Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Oğlu gəlini tərəfindən şərlənib, həbs olunan ata ədalət istəyir – VİDEO, FOTOLAR

Oğlu gəlini tərəfindən şərlənib, həbs olunan ata ədalət istəyir – VİDEO, FOTOLAR

Binəqədi rayon sakini Cəlil Nəsirov, oğlu Nicat Nəsirovun həyat yoldaşı tərəfindən şərlənərək, haqsız yerə həbs edilməsindən şikayətçidir. 
 
Bununla bağlı “Yeni Müsavat”a müraciət edib, problemini ictimailəşdirməyə çalışan Cəlil Nəsirov deyir ki, aralarında narazılıq yarandıqdan sonra gəlini Şəbnəm Nəsibova öz ərindən polisə şikayət edərək, onu mütəmadi olaraq, zorladığını bildirib. Bunun üzərinə məhkəmə Nicat Nəsirova 6 il həbs cəzası verib. 
Şikayətçi Cəlil Nəsirov başlarına gələnləri belə danışır:“2012-ci ildə oğlum Nicatla Şəbnəm Nəsibova tanış oldu, bir müddət keçəndən sonra nişan taxıldı, sentyabrın 2-də toylarını elədik. Qısa müddətdən sonra ailədə söz-söhbət yaranmağa başladı və qızın atası Tofiqlə, anası Sahibəni çağırdıq ki, qızınızı başa salın, belə hərəkətlərə yol verir. Gecə saat 2-nin yarısında qızlarını da götürüb, öz evlərinə apardılar. Dekbarın 24-nə qədər qız atası evində qaldı. Dekabrın 24-də isə gətirib, qızı bizdə qoyub, qaçdılar. Mən qızın bizdə qalmasına nə qədər etiraz eləsəm də, bizdə qoyub, getdilər. Dedilər ki, bu gecə qız sizdə qalmasa oğlunuzu polisə verib, həbs etdirəcəyik. 2013-cü ilin yanvar ayının 7-ə kimi qız bizdə qaldı. Oğlumla bir dəqiqə belə bir otaqda qalmayıblar. Mən, oğlum Nicat, qardaşım, qardaşım oğlu, qaynım və Şəbnəm həmin gün evdə olmuşuq. Səhərə qədər yatmadıq. Səhəri gün oğlum Nicat komaya düşdü və 26 saatdan sonra ayıldı. Şəbnəm bizdə qaldığı üçün oğlum evdən çıxıb getdi və bir həftə, yəni yanvar ayının 7-ə kimi evdə olmayıb. Ancaq sən demə, qızın ailəsinin onu bizdə saxlamaqda məqsədi başqa imiş…”
Şikayətçi deyir ki, yanvarın 7-də qızın anası gəlib, Şəbnəmi aparır və ayın 8-də Binəqədi Rayon Prokurorluğuna zorlama maddəsi ilə ərizə verir: “Şikayət etdilər ki, guya Nicat Nəsirov mütəmadi olaraq, Şəbnəm Nəsibovanı zorlayırmış. Qızın bizim evdə olmadığı tarixlərdə zorlanma maddəsi ilə cinayət işi açdılar və Nicatı 6 il müddətinə həbs etdilər. Hər iki məhkəmədə – Ağır Cinayətlər üzrə Məhkəmə və Apelyasiya Məhkəməsində qərar qüvvədə saxlanıldı. Heç bir istintaq getmədən, heç bir şahid dindirilmədən qərar verildi. Qızın ailəsi isə şikayət ərizəsini dəyişdirmək üçün məndən ev tələb etdi. Əgər zorlanma faktı var idisə, onlar niyə məndən ev istəyirdilər? Getdik bir yerdə, Şəbnəm özü 4 evə baxdı. Sonradan belə qərara gəldilər ki, ev almaq əvəzinə mənim yaşadığım evi onların adına keçirim. Və bundan sonra Şəbnəm ərizəsini dəyişsin ki, oğlumla münasibətləri hər ikisinin razılığı əsasında olub. Ancaq oğlum onların bu təklifi ilə razılaşmadı və ona cinayət işi açıldı, mart ayının 8-də Nicatı həbs etdilər. Ancaq həmin ayın 15-də zaminə buraxdılar. 