Bazar , Yanvar 17 2021
Ana səhifə / Siyasət / Nizami Qocayev yeni vəzifəsi haqda danışdı

Nizami Qocayev yeni vəzifəsi haqda danışdı

Məmməd Zeynalov: “Ora professional kadrın təyinatı vacibdir”
İsmayıllı Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilən Nizami Qocayev Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə İcra İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Məsələyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov münasibət bildirib. Xidmət rəhbəri APA-nın sorğusuna cavabında polis polkovniki Nizami Qocayevin uzun müddət DİN sistemində rəhbər vəzifələrdə çalışdığını, hər zaman dövlətçiliyə, xidməti anda sədaqəti ilə seçilən peşəkar polis zabitlərindən biri olduğunu vurğulayıb: “Bəzi kütləvi informasiya vasitələrində polis polkovniki Nizami Qocayevin tutduğu vəzifədən kənarlaşdırılması barədə yayılan məlumatların heç bir əsası yoxdur. Sadəcə, bundan sonrakı xidmətini ədliyyə orqanlarında davam etdirmək arzusu nəzərə alınıb və o, Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən bu orqanın İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə İcra İdarəsinin rəisi vəzifəsinə təyin olunub”.

Yada salaq ki, artıq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində ötən ilin oktyabrında həyata keçirilən məlum əməliyyatdan sonra qurumun rəhbərliyinə Penitensiar Xidmətin sabiq rəisi Mədət Quliyev təyinat almışdı. Sonradan MTN iki yerə parçalanaraq ləğv olundu və yeni yaradılmış Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə Mədət Quliyev təyin olundu. Həmin vaxtdan Penitensiar Xidmətin rəisi vəzifəsinə kimin təyin olunacağı sualı bir daha aktuallaşdı.

Hazırda Penitensiar Xidmətin rəisi vəzifəsini rəis müavini Hüseyn Əlixanov icra edir. Quba rayonunda anadan olmuş H.Əlixanov ədliyyə sisteminə prokurorluq orqanından gəlib. Bakı Şəhər Prokurorluğunun baş müstəntiqi, Gəncə şəhər prokuroru, Bakı Şəhər Prokurorluğunun daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, Bakı şəhər prokurorunun birinci müavini vəzifələrində qulluq edib, Bakı şəhər prokuroru vəzifəsini icra etmiş, respublika Baş Prokurorluğunun Prokurorluq orqanlarında istintaqa nəzarət idarəsinin rəisi, Bakı şəhər Nizami rayon prokuroru vəzifələrində xidmətdə olub.
2004-cü ildə ədliyyə orqanlarında xidmətə keçib…

Nizami Qocayevin regional icra idarəsindən Penitensiar Xidmətə gətiriləcəyi ilə bağlı iddialara daha bir amil rəvac verir.

O, 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq azadlıqdan məhrum edilib. Həmin dövrdə N.Qocayev Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi adlandırılan qurumun tabeçiliyindəki müəssisələrdən birində saxlanılıb. N.Qocayevin bioqrafiyasında yer alan həmin müddətdə o, qurum rəhbərlərinin verdiyi qərarların icrasının məhkumların həyatına necə təsir etdiyini şəxsi təcrübəsində görüb. Məlumat üçün deyək ki, N.Qocayev məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra dövlət başçısı tərəfindən əfv olunub, bəraət alıb. Bundan sonra yenidən daxili işlər orqanlarına bərpa olunmaqla 2016-cı ilə qədər DİN sistemində qüsursuz xidmət aparıb. Hazırda DTX rəisi postunu tutan Mədət Quliyev də 2006-cı ildən Penitensiar Xidmət adlandırılan qurumun rəhbərliyinə gətirilənə qədər DİN sistemində çalışmışdı…

