Ana səhifə / Siyasət / Oliqarx oğlunun “Porsche” ilə vurub öldürdüyü qadının uşaqlarına kompensasiya kəsiləcəkmi…

Oliqarx oğlunun “Porsche” ilə vurub öldürdüyü qadının uşaqlarına kompensasiya kəsiləcəkmi…

Əsabəli Mustafayev: “Qanuna görə, uşaqların böyüməsi və inkişafı üçün onlara kompensasiya ödənilə bilər”; Mehriban Zeynalova: “Uşaqlar böyüyənə qədər də bu maddi yardımla təmin olunmalıdırlar”

İş adamı Füzuli Fərəcovun 16 yaşlı oğlunun 200 min dəyərində olan “Porsche” ilə 2 uşaq anası Xəyalə Məmmədovanı vuraraq öldürməsindən bir həftədən çox vaxt keçib. Rəsmi qurumların açıqlamalarına görə, artıq hadisəni törədən Ağəli Fərəcov barəsində cinayət işi açılıb və iş araşdırılır. Mövzu ilə bağlı ekspertlər bildirirlər ki, istintaqın gəldiyi nəticədən asılı olaraq, Ağəli Fərəcov həm qapalı tərbiyə müəssisəsinə salına, həm də azad edilə bilər. İstintaqın isə nə zaman yekunlaşacağı məlum deyil.

Hadisə barəsində mətbuatda daha çox Füzuli Fərəcov və oğlunun aqibəti barəsində yazılar dərc olunsa da, dünyasını dəyişən Xəyalə Məmmədova və onun azyaşlı övladlarının hüquqları demək olar ki, unudulub. Bəs müvafiq təşkilatlar X. Məmmədovanın ailəsi ilə maraqlanırlarmı?

Image result for Mehriban Zeynalova
“Yeni Müsavat”a danışan “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, onlar qadının ailəsi ilə maraqlanıblar: “Uşaqlarla maraqlandıq və öyrəndik ki, onları ata böyüdür, o da heç bir pul davası etmir. Ancaq hesab edirəm ki, bu cinayət hadisəsində uşaqlar nəzərə alınmalı, onların adlarına pul köçürülməlidir. Uşaqlar böyüyənə qədər də bu maddi yardımla təmin olunmalıdırlar. Belə özbaşınalıq olmaz ki, vurub qadını öldür, uşaqlara yardım etmə. Bu məsələdə 16 yaşlı oğlanın belə özbaşınalığı və sükan arxasında oturub, avtomobili sürətlə sürməsi də söz mövzusudur. Burada yenə də ailə tərbiyəsi özünü göstərir və hesab edirəm ki, məsələdə valideynin kifayət qədər günahı var. Mətbuatda məsələ ilə bağlı bir neçə versiya yazıldı ki, ailə şikayətçi deyil, qadının ailəsi isə guya pul istəyib və sairə. Lakin bu da sonradan inkar edildi. Hadisə kifayət qədər diqqətdə saxlanılır, ona görə də biz daha çox uşaqlarla maraqlandıq.

 

Qəza hər kəsin başına gələr və eyni zamanda hər adam da qəza zamanı dünyasını dəyişə bilər. Ancaq burada müzakirə predmeti odur ki, sükan arxasındakı uşağın 16 yaşı var və onun yaşam tərzi ilə bağlı da kifayət qədər də şəkillər ortaya çıxdı. Məlum oldu ki, ata uşağın bu cür həyat tərzi keçirməsi üçün münbit şərait yaradıb. Bu hadisə qəsdən olmaya da bilər, ehtiyatsızlıqdan da mümkündür, içkinin təsirindən də. Yəni yaş məsələsi olmasaydı, bunu adi qəza hesab etmək olardı. Burada qərəz və ya başqa bu kimi hal olmayıb. Əgər kompensasiya varsa, bu, uşaqların adına verilməli, onların böyüməsi, təhsil almasına sərf olunmalıdır. Məsələyə yanaşmam budur. Ümumiyyətlə, hesab edirəm ki, ölü üzərindən alver edilməz”.

Image result for Əsabəli Mustafayev
Hüquqşünas Əsabəli Mustafayev isə “Yeni Müsavat”a belə bir vəziyyətdə qanunvericiliyin tələbləri barəsində danışıb: “Bu barədə əslində məhkəmə təcrübəsi də mövcuddur. Yaxınlarda belə bir məsələ qaldırılmışdı ki, avtoqəza nəticəsində dünyasını dəyişənin övladlarına kompensasiya verilsin. Bildiyim qədər, son qərara görə ödənişin məbləği 100 min manat idi. Bunun bir hissəsi dərhal, nağd formasında ödənilirdi, digər hissəsi isə uşaqların 23 yaşına qədər onlara hər ay olmaqla verilirdi. Bu təcrübə hüquqi praktikadır və digər məhkəmələr də bundan istifadə edə bilərlər. İnsan ölürsə, onun yaxınlarına həm mənəvi, həm də maddi baxımdan zərər dəyir. Həmçinin uşaq varsa, onun da himayədarı ölür. Ona görə də məhkəmə, uşaqların böyüməsi və inkişafı üçün lazım olan məbləği müəyyənləşdirib, kompensasiya təyin etməlidir. Qanunda nəzərdə tutulub ki, zərərçəkmişə dəymiş zərərin aradan götürülməsi üçün yardım göstərmək cəzanı yüngülləşdirən bir haldır. Nə qədər yüngülləşdirdiyini isə məhkəmə müəyyənləşdirə bilər. Adətən avtoqəza ilə bağlı araşdırma 3, ya da 4 ay davam edir. Əgər şəxsin 16 yaşı varsa, o, tam məsuliyyət daşıyır. Cinayəti törədən şəxs cəzasını 18 yaşına qədər xüsusi qapalı müəssisədə, qalanını isə ümumi rejimli kolonda çəkir”.

Həmçinin oxuyun

Səməd Seyidov: Paşinyan son vaxtlar çox təhlükəli yol tutub

İşğalçı və təcavüzkar dövlət olan Ermənistanın Baş naziri Nikol Paşinyan son zamanlar Dağlıq Qarabağ münaqişəsi ilə …

Bir cavab yazın