Çərşənbə axşamı , May 18 2021
Ana səhifə / Siyasət / Nüvədi kəndi ilə bağlı verilmiş xəyanətkar fərmanın ləğv edilməsi tələb olunur

Nüvədi kəndi ilə bağlı verilmiş xəyanətkar fərmanın ləğv edilməsi tələb olunur

“İrəvan Türk Cümhuriyyəti Zəngəzurla bağlı bütün gəlişmələri diqqət mərkəzində saxlayır və burada baş verən siyasi prosesləri izləyir. Bizim üçün əsas prioritet Zəngəzurun Qərb hissəsinə zaman- zaman buradan qanunsuz şəkildə çıxarılmış əhalimizin dönüb yaşamasıdır. Hüquqi mücadiləmizi də bu istiqamətdə aparırıq”. Bu sözləri İTC Millət Şurasının sədri, professor Qafar Çaxmaqlı demişdir. O əlavə etmişdir ki, “Zəngəzurun bir parçası olan Nüvədi kəndi ilə bağlı həssaslığımız da bununla əlaqədardır. Ermənilər bu kəndi dağıdır, bütün maddi mədəniyyət abidələrimizi məhv edirlər. Bir an öncə Nüvədi ilə bağlı verdiyimiz bəyanat doğrultusunda bütün məsələlər həll edilməlidir. Bir ay əvvəl verdiyimiz bəyanatdan sonra 500 nəfərdən artıq nüvədili bizə müraciət etmişdir. Onlar 1929-cu il Nüvədi kəndinin Ermənistana verilməsi və bunun təsdiqi ilə bağlı Azərbaycan SSR Ali Sovetinin 7 may 1969-cu il tarixli xəyanətkar fərmanının ləğv edilməsini istəyirlər”.

İTC Millət Şurası adından Azərbaycan Respublikası Milli Məclisin sədrinə yazılmış və təqdim olunmuş Müraciətin mətnini təqdim edirik.

Azərbaycan Respublikası Milli Məclisinın sədri Sahibə xanım Qafarovaya

Hörmətli sədr!

Bu bir tarixi gerçəkdir ki, XIX əsrdən başlayaraq erməni şovinistlərinin Azərbaycan xalqına və Azərbaycan dövlətçiliyinə qarşı apardıqları düşmənçilik siyasəti və cinayətkar əməllər azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarından soyqırıma uğradılaraq təqib olunmalarına, qətlyamlarına, qovulma və tamamilə deportasiya olunmalarına gətirib çıxarmışdır. Nüvədi kəndi mənfur erməni siyasətinin sonuncu qurbanı olmuşdur. Uzun müqavimətdən sonra 1991-ci ilin 7 avqustunda ulu öndərimizin təbirincə, qəhrəman nüvədililər də öz doğma yurdunu tərk etmək məcburiyyəti qarşısında qalmışlar. Öz ata-baba torpaqlarını tərk edib Azərbaycan Respublikasında məskunlaşmağa məcbur olmuş Nüvədi kəndinin sakinləri İrəvan Türk Cümhuriyyətinin Millət Şurasına müraciət etmişdir. Onlar bildirirlər ki, onsuz da viran edilərək xarabazara çevrilmiş Nüvədi kəndini erməni vandalları son günlər yenidən dağıtmağa girişmiş, belə ki, tarixi abidələri, yaşayış evlərini, hətta qəbirləri belə bulduzerlərlə kürüyərək düpbədüz edir, kəndin son qalıqlarını da yox etməyə çalışırlar. Vəhşi ermənilərin bu iyrənc əməlləri nüvədililəri haqlı olaraq hiddətləndirmiş və onları durdurmaq üçün İTC-dən bu vandalığı ictimailəşdirməyi xahiş etmişlər.

Azərbaycanın inzibati-ərazi vahidlərindən biri olan Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Azərbaycan Respublikasının Cəbrayıl qəzasına aid idi. Kəndin Ermənistana hər hansı aidliyi olmamışdır. Lakin Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları Sovetlərinin Mərkəzi Komitəsinin Rəyasət Heyəti 18 fevral 1929-cu il tarixli iclasında Nüvədililərin rəyini soruşmadan, qanunsuz qərar qəbul edərək Nüvədi kəndini Azərbaycan SSR-nin Cəbrayıl qəzasından ayıraraq Ermənistan SSR-nin Mehri qəzasının inzibati idarəetməsinə vermişdi. Bu ədalətsiz qərar uzun müddət təsdiqlənməmiş, lakin fitnəkar düşmənlərimizin məkrli tərtibləriylə 26 noyabr 1968-ci ildə Azərbaycan KP MK-nın Bürosunda baxılmış və Azərbaycan SSR Ali Sovetinin 7 may 1969-cu il tarixli xəyanətkar fərmanı ilə təsdiqlənmişdi. Bildiyiniz kimi, 18 oktyabr 1991-ci ildə qəbul edilən Müstəqillik haqqında Akta uyğun olaraq Azərbaycan Respublikası 1920-ci ildə sovet Rusiyası tərəfindən işğal olunan və ərazisi 114 min kv. km olan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisidir. Bu baxımdan da sovet işğalı dönəmində heç bir referendum keçirmədən, Azərbaycan xalqının iradəsinin ziddinə olaraq Ermənistana bütün torpaqların qanınsuz verildiyini və onların geri istənilməsinin tam əsaslı olduğunu hesab edirik! Cənab sədr! Yüz minlərlə Azərbaycan Türkünü vəhşicəsinə qətl edən, bir sözlə son yüz ildə Azərbaycan xalqına qarşı, bütövlükdə Türk millətinə qarşı misli görünməmiş soyqırım torədən erməni vandalları indi də təbiətimizi, kəndlərimizi və qəbirlərimizi soyqırıma uğradır. Bu məsələyə dərhal münasibət bildirməyi zəruri edən hallardan biri də odur ki, hal-hazırda Nüvədi kəndini məhv edən texnika hələ də ordadır və bunu sübut edən fotoşəkilləri də müraciətə əlavə edirik. 1969-cu ildə Nüvədi kəndinin Ermənistana verilməsinə dair Azərbaycan SSR Ali Sovetinin qərarını qanunsuz hesab edir və Sizi, o qərarı müzakirə etməyə və onu ləvğ etməyə çağırırıq. Erməni vandallığını təsbit edən bu faktın dünya birliyinin diqqətinə çatdırılmasında Sizin qəbul edəcəyiniz qərarın necə böyük əhəmiyyət daşıyacağını və Azərbaycanın haqlı movqeyini bir daha gücləndirəcəyini bildiririk. Sizə öncədən təşəkkür edir və hər zaman Azərbaycan dövlətininin yanında olacağımızı və bütün milli məsələlərdə dəstək verəcəyimizi ifadə edirik. Zəngəzura dönmək üçün ilk addım kimi Nüvədi kəndinin Ermənistana verilməsi ilə bağlı 1929-cu il qərarı ləğv edilməlidir. Əvvəlcədən təşəkkürümüzü bildiririk. Hörmətlə, İrəvan Türk Cümhuriyyəti Millət Şurasının Sədri Qafar Çaxmaqlı Qeyd: Müraciətə Nüvədi kəndinin keçmiş sakinləri olan 500 nəfərin imzaları da əlavə olunmuşdur.

Həmçinin oxuyun

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığa dair plan imzalandı

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2021-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb. Bu barədə …