Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / “O aksiyaya sadə xalqın heç bir siyasi ambisiyası olmayan nümayəndələri də qatılmışdı…”

“O aksiyaya sadə xalqın heç bir siyasi ambisiyası olmayan nümayəndələri də qatılmışdı…”

Oktyabrın 19-da Azərbaycan paytaxtında baş vermiş, hökumət qurumları tərəfindən  sanksiyalaşdırılmamış və müəyyən zorakılıq hallarıyla müşayiət olunan etiraz aksiyası cəmiyyətdə iqtidar-müxalifət münasibətləri, rəhbərlikdə baş verən son kadr  və struktur islahatları barədə müxtəlif fikirlər yaradıb. 
Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibov Moderator.az-a qısa açıqlamasında  bəhs edilən mövzuda öz dəyərləndirmələrini çatdırıb:
“Əvvəla, onu deyim ki, regionun və dünyanın mövcud durumunda mən heç bir vəchlə ölkədə hansı tələblə olursa-olsun, icazəsiz, sanksiyalaşdırılmamış aksiyaları dəstəkləmirəm. Bu acı təcrübəni biz bir dəfə 1991-1992-ci ildə yaşamışıq…  
Konkret 19 oktyabr etiraz aksiyasına gəldikdə, bunu bütövlükdə müxalifətin və xalqın adına yazmaq doğru deyil. Bu, müxalifət düşərgəsindəki bəzi qrupların aksiyası idi.  Lakin müşahidələr göstərir ki, həmin aksiyalarda sadə xalqın  heç bir siyasi ambisiyası olmayan nümayəndələri də iştirak edirdi. Onların tələbi sırf sosial problemlərlə bağlı idi…”- söyləyən eks-prezident iqtisadi problemlərə də toxunub. 
A.Mütəllibov daha sonra  deyib: 
“Bəli, ölkədə müəyyən iqtisadi çətinliklər var, bunları danmaq olmaz. Və yəqin ki, həmin problemlər də getdikcə öz həllini tapar.  Onu da qeyd etmək lazımdır ki,  iqtisadi çətinliklər müəyyən qədər ölkədəki korrupsiya halları, məmur özbaşınalıqlarıyla bağlı olsa da, daha çox dünyada son onilliklərdə baş verən iqtisadi böhranın təzahürləridir. Bir daha əminliyimi bildirirəm ki, ölkə başçısının son kadr və struktur islahatları yaxın zamanda özünü göstərər  və sadə Azərbaycan vətəndaşlarının sosial problemləri də öz həllini tapar…”
Keçmiş ölkə rəhbəri demokratik cəmiyyətdə daha çox sağlam düşüncəli müxalifətə ehtiyac olduğunu vurğulayaraq son etiraz aksiyasındakı zorakılıq hallarını da pisləyib: 
“Onu  da qeyd edim ki, müxalifət düşərgəsində də kifayət qədər sağlam düşüncəli, praqmatik insanlar var. Əgər demokratik cəmiyyətdən, demokratik qanunlardan, demokratik islahatlardan danışırıqsa, əlbəttə, bunları müxalifətsiz təsəvvür etmək mümkün deyil.  Amma  bir var, ölkənin, xalqın müəyyən problemlərindən yalnız öz qrup məqsədləri üçün istifadə edən müxalifət, bir də var ki, hər şeyə şüurlu, düşünülmüş şəkildə yanaşan sağlam müxalifət. Ona görə də Azərbaycanın sağlam düşüncəli müxalifət nümayəndələri son aksiyanı dəstəkləmədi. Amma aksiya razılaşdırılmamış olsa da, orada polis tərəfindən yol verilən müəyyən zorakılıq halları, jurnalistlərin, qadınların, yoldan keçən təsadüfi vətəndaşların döyülməsi də bəyənilən hal deyil. Mən özüm də heç vaxt zorakılıq tərəfdarı olmamışam…” 
“Yenə də onu vurğulamaq istərdim ki, 19 oktyabr aksiyasını bütövükdə hansısa müxalif lideri dəstəkləyən ümumxalq etirazı kimi anlamaq da doğru deyil. Bu, sadəcə, öncə dediyim kimi, bir qrup müxalifət nümayəndəsinin iqtidara etirazı və bundan istifadə edərək öz tələblərini səsləndirmək fürsəti tapmış ayrı-ayrı sosial problemli vətəndaşların  aksiyası idi. Ümumiyyətlə, vətəndaşların maddi, sosial problemlərindən yararlanaraq xalqı güc qurumlarıyla qarşıdurmaya, xaosa təşviq etmək qətiyyən doğru deyil. Bu cür qarşıdurmalara getmək olmaz… 
Onu da əlavə edim ki, son günlər cəmiyyətdə belə fikirlər səslənir ki, guya son iqtisadi,  kadr və srtruktur islahatları birbaşa müxalif qrupların təşkil etdiyi etiraz aksiyalarının təsiri və nəticəsidir. Yəni guya prezident həmin radikal etirazların sayəsində məcbur olub islahatlara getdi.  Bu, tamamilə yanlış mövqedir, xalqın fikrini yanıltmaq, insanları növbəti qarşıdurmalara təşviq etməkdir.  Biz problemləri mümkün qədər təmkinli, sivil yollarla həll etməyə çalışmalı, regionda və dünyada baş verən ziddiyyətli hadisə və proseslər fonunda müstəqil dövlətçiliyimizi qoruyub saxlamalıyıq…” – deyən sabiq dövlət başçısı cəmiyyəti səbir və təmkinə səsləyib.

Həmçinin oxuyun

Pravoslav kafedral kilsəsinin keşişi: “Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil”

Torpaqlarımızın azad olunacağı günü çoxdan gözləyirdik. Çox xoşbəxtik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandana təşəkkür …