N.Qocayevin yeni təyinatdan sonra ilk açıqlaması da onun daha böyük vəzifə iddiasında olması ehtimalını gücləndirir. Sitat: “Nə vəzifədir ki? Elə də böyük vəzifə deyil”. Kollektivə təqdim olunmasına gəlincə, N.Qocayev hələlik təqdimatın olmadığını bildirib.(mia.az)

“Yeni Müsavat”ın əməkdaşı Penitensiar Xidmətin rəisi postuna təyinatla bağlı vaxtilə qurumun rəhbəri olmuş Məmməd Zeynalovun fikirlərini öyrənib. M.Zeynalov deyib ki, Penitensiar Xidmətdə qulluq DİN sistemindəki qulluqdan xeyli fərqlənir: “Penitensiar Xidmət spesefik sahədir və rəhbərlikdə səriştəli şəxsin olması vacibdir. Hazırda Mədət Quliyevi həmin postda əvəz edən Hüseyn Əlixanov təcrübəli kadrdır. O, həmin vəzifənin öhdəsindən layiqincə gələ bilər”.

M.Zeynalov hesab edir ki, bununla belə, qurumun rəhbərliyinə kənar şəxsin də gətirilməsini istisna etmir: “Digər şəxsin təyinatı da mümkündür. Həmin şəxs yaxşı təşkilatçı olsa, müavinləri vasitəsilə xidməti normal idarə edə bilər. Ora professional kadrın təyinatı vacibdir. Ölkənin bütün cəzaçəkmə müəssisələri həmin şəxsin verdiyi qərarlardan, idarəçilik bacarığından asılıdır. Nizami Qocayevin hazırda təyin olunduğu bölmə rəhbərliyi ədliyyə sistemində elə də böyük vəzifə deyil”.

M.Zeynalov N.Qocayevin Penitensiar Xidmətin rəisi postuna gətirilmə ehtimalı ilə bağlı bunları deyib: “Nizami Qocayev dustaq olub, oradakı durumu digər rəhbərlərdən fərqli olaraq daha dərindən bilir. Nizami Qocayevin həbsinin qanunsuz olmasını bir kənara qoyaraq həbsdə olduğu müddəti təcrübə kimi də qəbul etmək olar. Penitensiar Xidmətin rəhbərliyi böyük, məsul vəzifədir. Mən deməzdim ki, polisə nisbətən asan vəzifədir. Rayon polis idarəsinin rəisi birbaşa əhali ilə işləyən şəxsdir. Penitensiar Xidmət rəisi isə əhali ilə işləmir, quruma tabe olan müəssisələrdə ən müxtəlif cinayətlərə görə saxlanılan kontingentlə işləməlidir”.

Məmməd Zeynalov Penitensiar Xidmətdə ciddi islahatlar aparılmasının zəruri olduğunu deyib: “Nəhayət ki, qanunlarla işləmək lazımdır. Qanunları kənara qoyub daxili qaydaları rəhbər tutmanın zamanı deyil. Qanun dustağın azad edilməsinə imkan verdiyi təqdirdə, şəxsi istəklə onun həbsdə saxlanılmasına son qoyulmalıdır. Belə neqativlər var və bunlar aradan qaldırılmalıdır”.

M.Zeynalov “daxili qaydalar”ın tətbiqini yeni rəhbərliyin aradan qaldıracağına inanmır: “Bu məsələ Penitensiar Xidmət rəhbərliyini aşan bir məsələdir. İnanmıram ki, yeni təyin olunan rəis bu qaydaları qanunların tətbiqi ilə əvəz edə bilsin. Çünki Penitensiar Xidmətin rəisi icraçıdır və ona yuxarıdan verilən tapşırıqların icrasını təmin edir”.

Həmçinin oxuyun

“Birinci Qarabağ savaşında biz torpaq, Ermənistan isə müstəqilliyini itirdi”

Azərbaycan Birinci Qarabağ savaşında torpaq itirdi, işğala məruz qaldı, müvəqqəti məğlub duruma düşdü. Rusiyanın bütün …

Bir cavab yazın