Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / Novella Cəfəroğlu: “İki adam tutulanda az qalırdı, başımıza bomba yağdırsınlar, indi isə…”

Novella Cəfəroğlu: “İki adam tutulanda az qalırdı, başımıza bomba yağdırsınlar, indi isə…”

Dünyanın neoimperialist siyasət yürüdən güclərinin beynəlxalq hüququ istəyəndə ayaqları altına aldığını, özlərinə lazım gələndə başlarına qaldırdıqlarını həmişə yazırdıq. O səbəbdən beynəlxalq hüquq deyiləndə üçüncü dünya ölkələrinə demokratiya və insan haqları adı ilə təzyiqlərdən söhbət gedə bilər.

Azərbaycanı və ayrı-ayrı müstəqil siyasət yürüdən ölkələri sıxışdıran güclər özlərinə çatanda heç bir beynəlxalq hüquq aktına istinad etməyiblər. Məgər ABŞ İraqa, Əfqanıstana daxil olanda beynəlxalq hüquq saymışdı? Rusiya Krımı ilhaq edəndə hansı sənəd ondan tələb edildi? Ona görə Prezident İlham Əliyevin bu məsələlərə çılpaqlığı ilə toxunması son dərəcə vacib idi. Nəhayət ki, imperialist qüvvələrin üzünə bu sözlər sillə kimi deyilməliydi. İndiyə qədər qoşunlarını tam olaraq İraq və Əfqanıstandan çıxarmayan ABŞ, Suriyaya, Liviyaya öz top-tüfəngini soxan müxtəlif güclər beynəlxalq hüquqa tüpürməklə məşğuldurlar. Bu mənada Prezident haqlıdır – beynəlxalq hüquq deyilən anlayış qalmayıb, güclü olanın hökmü hüquqa çevrilir.  ABŞ İraqa əsgərini soxanda BMT, Avropa Birliyi, ATƏT buna etiraz edirdilər. Ancaq bu giley-güzar Vaşinqtonun  vecinə olmadı. Amma indi Azərbaycan Qarabağda antiterror əməliyyatları həyata keçirir, beynəlxalq hüquq dedikləri sənədlərlə təsbit edilmiş işğal edilmiş ərazilərini düşməndən təmizləyir, dünyanın yadına “beynəlxalq hüquq” düşməyə başlayıb.

Prezident xalqa müraciətində bu barədə dediklərini yada salaq: “Baxın, görün indi böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoyurlarmı? Xeyr. BMT Təhlükəsizlik Şurasına məhəl qoyurlarmı? Xeyr. İstədiklərini edirlər, hərə öz yerində, öz tərəfində, biri ora girib, biri bura girib, biri hansısa ərazini bölür. Beynəlxalq hüquqdan əsər-əlamət yoxdur. Biz onda bunu niyə müdafiə etməliyik? Halbuki biz müdafiə edirik, beynəlxalq hüququn kənarında heç bir addım atmırıq. Ermənistan torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik”.

Bəli, supergüclərdən fərqli olaraq, Azərbaycan yenə də beynəlxalq hüquqa riayət edir və müharibəni konvensiyalara uyğun aparır.

Deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, Prezidentin beynəlxalq hüququn tapdanması ilə bağlı ismarışı ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə ünvanlanmışdı. “Amerika Suriyaya, Liviyaya, İraqa, Əfqanıstana girir. Ona söz deyən yoxdur. Prezident də həmsədr ölkələri nəzərdə tuturdu. Çünki dünyada ”meydan sulayan” onlardır. Amerika Suriyada gəlib guya qayda-qanun yaratmaq istəyir, bəs mən öz torpağımı azad edəndə niyə ağız büzürsünüz? Biz terrorçuları ərazilərimizdən qovuruq, bunlar isə hansısa maddələr, bəyanatlar meydana çıxarırlar. Ona görə Prezident soruşurdu ki, beynəlxalq hüquq niyə ancaq bizim üçün keçərlidir?”, – deyə A.Abbas vurğuladı.

Deputat hesab edir ki, heç nəyə baxmaq lazım deyil, irəli getməliyik: “Ordumuz torpaqlarımızı azad edir, şükür ki, silahımız, ərzağımız, qəhrəman hərbçilərimiz və bizi dost bilən dövlətlər var. Qoy həmin ölkələr danışsınlar, Türkiyə, İsrail, Ukrayna, Pakistan kimi bizə dost əlini uzadan dövlətlər də var. Həmçinin Avropa ölkələrində də diplomatiyada udmuşuq. Bu gün Böyük Britaniya tələb edir ki, işğalçı erməni qüvvələri rədd olub Qarabağdan çıxmalıdır. Prezident hər gün dünyanın məşhur telekanallarında sözünü deyir, Azərbaycanın haqq davasını aparır və dediklərinin arxasında kişi kimi dayanır. Mən yarızarafat yazmışdım ki, BMT-nin 4 qətnaməsi havada qalmışdı, artıq yerinə yetirmişik, bu işimizi qurtaraq, həmin təşkilatda başqa ölkələrin icra olunmayan qətnamələrini də reallaşdıracağıq”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu dedi ki, BMT, ABŞ, Avropanın nəhəng dövlətləri beynəlxalq hüququ balaca ölkələr üçün yazıblar: “Təəssüflər ki, onlar üçün beynəlxalq hüquq deyilən dəyər qalmayıb.   Vaxtilə Fransa ”demokratiyanın anası” idi. Lakin bu gün onların bizə münasibəti beynəlxalq hüququ saymamaqdır. Ümumiyyətlə, həmsədr ölkələr guya konflikti həll edən tərəflərdir, amma Ermənistanın tərəfini saxlayırlar. Azərbaycanda iki-üç siyasi fəal tutulanda az qalırdı ki, başımıza bomba yağdırsınlar, indi ermənilər Gəncəni, Bərdəni, Tərtəri terror edir, insanları yatdığı yerdə öldürür, körpələr həyatını itirir, bu qüvvələrin səsləri çıxmır.  “Amnesty İnternational” kimi başımıza müsibət gətirən təşkilatlar haradadır? Görün vəziyyət nə həddə çatıb ki, BMT öz qətnamələrini ortaya çıxarmaq istəmir. Böyük ürək ağrısı ilə dinc insanların ölməsini izləyirəm. Amma beynəlxalq hüquqdan danışanlar heç biri tükünü tərpətmir. Ona görə özümüz müqəddəratımızı dost dövlətlərlə bir yerdə həll etməliyik. Söhbət Türkiyə, İsrail, Pakistan kimi ölkələrdən gedir”.

N.Cəfəroğlu Rusiyanın gözlərini açmalı və Türkiyə ilə regionda müttəfiqlik yaratmalı olduğunu hesab edir: “İsrailin baş naziri Netanyahu deyir ki, Azərbaycanla müharibə aparan dövlətə silah satmıram. İsrail ki müsəlman ölkəsi deyil?! Rusiyanın Türkiyə kimi müttəfiqi var və problemləri həll edə bilərlər. Moskva bunu bilməlidir. Balaca Ermənistanla heç nəyi həll edə bilməz və ermənilərdən ruslara dost olmaz. Rusiya Türkiyə ilə dostluq etməlidir və regionda bu iki ölkənin müttəfiqliyi vacibdir”. Müsavat.com

Həmçinin oxuyun

Pravoslav kafedral kilsəsinin keşişi: “Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil”

Torpaqlarımızın azad olunacağı günü çoxdan gözləyirdik. Çox xoşbəxtik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandana təşəkkür …