Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Siyasət / “O icra başçısı elə bu gün həbs olunmalıdır!“ – Partiya sədri

“O icra başçısı elə bu gün həbs olunmalıdır!“ – Partiya sədri

Bu gün sosial şəbəkələrdə Tərtərin icra başçısı Müstəqim Məmmədovla bağlı videogörüntü yayılıb. Kadrlardan icra başçısının vətəndaşla kobud rəftar etdiyi aşkar şəkildə sezilir. Dövlət başçısının dəfələrlə xəbərdarlıq etməsinə, hüquq mühafizə orqanlarının sərt tədbirlər görməsinə baxmayaraq, yerli icra strukturlarına rəhbərlik edən şəxslər hələ də vətəndaşlarla münasibətlərdə kobudluq etməkdən çəkinmirlər.

Maraqlıdır, icra başçıları edilən xəbərdarlıqlardan niyə nəticə çıxarmırlar?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qeyd edib ki, bu şəxslərin hamısı Ramiz Mehdiyevin kadrlarıdır:

“Bu gün Müstəqim Məmmədov kimilər dövlət başçısının gördüyü işlərə kölgə salmaq üçün min bir hoqqadan çıxırlar. Onlar milləti, xalqı dövlətdən narazı salmaq üçün hər cür yola əl atırlar. Cənab Prezident dəfələrlə, “Sizi göndərirəm, gedib xalqın xidmətçisi olun”,-deyib, bunlar isə xalqın xidmətçisi yox, xalqı soyan tərəf olur. Mən də həmin videoya baxmışam, onlar cinayətkardır deyə insanlara şəkil çəkməyə imkan vermirlər. Təhlükəsizlik orqanları nə qədər onların qoluna qandal vursa da, faydası yoxdur, görünür, bunların arxasında dayanan adamlar  onlara, “Qorxmayın, həbsxanada yaxşı yaşayacaqsınız, işlərinizi oradan idarə edəcəksiniz”,-deyirlər”.

Partiya sədri davranış qaydalarını bilməyən, rüşvət və korrupsiyaya meyil edən məmurların təcili həbs edilməli olduğunu vurğulayıb:

“Bu baş vermədikcə millət dövlətdən narazı qalır. Prezidentin sonuncu çıxışlarını dinləyib nəyi necə etməli olduqlarını öyrənsinlər. Onlar verilən tapşırıqları yerinə yetirmir, saymamazlıq edirlər, çünki ümid yerləri var. Hər halda məsələ ciddi şəkildə lazımi yerə çatdırılmalıdır. Camaatı bu qədər narazı salmaq olmaz. Çünki dama-dama göl olur, bu qədər narazılıq yığılıb sonda partlayışa səbəb olacaq. Dövlət başçısının əleyhinə gedən adamın o vəzifədə nə işi var? Bu baxımdan Müstəqim Məmmədov elə bu gün vəzifədən azad edilərək həbs olunmalıdır. Var-dövləti də xalq üçün xərclənməlidir. “Oğru məmurlar” Fondu yaradılmalıdır, məmurlardan toplanan vəsait oraya köçürülüb qazilərimizə, şəhid ailələrinə, müharibə veteranlarına, işğaldan azad edilən ərazilərdə quruculuq işlərinə sərf edilməlidir”.

Həmçinin oxuyun

“Bu insanın sivil dünya ilə heç bir əlaqəsi yoxdur”

“Prezident Baydenlə Putinin heç bir əhəmiyyət kəsb etməyən görüşü başa çatdı”. Bunu Azərbaycan parlamentinin eks …