2014-cü il fevral ayının 23-də prokuror yenidən qərardan imtina etdi və Nicatı mütəmadi zorlama maddəsi ilə həbs etdilər. Yəni, bu insan mənim evimdə olmadığı halda, mənim oğlum onu necə zorlaya bilərdi. Təəccüblüsü odur ki, şahid qismində qızın anası dindirilir. Anası həmin vaxt bizim evdə olmayıbsa, qızının zorlanmasına necə şahidlik edə bilər? Ekspertizanın rəyində yazılıb ki, ayağında qançır izləri var. Dekabrın 24-də zorlanma ehtimalı təyin olunub. Dekabrın 24-də 6 nəfər bizim ailəmiz, 5 nəfər də qızın ailəsindən bizim evdə olublar. 11 nəfərin olduğu evdə zorlama necə ola bilər? Ondan əvvəl də Şəbnəm  atası evində olub. Məhkəmə qərarında isə deyilir ki, guya toydan sonrakı müddət ərzində qeyri-təbii cinsi əlaqə, zorlanma olub. Əgər bu insan həmin müddətdə atasının evində olubsa, mənim evimdə olmadığı halda, mütəmadi zorlanma maddəsi necə qoyulur?”
Cəlil Nəsorov indi həm ədalətin bərpa edilməsi, həm də oğlunun səhhəti üçün narahatdır: “Bu gün oğlum həbsxanadadır. Epilepsiya xəstəsi olduğundan gün ərzində bir neçə dəfə qıcolma baş verir, ayaqları işləmir, müalicə alır və mütəmadi olaraq, dərman içir. Bu fakt araşdırılsın, şahidlər dindirilsin, əgər mənim oğlum bu məsələdə həqiqətən təqsirkardırsa, mən onun ömürlük həbs olunmasına razıyam. Ancaq olmayan şeyi mənim oğlumun boynuna qoyub, niyə haqsız yerə 6 il həbs etməlidirlər? Qız da hər yerdə deyir ki, oğlanı mən həbs etdirmişəm, düz də eləmişəm, atasını da həbs etdirəcəyəm ki, onların evi mənim olsun. Şəbnəmə bizim evdə yaşamaq hüququ veriblər, 10 gündən bir gəlib, bizi hədələyib, gedir ki, sizi bu evdən çıxartdıracağam”.
Şikayətçi deyir ki, bu maddə ilə həbs olunan insana əfv də düşmür: “15 gün öncə bizə gəlmişdilər və bildirdilər ki, əgər evi bizə verməsəniz, Nicatı içəridə öldürəcəyik. Olmayan bir şeyi sübuta yetirib, oğlumu həbs etdirən ailədən mən bunu da gözləyirəm. Ona görə də, xahiş etmişəm ki, oğlumun yanına heç bir ziyarətçi buraxılmasın. İndi oğlumun həyatı üçün də narahatam.
2015-ci ilin mart ayında Ali Məhkəmədə Ənvər Şəbiyevin sədrliyi ilə gəlinin bizdə yaşamaq hüququyla bağlı məhkəmə keçirildi. Aprelin ayında ona yaşamaq hüququ verildi. Əgər belə bir cinayət varsa, qız niyə bizdə yaşamaq üçün dəfələrlə məhkəməyə müraciət edir?”
Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı bütün aidiyyatı qurumlara müraciət etsə də, heç bir cavab ala bilməyib: “Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, bir neçə millət vəkilinə yazmışam, ancaq heç bir nəticə yoxdur. İndi aidiyyatı qurumlardan ədalət istəyirəm. Xahiş edirəm ki, tibbi ekspertiza təyin etsinlər, şahidlər dindirilsin, ədalətli qərar çıxartsınlar”.
Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.
 



Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın