Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Siyasət / “Oğlum mühacirətə getməyib, mayda qayıdacaq”

“Oğlum mühacirətə getməyib, mayda qayıdacaq”

Mehriban Zeynalova: “Sərbəst fotoqraf olan oğlumun hansısa ölkəyə getməsini bu cür yozanların məqsədi mənə ziyan verməkdir”

“Mənim övladlarım Vətənini sevən və ona bütün qəlbi ilə bağlı olan insanlardır”. Bu sözləri Musavat.com-a açıqlamasında İnsan Alveri Qurbanlarına Kömək Fondunun sədri Mehriban Zeynalova deyib. 
Bu günlərdə bəzi saytlarda M.Zeynalovanın oğlu Xalid Zeynalov və onun həyat yoldaşı Aysel Zeynalovanın Azərbaycanı 2016-cı ilin avqust ayında tərk edərək Almaniyaya yerləşməsi barədə məlumat yayılıb.
Məlumata görə, Xalid Zeynalov Almaniyada yaşamaq üçün sığınacaq istəyib və bundan sonra o bir müddət sığınacaqda yerləşdirilib. Xəbəri yayan saytlar eyni zamanda X.Zeynalovun “Facebook” sosial şəbəkəsində mövcud olan səhifəsində paylaşdığı tənqidi xarakterli statuslardan da sitatlar gətirib və onu kopyalaraq təqdim edib. O statuslardan birində “Azərbaycan hərbi hissə kimi yerə dönür, camaat da vaxtını öldürmək üçün başqa ölkələrə qaçır” tipli fikirlər var və yazıda həm də ona istinad edilib.
M.Zeynalova isə bildirib ki, onun oğlunun 30 yaşı var, ailəlidir və sərbəst fotoqraflıqla məşğul olur. Müsahibimizin sözlərinə görə, X.Zeynalov məhz bu səbəbdən hazırda Almaniyadadır: “O, bundan əvvəl də başqa ölkələrdə olub, yaşayıb. Maraqlananlar araşdıra bilərlər ki, Xalid bundan əvvəl Dubayda da, Rusiyada da yaşayıb və fotoqraflıqla məşğul olub. Bu, yaradıcı sahədir və fotoqraflıqla məşğul olan şəxslər daim axtarışlarda, səfərlərdə, yenilik arxasınca olur. O, sərbəst, öz ailəsi, müstəqil qərarlar verəcək zəkası olan adamdır. Ona necə demək olar ki, sən işinlə məşğul olmaq üçün xarici ölkəyə getmə? Oğlum öz peşəsi ilə tanınmaq, bu sahədə uğur qazanmaq istəyir”.
Müsahibimiz xatırlatdı ki, onun qızı da İngiltərədə ərdədir və orada yaşayıb çalışır. M.Zeynalovanın sözlərinə görə, hər xarici ölkəyə gedənə “mühacir” demək, sığınacaq istədiyini iddia etmək olmaz: “Oğlum may ayında qayıdacaq. Gələndə də çəkdiyi şəkilləri hamıya nümayiş etdirəcəyik. Onda görünəcək ki, o, bu müddət ərzində harada və nə işlə məşğul olub. 30 yaşında, ailəli, yaradıcılıqla məşğul olan insana anası müdaxilə edə bilməz. Fotoları, yaradıcılığı ilə həyatda bir yerə gəlmək istəyir. Bunu başqa yerə yozmaq nəyə lazımdır?”
M.Zeynalovanın sözlərinə görə, bu informasiyaların yayılması məqsədlidir və ona qarşı qərəz məqsədi daşıyır: “Bunu mənim işdən çıxmağımda maraqlı olan şəxslər yayıblar. Yazını oxuyan kimi də görürsən ki, heç bir fakt yoxdu ortada. Sadəcə fərziyyə və qaralama kampaniyası. Yazıda məqsəd budur. Kim nə alıb, yazıb, özü bilər. Lap mən də işdən çıxarıla bilərəm. Amma yazılanlar həqiqət deyil. Mənim bu ölkəyə qarşı nə xəyanətim, nə də qüsurum olub. Heç kim narahat olmasın. Mənim övladlarım da Vətənini, millətini sevən insanlardır. Bu yalan informasiyanı buraxanların məqsədi mənə ziyan vurmaqdır”.
Musavat.com xatırladır ki, M.Zeynalova DİN-in İnsan Alveri Qurbanlarına Kömək Fondunun sədri təyin edilib.

Həmçinin oxuyun

Paşinyandan məğlubiyyət etirafı: “Qarabağı itirdik…”

“Çox istəyən azdan da olar”. Bu müdrik Azərbaycan atalar məsəli Ermənistan və onun toplumunun hazırkı …

Bir cavab yazın