Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Niyə Ziyalılar Forumunda ən aktiv olan şəxs kimi səssiz oradan getdim?” – ŞOK…

“Niyə Ziyalılar Forumunda ən aktiv olan şəxs kimi səssiz oradan getdim?” – ŞOK…

“Həyatım üçün təhlükəni hakimiyyətin korrupsiyasından olan fikirlərimdə yox, məhz bu müsahibədə olan fikirlərimdə görürəm”

Tanınmış hüquqşünas, 4 iyun Gəncə hadisələrini araşdıran deputat istintaq komissiyasının üzvü olmuş Aslan İsmayılov Moderator.az – a olduqca ilginc açıqlamalarla zəngin maraqlı müsahibə verib.
Onunla söhbətimizin sonuncu hissəsini təqdim edirik:
Müsahibənin əvvəlini bu linkdən oxumaq olar—moderator.az/news/139712.html
 
 
– Buna əminsiniz?
– Bəli, şəxsən onun göstərişi ilə işdən çıxarılmışam. Amma bunlara baxmayaraq mən heç zaman haqqa nahaq deməmişəm. Hesab edirəm ki, həmin dövrdə Elçibəyin atdığı addım ən düzgün addım olub, unutmamaq lazım ki, Elçibəy kefindən çağırmadı Heydər Əliyevi, başqa çarəsi qalmadı və Azərbaycanı qorumaq naminə buna getdi. Elçibəyin halına acımaya bilmirəm. Təsəvvür edirsiniz hakimiyyətdə necə dərəbəylik idi? Mənim mayın 28-də prokuroluqdan çıxıb Prezident Aparatına işə getməyimi də rəhmətlik Həmid Əliyev təşkil etsə də əslində hakimiyyətin intriqalarından qaynaqlanırdı. Ona görə ki, bilirdilər İxtiyar Şirinlə düşmənəm, məni də oraya gətirirdilər ki, respublika prokurorluğu yoxlanılsın və anti- korruspsiya konsepsiyası qurulsun. Şəxsən mənə bu iş tapşırılmışdı, amma vaxt imkan vermədi.
– Tahir Kərimli də bir maraqlı açıqlama verib ki, AXC iqtidarını Rəsul Quliyevlə Abbas Abbasov kimi mafisozlar yıxdı…
– Tahir Kərimli haqqında çox fikir söyləmək olar. Məncə elə AXC iqtidarında ən səmimi adamlaran biri Tahir Kərimli olub. Potensialının, Ali Məhkəmə sədrliyinə layiq olub-olmamasını qoyuram qırağa, amma həmin hakimiyyətdə ən səmimi adamlardan biri o olub. Demək olar ki, AXC hakimiyyətində bir-iki adam haqqında rüşvət epizodu eşitmədim, birincisi elə Tahir Kərimli idi. Elçibəydən və insaf naminə deyim ki, Əli Kərimlinin dəstəsindən başqa AXC iqtidarında hamısının adı rüşvətdə hallanırdı.
– İsa Qəmbər və Pənah Hüseynə qarşı belə bir ittiham bir qədər ağılabatan görsənmir…
– Mən sizə dedim ki, Elçibəy və Əli Kərimli dəstəsi xaric hamısının adı rüşvət qalmaqalında hallanırdı. Mən elə işə gəldiyim gün gördüm ki, Prezident Aparatında iki dəstə var. Bir dəstə Əli Kərimli, o biri tərəfdə isə İsa Qəmbərin dəstəsi başda Arif Hacılı olmaqla. İsa Qəmbərin dəstəsi İxtiyar Şirin idi, Çingiz Qənizadə idi, Arif Hacılı, Pənah Hüseyn idi.
 
– AXC ünlülərinin DTK ilə əlaqələrinin mövcudluğu da zaman-zaman diolə gətirilib…
– Yadınızdadırsa bir ara mətbuatda “Polyaniçkonun uşaqları” ifadəsi hallanırdı. Yəni gənc komsomolçular, DTK-ya qulluq edənlər, bax mən bunun ancaq söz-söhbət olduğuna inanmıram. Hesab edirəm ki, onun arxasında güclü faktorlar var və bu faktorları da Sülhəddin Əkbər bilir. Mən Sülhəddin Əkbəri başa düşürəm. Görünür o, cəmiyyətdə, insanlarımızda milli hərəkata inamı sındırmaq istəmir. Etiraf etmək lazımdır ki, o dövr AXC-nin rolu doğrudan da müsbət və alqışa layiq olub. Unutmaq olmaz ki, AXC təkcə AXC-nin rəhbərliyindən ibarət deyil. AXC on minlərlə fədai, alovlu vətənpərvərin birləşdiyi bir təşkilat idi. Amma bədbəxtlik onda oldu ki, həmin qurumun başına milləti sevənləri qoymadılar, hamısını araladılar. Mən də hesab edirəm ki, bu heç də təsadüfi olmadı. Bu prosesdə DTK-nın əli var idi. Sülhəddin Əkbərsə AXC-dən DTK-ya birinci müavin gəlmişdi. O, kimin kim olduğunu ora gələndən sonra yüzə yüz bilirdi.
– Sülhəddin Əkbər həmin vəzifədə çox az işlədi, heç imkan tapa bildimi arxivlərdə olanların hamısını bilsin?
– Siz nə danışırsınız? O elə vəzifədir ki, ora gəldiyi ilk gün birinci növbədə arxivlərə baxır, görsün kim kimdir.
– Tutaq ki, bir həftəyə, bir aya ölkə miqyası üzrə kimin kim olduğunu bilmək mümkünmü?
– Nə bir ay, bircə günə bilmək kifayət edər. Hamısının məxfi “kliçka”sı var orda. Sülhəddin Əkbər də bunun hamısını bilir və o, ölkədə kimin kim olduğu barədə ən məlumatlı adamlardandır.
– Hətta cəmiyyətdə belə fikirlər də var ki, Sülhəddin ora gələn kimi hərəkat yoldaşlarının sənədlərini oradan götürüb və beləliklə AXC iqtidarının bir neçə ünlü ismi ifşa olunmaqdan qurtula bilib.
– Bir daha deyirəm, Sülhəddin Əkbər hamısını tanıyır, ancaq niyə susur onu bilmirəm. Bildiyim bir şey var ki, nə qədər ki, biz çirkabları ört basdır edəcəyik, özümüz və balalarımız da həmin çirkaba bulaşacaq. Uzun illərdir Sülhəddin Əkbərin fəaliyyətini izləyirəm, onun bu sirrdən faydalanmasını düşünmürəm. Ancaq onun və onun kimilərin bu gün susması millətə vurulan ən ağır zərbədir. Millətini sevən insan, qardaşı belə o siyahıda olsa susmamalıdır. Biz nə vaxtsa təmizlənməli, normal cəmiyyət kimi fəaliyyət göstərməliyik. Siz fikir verin hərəkatda olanlara hamısı ara sıra bir – birinə hədə qorxu gəlir ki, “bax açaram ha!” Bundan başqa, hakimiyyət də ara – sıra bu barədə onlara eyham vurur. AXC-nin ilk günləri orada aparıcı simalardan biri, özü əməliyyatçı, çox məlumatlı və eşitdiyimə görə millətini sevən, DİN sistemində işləyə – işləyə cəbhəyə özünün və dostlarının vəsaiti hesabına silah göndərən Arif Abdullayev adlı biri olub. Naməlum şəraitdə həmin şəxs qətlə yetirildi. Onun qətlini AXC hakimiyyətə gələndə heç araşdırmadı. Niyə?
– Belə çıxır ki, Sülhəddin Əkbər sirr dağarcığı olsa belə danışmaq niyyətində deyil.
– Bəli. Mən yenə də deyirəm, bu illər ərzində ki, mən Sülhəddin Əkbərin fəaliyyətini izlədim, mən onda elə bir gözükölgəlilik görmədim. Amma o, bu günədək niyə danışmır, bu ölkəni ağlar günə qoyanları niyə ifşa etmir, bax onu başa düşə bilmirəm.  Yəni biz saflaşmasaq, bilməsək ki, kim hara və niyə qulluq edir, ağ günə çıxan deyilik. Lap bu həqiqətlərin üzə çıxması milləti xəyal qırıqlığına uğratsa da buna gedilməlidir. Biz bilməliyik ki, kim həqiqətən millətə, kim öz cibinə, kim öz ambisiyasına qulluq edib. Biz bunları bilmədikcə bataqlıqdakı kimi batmaqda davam edəcəyik. Bunların axırı nə oldu bəs? Milli Qəhrəman olan Etibar, Lefortovadan azad olunması üçün milyonlarla imza toplanan bir siyasi lider millətin ümidini bir tikinti biznesinə satdı.
– Ola bilsin bunu öz xoşu ilə etmədi, ola bilsin hakimiyyətin əlində onu tikinti biznesinə yönəldən kompramatlar olub.
– Görün sizə nə deyirəm. Bu hakimiyyətin bir müsbət keyfiyyəti varsa, o da bu məsələdə qızıl qaydaya əməl etməsidir. Çoxları ironiya ilə mənə deyirlər ki, ay Aslan müəllim, axı sənin danışdıqlarının üçdə birini deməyə cəsarət edənləri susdururlar, yaxud başlarına oyun açırlar, bəs nə əcəb sənə bir şey edə bilmirlər? Bircə şeyə görə. Mən heç vaxt bu hakimiyyətdən heç bir tərzdə faydalanmadım. Bu hakimiyyətin bir qızıl qaydası var ki, bu hakimiyyətdən faydalanıb sonradan ona dirsək göstərənlərin hamısını məhv edib və düz də edib. Ona görə ki, əgər çömçə ilə gedib hakimiyyət qazanının yanında durdunsa, özü də fərq etməz ki, balaca çay qaşığıdır və ya yekə çömçə, deməli, sən o qazanın içindəsən. Mənsə heç vaxt o çömçələrə yaxın durmadım. Hesab edirəm ki, bu gün susanların hamısı bu və ya digər formada əli çömçəli, gözükölgəli olanlardır.
– Hətta eləsi də olub ki, çömçəsi də, qaşığı da əlində qalıb, amma o qazandan ona heç nəyi rəva görməyiblər…
– Təbii ki, elələri də var. Bilirsiniz mənim bu danışıqlarım nə üçündür? Hamımız ölüb gedəcəyik. Mən istəyirəm ki, gələcək nəsillər bilsin ki, həyatda kimə və nəyəsə xəyanət edib, intriqabazlıqla uğur qazana bilmərsən. Yəni hər zaman dürüst olmaq lazımdır. İkibaşlı, üçbaşlı olanların son aqibətindən nəticə çıxarmaq lazımdır. AXC dövründə az qala Milli Qəhrəman olanların bu günki aqibəti bir daha onu sübut edir. Bəzən deyirlər ki, siyasət çirkin bir şeydir. Qətiyyən belə deyil. Sadəcə çirkaba bulaşmışlar siyasətin özünü çirkin edirlər. Bu gün Azərbaycan siyasətini 90-cı ildən bu yana çirkaba bulaşa-bulaşa idarə edirlər. Nə qədər ki, siyasətdə olanlar çirkabdan təmizlənməyəcək, o qədər də bu gündə olacağıq. Ona görə də bu gün açıq şəkildə deyirəm, AXC şinelindən çıxmış heç kimi gələcək hakimiyyətə yaxın buraxmaq lazım deyil. Yəni o hakimiyyətdən çıxmış, bütün intriqalarda iştirak etmiş heç kimi növbəti dəfə bu millətin başına oyun açmasına fürsət vermək olmaz. Özü də təkcə hakimiyyətə yox, lap müxalifətə də buraxmaq olmaz. Onların bəziləri bu intriqaları özləri qurublar, sonradan onun qurbanı olaraq bu günə düşüblər. Həmin hakimiyyətin iflasının da kökündə dayanan intriqabazlıq idi. Ya bununla məşğul olublar, yaxud o məktəbi keçiblər. Bu da istər-istəməz həmin insanların şüuruna təsir edir. Niyə mən bu gün REAL-çıların tərəfindəyəm? Yaxud niyə NİDA-çıların tərəfində oluram? Ona görə ki, bunlar həmin çirkaba bulaşmayıblar. Amma indi adını çəkdiyim hər iki təşkilatdan da baxıram ki, içərilərində kiminsə hərəkətində anlaya bilmədiyim bir uyğunsuzluq nəzərə çarpır, araşdıranda görürəm ki, bu şəxs nə vaxtsa ya AXC, ya da Müsavat şinelində olub, yaxud onlarla oturub – durub, həmrəng olmasalar da həmxasiyyət olublar. Mənim AXC və Müsavatla bağlı dediklərim şəxsən tanıdığım və tanımadığım minlərlə vətənpərvər, qorxmaz, həyatını bu yolda məhv eləmiş sıravi üzvlərinə aid deyil. Bu yaşananlar onların faciəsidir. Yüzlərlə insan tanıyıram xalq hərəkatının ilk günlərindən imkanlarını, savadlarını, canlarını xalqın yolunda qurban veriblər, bu gün bir tikə çörəyə möhtacdırlar. AXC rəhbərliyinin ən böyük günahı isə bu millətdə 80-ci illərin sonunda olan mübarizə ruhunu öldürdülər. Məhz bunlara görə bu gün yaşlı nəslin əksəriyyəri müstəqillik, azadlıq, demokratiya, suverenlik sözlərini az qala söyüş, dərəbəylik, özbaşınalıq kimi qəbul edirlər və SSRİ-ni nostalji ilə xatırlayırlar. Mənim üçün bu günki hakimiyyətin ən böyük suçu bu gün baş verən talama, qanunsuzluq deyil. Ən böyük suçları idarəçilikdə gözükölgəliliyi əsas amil götürmələridir. Bu hakimiyyət hamını çirkaba bulaşdırmaqla vəzifə verir. Bu da sonda onların özləri üçün faciə ilə yekunlaşacaq. Elə bu hakimiyyət də arxivlərin açılmasını istəmir, çünki elə özlərinin də adlarının oradan çıxacağına əmindirlər və bu arxivlərdən 23 ildir geninə – boluna istifadə edirlər.
– Necə yəni özləri üçün faciə olacaq?
– Çox asan. Siz fikir verin, Rusiya bölgədə aktivləşən, suverenliyimizə təhdid olan kimi kimlər üzə çıxır, aktivləşir? Bunu görməmək korluqdur. 2012-cü il “Milyarderlər İttifaqı” yaranan kimi və ya bu ərəfədə kölgədə olan kimlər dərhal aktivləşdilər? Rəhim Qazıyev Prezidentə açıq məktub yazdı və dərhal yada düşdü, elə onun yıxdığı hakimiyyətin mətbuatından düşmədi. Elə həmin ərəfədə Surət Hüseynov Rusiyadan Azərbaycana qayıtdı, hansısa QHT yaratdı. Adları artıq silinmiş siyasi fiqurlar özlərini göstərməyə başladılar. Niyə Ziyalılar Forumunda ən aktiv olan şəxs kimi səssiz oradan getdim? Artıq oyunun getdiyini gördüm. Həmin vaxt danışsaydım, bu hakimiyyətin xeyrinə olacaqdı və dərhal “vətənşüvənlər” mənə də satqın damğası vuracaqdırlar. Hələ bu gün də Rüstəm İbrahimbəyovu az qala milli xilaskar kimi görənlər var.
– Sizcə daha kimlər danışmalıdırlar?
– Çoxları. Ancaq danışanlar da var ki, onları “Moderator.az”dan başqa heç kim işıqlandırmır. Elə sizin mətbuatda çox məlumatlı olan, bu illər həm cəbhə bölgəsində, həm də hakimiyyət daxilində baş verənlər barədə bu hadisələrin birbaşa iştirakçısı olan Əzizağa Süleymanovun çoxsaylı, çox mühüm müsahibələri olub. Niyə onu başqaları dindirmir, ondan müsahibə almırlar? Niyə heç kim maraqlanmır ki, necə oldu ki, bir günün içində üç nəfər Rövşən Əliyev, İbrahim Tatıyev və Məmmədvəli Cəfərov Baş Prokurorun müavini oldular? Axı bunlarda tək Rövşən Əliyevdən başqa digər ikisi sıravi müstəntiq olmuşdular və ayrı-ayrı adamlar idi. Onları birləşdirən bircə amil var idi. O da o idi ki, bunlar üçü də DTK polkovniki, Sovet dövrü cəmiyyətin aktivlərinin DTK-ya verbovkası ilə məşğul olan, səhv etmirəmsə, indi ömürlük həbsdə olan Sadıq Əliyevin cinayət işinin istintaqını aparmaları və ondan məlumatlı olmaları idi.
– Sonda demək istədiyiniz və toxunmadığınız məqamlarla bağlı fikrinizi soruşaq…
– Ən azından bu prosesin iştirakçıları olan hamı xatirələr yazmalıdır ki, gələcək nəsillər nəyin yaxşı, nəyin pis olduğunu özləri ayırd edə bilsinlər. Bir də mən həyatım üçün təhlükəni hakimiyyətin korrupsiyasından olan fikirlərimdə yox, məhz bu müsahibədə olan fikirlərimdə görürəm.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın