əliyevin sözlərinə görə, həkimlərin əksəriyyəti xarici ölkələrdə hazırlıq kursları keçiblər. “Xəstəxanada 450-yə yaxın həkim çalışır. Bütün ixtisaslar üzrə cəmi 1-2 vakant yer var”,-deyə baş həkim vurğulayıb.

Bu il Şəkidə 5 nəfəri ilan sancıb. Baş həkim deyir ki, onların hər birinə zərdab vurulub, buna görə də ilan sancmasından ölüm olmayıb.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın