Ana səhifə / Siyasət / “Ola bilər 4-5 bal gücündə zəlzələ olsun, amma qorxmayın”

“Ola bilər 4-5 bal gücündə zəlzələ olsun, amma qorxmayın”

“Ölkənin şimal-qərb bölgəsində baş vermiş güclü zəlzələnin gücü 5,9 bal təşkil edib”.

Bunu bu gün keçirdiyi mətbuat konfransında AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetimişli bildirib.

Virtualaz.org saytının müxbiri xəbər verir ki, Q.Yetirmişli seysmoloji proseslərin xidmət tərəfindən diqqətlə izləndiyini deyib: “Şəki seysmik stansiyasında əlavə cihazlar quraşdırılıb, proseslər izlənib. Bu ərazi seysmoloji aktiv bölgədir. İlin əvvəlindən bəri o bölgədə mütəmadi zəlzələlər olur. Son yeraltı təkanlar isə güclü oldu. Zəlzələ Oğuz, Qəbələ, Mingəçevir, Ağdaş, Göyçay və Yevlaxda da qeydə alındı. Zəlzələ Naxçıvan və Lənkəranda da hiss olunub”.

Mərkəzin direktoru bildirdi ki, sonun yeraltı təkanlar zamanı zəlzələ qırılmaları Ələtə qədər olub. Bir hissəsi Lənkərana, digər hissəsi isə Naxçıvana gedir. Digər bölgələrdə də seysmoloji gərginlik var.

Q.Yetimişlinin sözlərinə görə, ilin sonuna kimi tədqiqatlar aparılacaq: “Çünki zəlzələ ocağının sönməsi vaxt tələb edir. Təkanlar zəif də olsa olacaq. Ocaq ümumi fon səviyyəsinə düşənə kimi vaxt keçməlidir. İndiyədək 50-dən çox zəif təkanlar baş verib. Ola bilsin ki, yenidən 4 və ya 5 bal gücündə zəlzələ olsun. Amma əhali qorxmasın, güclü zəlzələ baş verməyəcək. Fəsad törədəcək zəlzələnin başvermə ehtimalı azdır. Bu zəlzələ digər ocaqları da oyada bilər. Lakin indi yer göstərmək doğru deyil. Bununla belə Şamaxı ərazisi həmişə yüksək aktiv ərazi olub”.

Bu il ölkədə 3128 zəlzələnin qeydə alındığını vurğulayan Q.Yetirmişli bildirdi ki, hazırda bəşəriyyət qarşısında iki problem var: “Biri zəlzələni proqnozlaşdırmaq, digəri əhalini məlumatlandırmaqdır”.

Onun sözlərinə görə, yaşayış binaları tikilərkən Seysmoloji Xidmətə rəsmi şəkildə müraciət olunur: “Bakı şəhərində zəlzələ imkanları hesablanır. Rəy verilir, tikinti işləri də ona əsasən aparılır. Ona görə də Bakıda 8-9 ballıq binalar var. Bölgələrdə bunu nəzərə almırlarsa, tələfat olur”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın