Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Novruz turlarının qiyməti “əl yandırır”

Novruz turlarının qiyməti “əl yandırır”

Məmməd Əliyev: “Avropa, Dubay istiqamətinə biletlər xüsusilə bahadır”

Novruz bayramına az bir zaman qalıb. Artıq paytaxtda bayram ab-havası sezilməkdədir. Çoxları bayram tədarükü görür. Novruz bayramının ən böyük tonqalı isə hər il olduğu kimi İçərişəhərdə qalanacaq. Bu gözəl bayramdakı qeyri-iş günlərindən səmərəli istifadə edərək baharın gəlişini paytaxtdan kənarda və xarici ölkələrdə qeyd etmək istəyənlərin də sayı kifayət qədərdir.
Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar 8 gün qeyri-iş olacaq. Nazirlər Kabinetinin qərarına əsasən 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən, Novruz bayramında 20 mart bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramında 8 gün – 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixlərində qeyri-iş günü olacaq. Ancaq bu istirahət günlərində turizm şirkətlərinin təklif etdikləri Novruz tur paketləri ilə bayramı paytaxtdan kənarda və ya xarici ölkələrdən birində keçirmək heç də ucuz başa gəlməyəcək. Xüsusən də xarici ölkələrə olan tur paketlərin qiyməti demək olar ki, iki dəfəyədək bahalaşıb.
“FlyTravel” turizm şirkətinin direktoru Məmməd Əliyev Bahar bayramını xarici ölkədə qeyd etmək istəyənlərin əksəriyyətinin biletlərini əvvəldən aldıqlarını dedi: “Avropaya gedəcək şəxslər vizaya görə biletlərini çoxdan alıblar. Novruz bayramını Dubayda, İstanbulda, Antalyada keçirmək istəyənlərin sayı daha çoxdur. Amma bunların içərisində Dubay xüsusən üstünlük təşkil edir. İndi bu istiqamətə turlar çox bahadır. Əksəriyyət biletini alıb. Artıq çox yerlərə heç bilet yoxdur. Hazırda Dubay istiqamətinə 2 nəfər üçün hər şey daxil 3 gecəlik tur 1300 dollardır. Bir ay əvvələ qədər bunun qiyməti indikindən 200-300 dollar ucuz idi. Avropaya üz tutanlar da var. Avropa istiqamətinə biletlər bahadır. Bilet baha olduğu üçün bu istiqamətə gedənlər azdır. Bizimkilər paketləri dollarla verirlər”.
 
M.Əliyev daxili turlara da müraciət edənlərin kifayət qədər olduğunu dedi: “Daxili turlara müraciət edənlər də çoxdur. Daxili turlar çərçivəsində hotellərin hamısı doludur. Qəbələ, Quba, Qusar istiqamətlərinə maraq daha çoxdur. Həmçinin ötən il Şabran rayonunda açılan “Qalaaltı Hotel & Spa” kurortuna üz tutanların da sayı artıb”.
Bu kurort kompleksində bir gün qalmaq 92 manatdır. Burada 7 günlük (həftəlik) paketin qiyməti 758 manat, 2 həftəlik paketin qiyməti isə 1362 manatdır.
“Silkvay” turizm agentliyinin saytındakı məlumata görə Qəbələdə 2 gecə/3 gün “Qafqaz Sport Hotel” 5 ulduzlu oteldə qalmaq, səhər yeməyi, bayram şou proqramı daxil olmaqla 110 manat nəzərdə tutulub. Məbləğ bir nəfər üçün iki nəfərlik otaqda qalmaq şərti ilə hesablanıb. Novruz bayramını Nabranda, Xəzər dənizi sahilinin yaxınlığında yerləşən “River İnn Boutique” qarşılamaq istəyənlərə 180 manata başa gələcək. Hazırkı qiymətlərin martın 19-dan martın 30-dək qüvvədə olduğu qeyd edilir. Bu qiymətə  2 gecə/ 3 gün qalmaq, 20 mart tarixində bayram şousu və şam yeməyi, gündə 3 dəfə qidalanma, simsiz internet xidmətləri, otelin SPA xidmətindən istifadə, fitnes zal, kinozal və uşaq oyun meydançası daxildir. Qiymət 1 nəfər üçün iki nəfərlik otaqda qalmaq şərti ilə hesablanıb.
Həmçinin, Şəmkir – Gəncə – Göy Göl – Gədəbəyə Novruz turu 22 – 24 Mart tarixləri arasında 3 gün / 2 gecə olmaqla 180 manata təklif edilir. Pula nəqliyyat xidməti (komfortlu avtobus), “Şəmkir Excelsior Hotel” də gecələmək, səhər yeməyi, nahar yeməyi, şam yeməyi, ekskursiyalar (Şəmkir, Gədəbəy, Gəncə (Nizami məqbərəsi), Göygöl Milli Parkı daxildir.
Qubanın “Rixos” otelində “Novruz tonqalı” adlı 1 gecə – 2 günlük turun qiyməti isə 139 manatdır. 20 – 23 mart tarixlərində olacaq Qəbələ – Oğuz – Şəki  turu isə 189 manata təklif edilir. Qiymətə “Duyma Hotel”də gecələmək (4 gün 3 gecə), səhər yeməyi, nahar yeməyi, bayram şam yeməyi, Oğuz ekskursiyası, Şəki  ekskursiyası, Qəbələ ekskursiyası, əyləncəli oyunlar (qaliblərə 1 günlük tur hədiyyə), dönüşdə çay süfrəsi, professional tur rəhbəri, foto çəkiliş (şəkillər çəkilib diskdə ödənişsiz təqdim olunacaq), Novruz tonqalı ətrafında şənlik və diskoteka (DJ Performance) daxildir.
Xarici ölkələrə gəlincə isə Kapadokya-Batumi-Tbilisi turu 3 gecə 4 gün olmaqla 215 dollardan başlayan qiymətlərlə təklif edilir. “Silkvay” turizm şirkəti Bahar bayramını Parisdə qarşılamaq istəyənlər üçün bunun 767 avro olduğu bildirilir. Bu pula AZAL ilə birbaşa uçuş, qrup transferi (hava limanı-otel-hava limanı), oteldə yerləşmə və gecələmə, səhər yeməyi, tibbi sığorta daxildir. Turun müddəti isə 5 gecə 6 gündür.
musavat.com

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın