Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Siyasət / On yeddi siyasi partiyanın rəhbərləri ilə videokonfrans formatında görüş keçirilib

On yeddi siyasi partiyanın rəhbərləri ilə videokonfrans formatında görüş keçirilib

Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkədə fəaliyyət göstərən 17 siyasi partiya rəhbərləri ilə videokonfrans formatında görüş keçirib.


Azinforum.az xəbər verir ki, görüşdə Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Ağ Partiyanın sədri Tural Abbaslı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz, Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov, Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Əliyev, Müstəqil Xalq Partiyasının nəzarət-təftiş komissiyasının sədri Əmir Çıraqəliyev, Azərbaycan Milli Hərəkat Partiyasının sədr müavini Fuad Cəfərov və Gələcək Azərbaycan Partiyasının sədri Ağasif İbrahimov iştirak ediblər.
Görüşdə çıxış edən Ədalət Vəliyev Vətən müharibəsində qazanılmış şanlı Qələbə münasibətilə bütün siyasi partiyaları təbrik edib. O, Azərbaycan Silahlı Qüvvələrinin Zəfər paradının xüsusi dəyərə malik olduğunu vurğulayaraq müzəffər Ordunun gücünü, dövlətimizin qüdrətini bir daha nümayiş etdirdiyini bildirib. 


Ə.Vəliyev 30 ilə yaxın davam edən işğala son qoyulması yolunda aparılan mübarizəyə bütün siyasi qüvvələrin Ali Baş Komandanın ətrafında birləşməklə töhfə verməyə çalışmasını, siyasi partiyaların 15 iyul Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən hərbi təxribatla əlaqədar birgə bəyanatını, Vətən müharibəsi ilə əlaqədar milli həmrəyliyi təcəssüm etdirən 27 sentyabr tarixli bəyanatını, 12 və 17 oktyabr tarixli müraciətlərini, eləcə də Fransanın Azərbaycana münasibətdə qərəzli mövqeyinə qarşı 7 oktyabr və 25 noyabr tarixlərində bütün siyasi qüvvələrin birgə etirazını dövlətimizin təməl prinsiplərinin qorunması istiqamətində atılan təqdirəlayiq addımlar olduğunu diqqətə çatdırıb. Dövlətçilik uğrunda həmrəyliyin, milli maraqlar naminə birləşməyin bariz nümunəsini təşkil edən bu yanaşmanın dövlətimizin başçısının siyasətinin nəticəsi olduğunu vurğulayan Şöbə müdiri diqqətə çatdırıb ki, ölkədə Azərbaycan Prezidentinin təşəbbüsü və güclü siyasi iradəsi sayəsində siyasi qüvvələr arasında milli vəhdət və sağlam əməkdaşlıq mühiti hələ hərbi əməliyyatlar başlamazdan əvvəl formalaşıb, Azərbaycan cəmiyyətinə, ictimai-siyasi mühitinə sivil yanaşma və harmoniya gətirilib. Bu gün iqtidar-müxalifət münasibətlərinin təməlində dövlətçilik maraqlarının bütün digər maraqlardan üstün tutulması, Azərbaycan xalqının mənafeyinin önə çəkilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü və təcavüzə son qoyulması uğrunda mübarizəsi, eləcə də ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsinə dair məsələlərdə həmrəylik nümayiş etdirilməsi və milli-mənəvi dəyərlərə hörmət edilməsi prinsipləri durur. 


Prezident Administrasiyasının rəsmisi dövlətçiliyimizin inkişafı və qüdrətlənməsi naminə siyasi partiyaların milli birliyinin bundan sonra daha da möhkəmlənməsinin və Azərbaycanın düşmənlərinə qarşı daha əzmli olmasının vacibliyini bildirərək Prezident İlham Əliyevin 2020-ci il 24 sentyabr tarixli çıxışından sitat gətirib: “Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafına xidmət edəcək”.


Daha sonra Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov çıxış ediblər.


Natiqlər öz çıxışlarında Vətən müharibəsində qazanılmış böyük Qələbə münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyevi və şanlı Azərbaycan Ordusunu təbrik edərək Zəfər gününün təsis olunması və Qələbə paradının keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Həmçinin siyasi partiyaların milli məsələlərdə həmrəyliyinin bundan sonra daha da gücləndirilməsinin və dövlətin təməl prinsiplərinin qorunmasında birlik nümayiş etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Azadlıq Partiyasının sədri Əhməd Oruc xaricdə “Azərbaycanın dostları” adlı cəmiyyətin yaradılması, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə sərt karantin dövründə siyasi partiyaların fəaliyyətinin təşkili ilə bağlı müvafiq təkliflər səsləndiriblər.


Görüş iştirakçıları işğaldan azad edilmiş ərazilərdə gələcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıb, müvafiq ictimai nəzarət mexanizmlərinin yaradılması, yerli və xarici tərəfdaşlarla məqsədyönlü işin qurulmasına dair təkliflər səsləndiriblər. Həmçinin normal fəaliyyət üçün siyasi partiyaların qərargahla təmin edilməsi məsələsi də müzakirə olunub.

Həmçinin oxuyun

“Rus xalqı üçün çıxış yolu görmürəm” – Zərdüşt Əlizadə

“Rus xalqının, sadə əhalinin ayağa qalxmasının heç bir əhəmiyyəti yoxdur”. Bu sözləri Rusiyadakı etiraz aksiyaları …